Arpada tozlu sürmə xəstəliyi
Arpa taxıllar (Gramineae L.) fəsiləsinin Hordeum (Hordeum L.) növünə mənsubdur. Arpa dəni, zülal, nişasta və amin turşuları ilə zəngindir. Qüvvəli yemlərin hazırlanmasında əsas komponentlərdən biridir. Azərbaycanda istehsal olunan arpa daha çox heyvandarlıq və quşçuluqda yem, pivə istehsalında xammal kimi istifadə olunur.
Arpa payızlıq dənli bitkilər arasında ən tez yetişəndir. Kütləvi cücərməsi üçün 17-20°C, yetişməsi üçün 23-25°C temperatur optimal hesab olunur. Buğda və çovdara nisbətən soyuğa davamsız, quraqlıq və istiyə davamlıdır. Azərbaycanda
çoxcərgəli

- “Şirvan dəni”,
- “Naxçıvan dəni”,
- “Pallidum-596”;
ikicərgəli
- “Qarabağ-7”,
- Qarabağ-23”,
- Cəlilabad-19”
arpa sortları əkilib becərilir.
Tozlu sürmə
Arpanın becərildiyi bütün regionlarda yayılmışdır. Xəstəliyin təsiri nəticəsində sünbülün bütün hissələri (sünbül oxundan başqa) qara rəngli teliosporlar kütləsi ilə örtülür. Bitkilərin xəstəlik törədiciləri ilə sirayətlənməsi onun çiçəklənmə dövrünə düşür.
Xəstəlik törədiciləri-teliosporlar çiçəkləmə zamanı dişiciyin ağzına düşərək mitsellər verir və yumurtalığa daxil olub dənin formalaşması zamanı, onun rüşeym və endospermində diffuz şəklində yayılır.
Göbələyin mitselləri ilə sirayətlənmiş xəstə dənlər heç bir əlamətlə sağlamlardan fərqlənmir. Səpin zamanı isə dəndə olan mitsellər toxumla bərabər cücərərək onun inkişaf nöqtəsinə daxil olur, burada sünbülləmə mərhələsinə qədər inkişaf edir. Sonra onu parçalayaraq qara rəngli teliospor kütləsi əmələ gətirir. Teliosporlar külək və həşəratlar vasitəsilə yayılaraq yenidən sağlam sünbülləri xəstələndirir. 23-30ºC temperatur teliosporların cücərməsi üçün optimal hesab olunur.
Xəstəliyin məhsuldarlığa vurduğu ziyanı əmələ gətirən faktorlar buğdada olduğu kimidir. Kütləvi yayılma zamanı məhsul itkisi 8-12%-ə çata bilər. Kimyəvi mübarizə məqsədilə buğda bitkisində istifadə edilən eyni adlı preparatlardan istifadə olunur.