35,5 ha ərazidə inşa olunan Qarabağ Atçılıq Kompleksi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva KTN-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov və Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verdilər.
Qarabağ dünyada füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə tanınır…
Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan хalq seleksiyası sayəsində bu bölgədə formalaşıb. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq yayılmasında Qarabağın xan zavodlarının əvəzsiz rolu olub. Buna görə də XVIII-XIX əsrlər Qarabağ atçılığının qızıl dövrü hesab edilir. XX əsrdə isə Qarabağ atı cinsinin tariхində ən önəmli hadisə Ağdam atçılıq zavodunun yaradılmasıdır.
Son illər isə dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib. Prezident İlham Əliyevin
- “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr
- “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust
tarixli sərəncamları isə Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı 2017-ci il fevralın 22-də isə bu sahə ilə bağlı daha bir sərəncam imzaladı. Sərəncama əsasən Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” MMC-nin atçılıq kompleksinin tikintisi üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Artıq Qarabağ Atçılıq Kompleksi istifadəyə tam hazırdır.
Qarabağ Atçılıq Kompleksi 35,5 hektar ərazidə inşa edilib.

Ətrafdakı geniş ərazidə yaşıllıqlar salınıb, ağac və dekorativ kollar əkilib. Kompleks mühafizə binası, dezinfeksiya hovuzu, inzibatı bina, doğum şöbəsi, ayğırlar, madyan və gənc atlar üçün tövlələr, qapalı manej, gəzinti sahəsi, çardaq, müayinə otağı, karantin binası, təsərrüfat anbarı, açıq manej, qaçış zolağı, məşq qurğusu, gübrə anbarı və köməkçi qurğulardan ibarətdir. Atçılıq kompleksinin inzibati binasında işçilərin fəaliyyəti üçün ən yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış oldular. Burada Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxıblar.
“Sür-papaq” oyunu hər birində 4-8 idmançının olduğu iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir.
Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.
Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.
Məlumat verilib ki, burada atların daxili orqanlarının müayinəsi, boğazlığın ilkin təyini, sınıq və zədələnmələrin diaqnostikası, yarışlardan əvvəl və sonra, karantin dövründə müayinələrin aparılması, istifadə edilmiş laboratoriya avadanlığının sterilizasiyası, həmçinin seleksiya damazlıq işini aparmaq üçün avadanlıq və alətlər var. Hazırda kompleksdə Qarabağ cinsindən olan 200 at saxlanılır. Onlardan 5-i ayğır, 50-si madyan, 145-i isə gənc atlar və dayçalardır. Kompleksdə 28 mütəxəssis çalışır.
Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki,

2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Sonra Qarabağ atlarından bəhs edən “Sarılar – Qarabağ atının izi ilə” adlı sənədli filmi çəkilib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub. Bir sözlə, kompleksdə yaradılan şərait deməyə əsas verir ki, Azərbaycanın milli sərvəti olan Qarabağ atları hazırda öz keçmiş şöhrətinin qayıdışı dövrünü yaşayır. Həyata keçirilən tədbirlər nəticəsində Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır. Bütün bunların nəticəsində isə atlarımız yenidən beynəlxalq yarış və sərgilərdə uğurla təmsil olunaraq xalqımızın qürur mənbəyinə çevriləcək.