At və dəvə xəstəlikləri

Atların epizootik limfangiti

Atların epizootik limfangiti

Təkdırnaqlı heyvanların xronik gedişli yoluxucu xəstəliyidir, limfa damarlarının və limfa düyünlərinin iltihabı, dəridə və dərialtı toxumada irinli düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur.

Törədicisi. Göbələkdir. Histoplasma farciminosum adlanır, maya göbələklərinə daxildir, uzunluğu 3-5 mkm, eni 2,0-3,5 mkm-dir. Anilinlə və Romanovski-Gimza üsulu ilə boyanır. Boyamadan da onları mikroskopda müşahidə etmək mümkündür. Kriptokoklar tumurcuqlanma ilə çoxalır. Amili yetişdirmək üçün qaraciyərli aqardan, tərkibində 2%-li qlükoza və 2,5% qliserin olan ƏPA, Saburo aqarı və s. istifadə edilir. Optimal temperatur rejimi 22-28 °C-dir. Bərk qida mühitlərində əkmədən 10-12 gün keçmiş 1-2 mm ölçüdə koloniyalar yaranır, sonra bunlar böyüyür və sarımtıl-palıdı rəng alır. 

Epizootologiyası. Təkdırnaqlı heyvanlar xəstələnirlər. İnfeksiya törədicisinin mənbəyi-kriptokokkları abses və yaralardan axan irinlə yayan xəstə heyvanlardır. Keçirici amillər isə irinli axıntı ilə çirklənmiş peyin, döşəmə materialları, yem, qulluq əşyaları və s. ola bilər. Yoluxma xəstə və sağlam heyvanlar bir yerdə saxlandıqda da baş verə bilər. Xəstəliyin yayılmasına dəri zədələnmələri və atların antisanitar və zoogigiyeniki normativlərə uyğun olmayan vəziyyətdə saxlanması da şərait yarada bilər. 

Klinik əlamətləri. İnkubasiya dövrü 1-3 aydır. Xəstəlik xroniki gedişlidir. Xoş və yaman gedişli formaları qeyd olunur. Limfa düyünlərinin və damarlarının iltihablaşması, damarların divarının qalmlaşması, keçidinin isə genişlənməsi xəstəlik üçün xarakterik əlamət sayılır. Limfa damarları boyu dərialtı toxumada yaranan buğda dənəsindən toyuq yumurtası böyüklüyünə qədər ölçüsü olan düyünlər tədricən irinləşir, irin açıq sarı rəngində olur. İrinli şişin yerində yaranan yaraların üstü qaysaqlayır, altında isə irinli kütlə yerləşir.

Xoş xassəli gediş zamanı düyünlər kiçik olur və səthdə yerləşir, xəstə atın ümumi vəziyyəti dəyişmir və 3-4 aydan sonra tamam sağalır. Xəstəliyin yaman keyfiyyətli gedişi zamanı isə bu düyünlər həcmcə iri olur və bütün damarlar boyu yüzlərlə düyün yaranır. İrinli düyünlər birləşərək böyüyür, bütün bədən səthini əhatə edən pis qoxulu açıq irinli yaralara çevrilir. Xəstəlik sepsislə mürəkkəbləşir və heyvanların ölümü ilə nəticələnir. Ətraflarda yaraların və çoxlu sayda sağalmayan irin ocaqlarının inkişaf etməsi və birləşdirici toxumanın şişməsi nəticəsində «filayaqlılıq» deyilən fenomen ortaya çıxır. Qeyd edilən irinli yaralar orqanizmin digər nahiyələrində də burun, ağız və cinsiyyət yollarının selikli qişalarında, qarınaltı və boyun nahiyələrində də yayılırlar.

Xəstə atlar zəifləyir, yemdən imtina edir, vaxtaşırı bədən temperaturası yüksəlir. Xəstəliyin müddəti 6-8 ay, bəzən isə bir il və daha artıq ola bilər.Patoloji-anatomik dəyişikliklər. Yarma zamanı proses gedən dərinin qalınlaşması, limfa damarları boyu çoxlu sayda düyünlər, irinliklər və yaralar aşkar edilir. Yaman keyfiyyətli gediş zamanı limfa düyünlərində (çənəaltı, kürəkönü, dizönü və s.) abses və fleqmonalar, cinsiyyət orqanları, traxeya, udlaq və burun selikli qişalarında isə bozumtul-sarı rəngdə düyün və yaralar tapılır. İrinli ocaqlar daxili orqanlarda da inkişaf edirlər. 

Diaqnozu. Epizootoloji məlumatlara, xəstələrin klinik müayinə- sinin nəticələrinə və abseslərdən götürülmüş irinin mikroskopiyasına əsasən qoyulur. İrində kriptokokların tapılması ilkin diaqnozu yekunlaşdırır.Təfriqi diaqnoz. Manqo və yara limfangitini (qeyri-yoluxucu olur) fərqləndirmək lazımdır.

İmmunitet. Epizootik limfangitdən sağalmış heyvanlarda ömürlük immunitet yaranır. İmmunitetin yaranma mexanizmi indiyədək öyrənilməmişdir. Müxtəlif vaksinlərlə və rekonvalessentlərin serumu ilə atların immunizasiyası müsbət nəticə verməmişdir.

Atların epizootik limfangiti

Profilaktika və mübarizə tədbirləri. Əsas diqqət dəri örtüyünün yaralanmasının qarşısını almağa yönədilməlidir. Təsərrüfata yeni gətirilən atlar karantində saxlanılıb, klinik nəzarətdə olurlar. Qeyri- sağlam təsərrüfata karantin qoyulur. Atların yerdəyişməsinə icazə verilmir. Xəstə və şübhəli heyvanları seçir, əlavə müayinədən keçirir və sonra müalicə edirlər. Bütün qalan atlara isə beş gündən bir baxış keçirirlər. Bina və tikililər 15 gündən bir təmizlənir və dezinfeksiya olunur. Peyin və döşəmə materialı yandırılır. Ölmüş heyvanlar dərisi üstündə olmaqla yandırılır və ya dərin basdırılır.Təsərrüfatdan karantin axırıncı sağalma və ya. ölüm faktından 3 ay, keçdikdən və yekun təmizləmə və dezinfeksiya işləri keyfiyyətlə yerinə yetirildikdən sonra götürülə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: