Ameraukana toyuq cinsi
Göy yumurtanı yəqin ki, yalnız novruz bayramında görmüsünüz. Ameraukana toyuq cinsi göy, yaşıl və zeytunu rəngdə yumurta verir, özü də 5 aylığında. Toyuq biznesi ilə məşğul olanlar üçün də bu fərqli ideya ola bilər.
Bu toyuqlar 1967-ci ildə Amerikaya yeni gətirilmiş məşhur Araukana toyuq cinsi ilə yerli amerikan toyuqlarının seleksiyası nəticəsində əldə edildiyi üçün belə qəribə ada malikdir. Ameraukana toyuqları təkcə yumurtaların rənginə görə yox, həmçinin yüksək yumurtaverimi, dadı və keyfiyyəti ilə də seçilir. Yumurtaları kimi özləri də rəng bə rəng olurlar. 8 rəngi mövcuddur.
Ameraukana toyuq cinsi özəllikləri:
- Artıq 5 aylığında yumurta verməyə başlayır.
- ildə 200-250 yumurta verir.
- Yumurta verimi ortalama iki ildir.
- Xoruzlar 3-3,5 kq, toyuqlar isə 2-2,5 kq olur.
- Yumurta çəkisi 60 qramdır.
Üstünlükləri:
- Bir toyuq fərqli rəngdə yumurtalar verir.
- Bu toyuq cinsi yarım ilə yetişir.
- Yüksək yumurtaverimi.
- Tez çəki yığması.
- Çox dadlı və zərif əti.
- Saxlaması asandır.
- Dözümlüdür, xüsusən istiyə və soyuğa.
- Bəzi spesifik xəstəliklərə yoluxmur.
Əksiklikləri:
- Analıq instinkti yaxşı inkişaf etməyib.
- Xoruzlarında digər heyvanlara qarşı aqressiya yarana bilir. Bunları ayırmaq lazım gəlir.
Saxlanması:
Yeni toyuq sürüsünü hinə salmamışdan qabaq bütün hini və inventarı təmizləyin. Divarları ağardın, yel çəkən yerləri düzəldin. Siçan, siçovul və vəhşi quşların hinə girişinin qabağını alın, bunlar xəstəlik daşıyıcılarıdır. Gəzinti, yatış və yemləmə yerlərini ayırın. Tempratur və nəmişliyə diqqət edin. Ayaqaltına “opilka” istifadə edə bilərsiniz.
Cücələr üçün ən yaxşısı başlanğıc kombikormlardır. Böyük toyuqlarıın yemində zülal, kalsium olsun. Yemə balıq, sümük unu, balıqqulağı (çınqıl) və yumurta qabığı qatmağı da unutmayın. Təmiz su hər zaman əlçatan olmalıdır.
Artırılması:
Ameraukana toyuq cinsi analıq instinkti zəif olduğu üçün cücələri inkubatordan almaq mümkündür. Ən sağlam cücələr mart cücələridir. Tanışlardan almağa çalışın. Cücələr üçün ilk həftə tempraturu 35 ºС olmalıdır, sonra tədricən azalda bilərsiniz. İlk iki gündə işığı söndürməyin, sonralar 16 saata, 3 həftədən sonra 9 saata sala bilərsiniz. Ameraukana toyuq cinsi sahiblərinə əziyyət vermirlər, saxlanması asandır və çox bərəkətli heyvandır.
Qeyd: Yumurta keyfiyyəti normal toyuq yumurtasından 2 dəfə, hibrid toyuq yumurtasından 3 dəfə daha üstündür. Yumurta rənginin tündləşməsi üçün mütləq təbii qidalanmalıdır. Əks halda yumurtaları açıq rəngdə olacaq. (Ferma Azerbaycan adlı FB dostumuzun qeydləri)
Digər toyuq cinsləri üçün bu məqaləyə baxa bilərsiniz.