Aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı genişləndirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, imzalanma mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, bu sənədin imzalanması aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm bir addımdır. O qeyd edib ki, Anlaşma Memorandumu respublikada məhsul istehsalının artırılması üçün istehsal vasitələrindən düzgün və vaxtında istifadə edilməsi, əkin sahələrində fitosanitar tədbirlərin təşkili və xidmətlərin göstərilməsinin koordinasiya olunması, o cümlədən bitki sağlamlığı və mühafizəsi, məhsuldarlığın artırılmasının təmin edilməsi üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə imzalanır. Sənədi imzalayan tərəflər ölkə ərazisində sağlam ekoloji mühitin və fitosanitar sabitliyin qorunması, zərərverici, xəstəlik və alaq otlarına qarşı səmərəli mübarizə tədbirlərinin aparılması mexanizminin müasir üsul və texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq edəcəklər.

Eyni zamanda sənədə əsasən, bitki sağlamlığının innovativ üsullarla izlənməsi, fitosanitar mühitin qorunması və ekoloji cəhətdən səmərəli inteqrir mübarizə sistemlərinin qurulması istiqamətində fitosanitar mütəxəssislərin maarifləndirilməsi, respublikanın bölgələrində istehsalçılara bitki mühafizəsi sahəsində müasir texnoloji proseslər barədə birgə maarifləndirici təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyinin sədri Əbdül Abdullayev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Yaqub Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Rəfael Mahmudov aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının istiqamətlərinin nəzərdə tutan bu sənəddə yer alan müddəaların praktiki həll yolları barədə fikirlərini bölüşüblər.

Daha sonra iştirakçı tərəflər Anlaşma Memorandumunu imzalayıblar.

Memoranduma əsasən tərəflər beynəlxalq təcrübəyə əsaslanaraq innovativ üsullarla bitki sağlamlığının izlənməsini və səmərəli inteqrir mübarizə üzrə fitosanitar mütəxəssislərin maarifləndirilməsini həyata keçirəcək, əkinlərin fitosanitar vəziyyətinin öyrənilməsi üzrə elmi-tədqiqat proqramlarının həyata keçirilməsində, habelə tədqiqatçı mütəxəssislərin, o cümlədən gənc tədqiqatçıların elmi fəaliyyətinə dəstək göstərəcək, qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlər, birgə elmi-praktiki konfranslar və seminarlar təşkil edəcək və məlumat mübadiləsi aparacaqlar.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669