Bağçalarda xəstəliklər Bağçılıq

Ağacların çiçəkləri niyə tökülür? Səbəblər və həll yolları…

Son illərdə iqlimdə baş verən dəyişikliklər meyveçilikdən də yan keçməyib. Temperaturun qışda iqlim normasından yüksək olması meyvə ağaclarının vaxtından əvvəl çiçəkləməsinə səbəb olur. Çiçəklər müxtəlif səbəblərdən tökülməyə başlayır. Meyvəçilik sahəsində kifayət qədər təcrübəsi olmayan fermerlər bunun səbəblərini bilmədiyi üçün qabaqlayıcı tədbirlər həyata keçirmir. Nəticədə ağac ya barsız qalır, ya da məhsuldarlıq kəskin şəkildə azalır.

çiçəklərin tökülmə səbəbləri nələrdir

Ağacların çiçəklərinin tökülməsi son illərdə meyvəçilik sahəsində fermerlərin üzləşdiyi problemlərdən biridir.

Bunu nəzərə alaraq aşağıda meyvə ağaclarında çiçəklərin tökülməsi və onunla mübarizə qaydaları haqqında məlumatlar verməyi lazım bilirik.

Meyvə, giləmeyvə bitkilərinin bioloji xüsusiyyətlərindən aslı olaraq normal şəraitdə becərilən bitki öz yaşına uyğun çoxlu sayda çiçək əmələ gətirir. Çoxlu sayda çiçəyin olması o demək deyil ki, açan çiçəklərin hamısı meyvə verməlidir. Ağacda olan çiçəyin təxminən 5-12%-i meyvə əmələ gətirə bilər.

Çiçəklərin tökülməsinin başlıca səbəbləri isə aşağıdakılardır.

1. Meyve, giləməyvə bitkisi növbəti il məhsul vermək üçün bu ilin vegetasiya dövründə çiçək tumurcuqları əmələ gətirir. Bu dövrdə bitki çoxlu miqdarda qida maddələri və rütubət tələb edir. Tələb edilən şərait olmadıqda çiçək tumurcuqları tam inkişaf edə bilmir. Nəticədə gələn ilin yazında onların bir hissəsi açılmır. Çiçək saplağının meyvə budaqcığına birləşdiyi yer bir neçə qatdan təşkil olunub. Həmin qatda nazik divarli hüceyrələrdən ibarət ayrıca hissə əmələ gəlir ki, bunun altında çiçək saplağını meyvə budaqcığından ayıran mantar toxuma yerləşir. Yaranmış bu şərait bitginin barvermə gücündən artıq açılmış çiçəklərin bir hissəsinin töklməsinə səbəb olur.

2. Çiçək tumurcuqlarının zərərverici və xəstəliklərdən zədələnməsi çiçəklərin qeyri-normal inkişafına ve onların mayalanmayaraq kütləvi surətdə tökülməsinə səbəb olur.

çiçəklənmə və çiçəklərin tökülmə səbəbi

3. Çiçəklənmə dövründə əsən quru külək dişiciyin ağızcığını qurudur və onun tozcuqları qəbul etməsinə mane olur. Bu səbəbdən tozlanmamış mayalana bilməyən çiçəklər tökülür.

4. Bağlarda aqrotexniki əməliyyatların ardıcıl və lazımi səviyyədə aparılmaması çiçək tumurcuqlarında yumurtalıq hüceyrələrinin normal inkişafına maneçilik törədir. Odur ki, açılmış çiçəklər mayalana bilməyib kütləvi surətdə tökülür.

5. Çiçəklənmə dövründə havanın nisbi rütubətinin yüksək olması toz kisələrinin partlamasına ve tozcuqların havaya qalxmasına imkan vermir. Bu şəraitdə mayalana bilməyən çiçəklər kütləvi surətdə tökülürlər.

6. Çiçəklənmə dövründə əsən güclü küləklər arıların və tozlamada iştirak edən başqa həşaratların uçmasına mane olur. Bu səbəbdən çiçəklər tozlana bilmir ve tökülür.

7. Bəzi meyvə bitkilərinin kütləvi çiçəklənməsi yaz şaxtaları ile bir vaxta düşdüyündən çiçəklər, xüsusiylə dişicik 1-3°C şaxtada tələf olur və tökülür.
çiçəklərin tökülməsinin səbəbləri

8. Çiçəklənmə dövründə  havanın nisbi rütubətinin yüksək olması müxtəlif göbələk xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Xəstəliyə tutulmuş çiçəklər soluxur və tökülür.

9. Çətrin kölgə hissəsində yerləşən çiçək tumurcuqları və çiçəklər xarici amillərlə kifayət dərəcədə təmin olunmadıqlarından normal inkişaf edə bilmir və tökülür.

10. Çiçəklərin müəyyən qisminin tökülməsinin səbəblərindən biri də çiçək daxilində erkək ve dişi çiçək orqanlarının müxtəlif vaxtlarda yetişməsidir. İki cinsiyyətli çiçəklərdə bəzən dişiciyin ağızcığında qatı yapışqan maye əmələ gəlib tozcuqları qəbul etməyə hazır olur. Lakin bu dövrdə tozcuq hüceyrələri tozlamağa tam hazır olmur. Bu səbəbdən çiçəklər mayalana bilmir ve tökülür. Bu hal qərzəkli bitgilərdə qoz, fındıq və s. baş verir.

11. Bu prosesin baş verməsinin əsas səbəbi bağda tozlayıcı ağacların olmamasıdır. Əgər bağda əkilən alma, armud və s. eyni sortdursa çiçəklər mütləq töküləcəkdir.

Çiçəklərin tökülməsinin qarşısını almaq üçün bunlara əməl etmək lazımdır.

çiçəklərin tökülməsinin səbəbləri. ağaclarda çiçəklər niyə tökülür
  • Meyve bağı salmazdan əvvəl 1-2 il öncədən sahəni küləkdən qorumaq üçün bağ qoruyucu zolaq yaratmaq;
  • Çarpaz tozlanmanı təmin etmək üçün meyvə bağlarında eyni cins meyvə bitkisinin bir neçə sortunu əkmək;
  • Çiçəklərin çarpaz tozlanmasını təmin etmək üçün hər hektara 2-3 arı ailəsi yerləşdirmək;
  • İl ərzində xəstəlik və zərərvericilərlə mübarizə aparmaq;
  • Yazda çiçəklənmədən sonra meyvə bağlarını suvarmaq;
  • Çiçək tumurcuqlarını və çiçəklərin normal işıqlanmasını təmin etmək üçün çətir daxilində mane törədən sıxlığı aradan qaldırmaq;
  • Normal iqlim şəraitində ağac həddindən çox çiçək açarsa onun bir hissəsini ağacı silkələməklə tökmək lazımdır. Bu zaman çiçəklər qida maddələri ilə yaxşı təmin olunduğundan daha yaxşı mayalanır. Əmələ gələn meyvelər daha iri olur.

Eziz fermerlər!!! Meyvə, giləmeyvə bitkilərindən bol məhsul almaq istəyirsinizsə il boyu bağlarınıza düzgün qulluq edin. Unutmayaq ki, gələn ilin məhsulu üçün bar orqanları bu ilin yay aylarında formalaşır.

Müəllif: Aqronom Şirinov Məhəmməd

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: