Abşeronda üzümçülük – üzüm sortları

Abşeron üzümçülüyü Azərbaycan üzümçülüyünün tərkib hissəsindən biri olmaqla, bir sıra spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər yarımadanın yerləşdiyi ərazi, torpaq-iqlim şəraiti ilə səciyyələnir. Belə ki, Abşeron yarımadası Xəzər dənizinin qərb sahillərində, Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşir.

İqlimi əsasən mülayim, isti və quru subtropikdir. Respublikanın ən az yağıntılı (200-400 mm) və ən küləkli ərazilərindəndir.

İl ərzində sürəti 21 m/san-yə qədər olan günlərin sayı 30-35 gündən çoxdur. Ərazidə səhra, yarımsəhra landşaftı üçün xarakterik olan boz-qəhvəyi, boz, boz-qonur, şorakətvari boz-qonur, qumsal torpaqlar üstünlük təşkil edir ki, bu torpaqlarda da üzvi və mineral qida elementləri zəifdir. Məhz belə torpaq-iqlim şəraitində üzümlüklərin salınması və becərilməsinin bir sıra özünəməxsusluğu formalaşmışdır. Bunlar aşağıdakılardır:

1. Üzüm tənəkləri respublikanın digər bölgələrinə nisbətən zəif inkişaf edib böyüyür, ona görə də tənəklərə az yük qoyulur. Yəni, quru budama zamanı tənəklərdə saxlanılan bar zoğları qısa (4-6 göz) kəsilir və sayı 4-6 ədəd saxlanılır;

2. Üzümlüklər əsasən həyətyanı sahələrdə becərilir və kollara əsasən kələsər (öküzbaşı) forma verilir;

3. Şpaler sistemi çox az tətbiq olunur. Bu zaman tənəklərə qısaştamplı, ikiqollu Kyo forması verilir;

4. Yerli üzüm sortları olan Ağ şanı, Qara şanı, Sarıgilə, Gəlinbarmağı, Kişmişi sortları daha çox əkilir;

5. Ayrı-ayrı həyətyanı sahələrdə becərmənin çardaq sisteminə də rast gəlinir. Çardaqda Ağ və Qara şanı ilə yanaşı, Gəlinbarmağı, Buzovna xatunisi, Dərbəndi, Ağadayı və s. becərilir. Çardaqda tənəklər 2-4 gözə kəsilir;

6. Yaz ayları yağmurlu olan illərdə yalnız 1-2 dəfə Göydaş məhlulu çilənir. Çünki ərazi küləkli olduğundan üzümün çox təhlükəli xəstəliyi mildiunun törədicisi olan Plazmopora viticola göbələyi inkişaf edə bilmir. Bunun əksinə olaraq yay ayları yerli əhalinin “sibrə”, “gəzəyən” adlandırdıqları Oidium xəstəliyi (törədicisi Uncinula nekator göbələyidir) tənəklərə külli miqdarda ziyan vurur. Əhali vegetasiya dövrü bəzən 8-10 dəfə (hər 10-12 gündən bir) kükürd tərkibli dərmanlarla (TİLT, kolloid kükürd, fundazol və b.) bitkiləri dərmanlamalı olurlar;

7. Respublikanın digər üzümçülük bölgələri üçün xarakterik olan filloksera zərərvericisi Abşeronda müşahidə olunmur;

8. Əsasən süfrə üzümü sortları yetişdirilir. Çünki dənizkənarı zona olduğundan, il ərzində günəşli günlər 1200-2400 saat təşkil etdiyindən burada yetişən meyvəgiləmeyvələr digər bölgələrə nisbətən daha şirin, dadlı olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!