Aqrar sahədəki güzəştli mikrokreditlər 3 dəfə artırıldı
Azərbaycanda aqrar sahəyə güzəştli kreditlər verilməsi ilə bağlı qaydalar dəyişdirilib. Bundan sonra iş adamlarının götürdükləri kredtilərin bir hissəsinə dövlət tərəfindən zəmanət veriləcək. Daha böyük məbləğdə kredit götürə biləcəklər.
Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə Fərman imzalayıb.
Həmçinin Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev Fərman imzaladı:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilsin.
2. 2.0.3-cü yarımbəndə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə edilsin.
3. aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilsin:
“3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;”.
Fərmana əsasən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, aqrar sektorda fəaliyyət göstərən sahibkarlara kreditlər və güzəştlərlə yanaşı, təminatlar da veriləcək. Bundan başqa, həmin təminatların verilməsində banklar, BOKT-lar və lizinq şirkətləri ilə yanaşı, Agentlik də iştirak edəcək.
Belə ki, qaydalara edilən əlavəyə görə, təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanır. Mikrokreditlərin qeyri-işlək hissəsi (qeyri-işlək kredit) dedikdə, kredit üzrə əsas borc ödənişlərinin müqavilədə göstərilən tarixdən 90 təqvim günündən artıq gecikdirilmiş hissəsi başa düşülür.
Dəyişikliyin edilməsi ilə əlaqədar olaraq, Agentliyin vəsaitlərindən istifadə edilməsi istiqamətləri də artırılıb. Bundan sonra Agentliyin vəsaitlərindən təminatın maliyyələşdirilməsi üçün də istifadə ediləcək.
Mühüm dəyişikliklərdən biri mikrokreditlərin məbləğinin artırılması olub. İndiyədək mikrokreditlər 5 min manata qədər olan sayılırdı, indi isə bu məbləğ 3 dəfə artırılaraq 15 min manata qaldırılıb. Mikrokreditlərin verilmə müddəti də 2 ildən 3 ilə artırılıb.
Əvvəlki qaydalarla bu rəqəmlər 5 000 manat və 2 il idi. Ən əsas məqam isə bu kreditlərin banklar tərəfindən təminatsız (girovsuz) verilməsidir
Aqrar sahəyə verilən mikrokreditlərin faiz dərəcəsi ilə bağlı maraqlı dəyişikli olub. İndiyədək bu kreditlər banklara illik 2 faizlə ayrılır, banklar (o cümlədən digər müvəkkəl təşkilatlar) isə bu kreditləri fermerlərə illik 7%-lə verə bilirdilər. İndi isə bu qayda dəyişib – Agentlik müvəkkil təşkilatlara krediti ya 2%-lə, ya da təminatlıdırsa 2,5%-lə verəcək. Öz növbəsində banklar bu krediti fermerlərə və iş adamlarına illik maksimum 7-12%-lə verəcəklər. Kreditin 7%, yoxsa 12%-lə verilməsi ona verilən təminatdan asılıdır. Öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər illik 12%-lə, digər güzəştli kreditlər 7%-lə veriləcək.
Müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kredit vəsaitindən istifadəyə görə Agentliyin hesabına ödənilmiş faiz məbləğinin 1/2 hissəsi, təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə Agentliyin açdığı xüsusi hesabda saxlanılır. Bu vəsait
vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə,habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldilir.
Burada təminatla verilən kreditə aid 3/5 hissə – qaydaya yeni tətbiq edilib. Eləcə də, indiyədək qaydaya görə, vəçaitlər silinərkən KTN-i ilə razılaşdırma kifayət edirdi, indi isə kreditin silinməsi üçün o hökmən Mərkəzi Bankın meyarlarına əsasən ümidsiz kredit sayılmalıdır.
- Qalıq məbləğin 1/4 hissəsi Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək,
- aylıq vəzifə maaşlarına əlavələr vermək,
- ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi,
- Agentliyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ayrılır.
Burada «ştatdankənar vəzifələrə cəlb edilmiş əməkdaşların əməyinin ödənişi» hissəsi qaydalara yeni əlavə edilib.
Qaydalara mikrokreditlər üzrə təminatın verilməsi qaydası da əlavə edilib.
Yeniliyə əsasən, Agentlik tərəfindən müvəkkil kredit təşkilatlarına illik 2,5 faiz tətbiq edilməklə verilmiş mikrokreditlər üzrə təminatın məbləği aşağıdakı qaydada hesablanır:
TM = QİK – (QM x 6%), burada:
- TM – təminatın məbləği;
- QİK – təminatlı mikrokreditlər üzrə əsas borc ödənişlərinin 90 (doxsan) təqvim günündən çox gecikdirilən hissəsi (məbləği);
- QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel);
- qeyri-işlək kreditin məbləği mikrokreditlər üzrə qalıq portfelin 12 faiz və daha çox hissəsini təşkil etdikdə:
TM = QM x 6%, burada:
- TM – təminatın məbləği;
- QM – təminatlı mikrokreditlər üzrə əsas kredit borcunun qalıq məbləği (qalıq portfel).
Müvəkkil kredit təşkilatı təminatlı mikrokreditlər üzrə qeyri-işlək kreditin məbləğini təsdiq edən sənədləri Agentliyə təqdim etdiyi gündən 10 bank günü ərzində Agentlik bu Qaydanın 5-1.1-ci bəndi ilə müəyyən edilmiş qaydada hesablanan vəsaiti müvəkkil kredit təşkilatına geri ödəyir.
Agentlik tərəfindən ödəniş edildikdən sonra borcalan qeyri-işlək kredit portfelinə daxil olan borc öhdəlikləri üzrə ödəniş etdikdə, müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin riskinə aid olan hissəsini proporsional qaydada (Agentliyin mikrokredit zəmanəti üzrə itkiləri bərpa edilənədək) ödəniş edildiyi gündən 10 (on) bank günü ərzində Agentliyə geri qaytarır.
Yeniliyə görə, Agentlik layihə üzrə müəyyən edilmiş şərtləri pozan müvəkkil kredit təşkilatları barədə məlumatı təxirəsalınmadan Mərkəzi Banka təqdim etməlidir.
Mərkəzi Banka isə tövsiyə edilib ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təminat verilmiş mikrokreditlər üzrə müvəkkil kredit təşkilatlarının aktivlərinin risk qrupunu müəyyən etsin.
