Alimlərin fikrincə, əkinçilik 20 min ildən çox əvvəl yaranıb

agroexpert_ekincilik21Alimlərdən ibarət beynəlxalq qrup İsrailin Qalileya vilayətində təxminən 23 min il bundan əvvəl müxtəlif bitkilər yetişdirməyə çalışmış ilk seleksiyaçı fermerlərin izlərini aşkar edib. Newsland nəşrinə istinadla xəbər verir ki, bu müddət əkinçiliyin ilk dəfə yaranması ehtimal edilən vaxtdan təxminən on min il çoxdur.

Təl-Əviv (İsrail) universitetinin nümayəndəsi Marçello Sternberq deyib: “Doğrudur, tamdəyərli əkinçilik bundan xeyli sonra yaranıb, lakin bizim araşdırma göstərdi ki, bu sahədə ilk eksperimentlər güman etdiyimizdən çox əvvəl başlanıb. Bu fakt onların nə dərəcədə şüurlu olmaları barədə mülahizələrə yenidən baxmağa vadar edir. Görünür, əcdadlarımız indiyə qədər ehtimal ediləndən daha ağıllı və bacarıqlı olublar”.

Sternberq və onun həmkarları bu kəşfi İsrailin şimal-şərqində yerləşən Qalileya dənizinin sahilində qazıntı işləri zamanı ediblər. Həmin ərazidə qədim ovçu məskənləri 20-25 min il bundan əvvəl Liviya və Yaxın Şərq ərazisində yaşayan insanlara məxsus olub. Belə məskənlərdən biri II Ohalo adlanır. Qəflətən gölün sularına qərq olmuş bu məskən lil qatı altında salamat qalıb. Gölün dibindəki çöküntülər insanların həyat fəaliyyətinin qalıqlarını qoruyub. Alimlər bu lil “yorğanı” altında əsl “xəzinə” – yaxşı vəziyyətdə qalmış 150 minə yaxın bitki qalığı, çoxsaylı artefaktlar və əmək alətləri, 140-a yaxın bitki növü aşkar ediblər. Görünür, II Ohalo sakinləri ya həvəskar botaniklər, ya da eksperimentator-seleksiyaçı olublar. Becərilmək üçün ideal dərəcədə münasib olan bitki növləri tapmağa çalışan bu insanların “kolleksiyasında” bir neçə növ dənli bitki, habelə müasir buğda, arpa və digər mədəni bitkilərin yetişdirildiyi tarlalarda rast gələn çoxlu alaq otu növləri aşkar edilib.

Qədim insanlar bu bitkiləri heç də maraq xatirinə yetişdirmirdi. Sternberq və onun həmkarları tərəfindən II Ohaloda aşkar edilən əmək alətləri arasında ibtidai dəyirman daşları da var. Görünür, bu məskəndə yaşayanlar həmin daşlardan istifadə etməklə taxıl üyüdüb, ondan qida məqsədilə istifadə edirmiş.

 

©AZƏRTAC

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!