Azərbaycanda barama yetişdirilməsi sürətlə davam edir
Bu il ölkə üzrə barama təsərrüfatında aktivlik müşahidə olunur. Müxtəlif bölgələrdə bu sahəyə olan maraq artmaqdadır. Baramaçılıq həm təsərrüfat müəssisələri, həm də kiçik ailə təsərrüfatı formalarında həyata keçirilir.
Bəzi bölgələrimiz üzrə göstəricilərə nəzər salaq.
İmişli
İmişlidə barama tədarükü başa çatıb. Dövlətimiz tərəfindən baramaçılığın inkişafına göstərilən dəstəkdən bəhrələnən rayonun kümçüləri 7 tondan çox barama tədarük ediblər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu mövsüm rayonda 174 kümçü ilə müqavilə bağlanılıb. Onlara 420 qutu (7 min 980 qram) ipəkqurdu toxumu paylanılıb. İşi müvəffəqiyyətlə başa çatdıran rayon kümçüləri tədarük məntəqəsinə 7 ton 728.4 kiloqram barama təhvil veriblər.
Barama tədarükündə rayonun Bəhrəmtəpə qəsəbə, Oruclu, Göbəktala, Cəfərli, Telişli, Özcələr və Məzrəli kəndlərinin kümçüləri xüsusilə fəallıq göstəriblər.
Oruclu kənd sakini Eldar Rüstəmov ikinci ildir ki, ipəkqurdu toxumu bəsləyir. O, fəaliyyəti haqqında bunları deyib: “Son illər dövlətin baramaçılığın inkişafına göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya digər kümçülər kimi mənim də bu sahəyə olan marağımı artırıb. Ötən il 3 qutu ipəkqurdu toxumundan 180 kiloqram barama istehsal etmişəm. Bu il isə 3.6 qutu ipəkqurdu toxumu bəsləyərək 201 kiloqram barama götürmüşəm. Məhsuldan 1800 manatdan çox qazanc əldə etmişəm”.
Qeyd edək ki, ötən il rayonda 152 ailə ipəkqurdu bəsləmişdi.
Ağcabədi
Bu il Ağcabədi rayonunda 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirib.
Verilən məlumata görə, rayon kümçüləri 55 min 528 kiloqram barama tədarük edərək “Azəripək” MMC nümayəndələrinə təhvil veriblər. Bu il rayon üzrə ötən illə müqayisədə 1062 kiloqram daha çox məhsul istehsal edilib.
Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.
Saatlı

Saatlıda artıq dördüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 124 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirirlər ki, bu il üçün rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 135 kümçüyə paylanılıb.
Artıq bu ayın əvvəlindən rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdlarından əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə ümumilikdə 3 ton 242.7 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd, Bəylər, Varxan kəndlərinin baramaçıları istehsal edib.
Varxan kənd sakini Eyvaz Əsədov bu mövsüm 3 qutu ipəkqurdu toxumu götürərək bəsləyib. Onun dediyinə görə, bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinlikləri olsa da, mütəxəssislərdən öyrəndiklərini tətbiq etməklə yaxşı nəticələr əldə edib:
“Bu il 3 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdlarına yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 174 kiloqram barama təhvil vermişəm”, – deyə kümçü bildirib.
Rayonda barama tədarükü sürətlə davam edir.
Qeyd edək ki, ötən il Saatlıda 52 ailə ipəkqurdu bəsləyib
Hacıqabul
Artıq dördüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilməsinə başlanılıb. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılandı. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq barama istehsalı ilə məşğul olmağa başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirirlər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 67 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticə əldə olunub. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 4 ton barama təhvil verilib. Rayonun Abdullabad və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.
Ələtli kənd sakini, kümçü Anar Ağamalıyev bir neçə ildir ki, ipəkqurdu toxumu götürüb bəsləyir.
O, deyir ki, rayonda barama istehsalına yenidən başlanması çox ürəyimcə olub:
“Bu il 2 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 123 kiloqram barama tədarük etmişəm. 40-45 gün ərzində istehsal etdiyim məhsuldan 1100 manatdan çox gəlir əldə edəcəyəmi düşünürəm”.
