Azərbaycanda yetişdirilən yeni ərik növü

Azərbaycanda yeni ərik növü yetişdirilməyə başlanılıb. Qubada yetişdiriləcək bu sort Türkiyədən gətirilib.

Agroexpert.az xəbər verir ki, “Orange ruby” adlanan bu ərik sortunun əkiminə başlanılacaq. Yeni yetişdirilən ərik növü yerli şəraitə tez uyğunlaşır və məhsuldarlığı yüksəkdir.

Bu haqda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Əliyev məlumat verib.

ərik yeni sort ərik yeni növ ərik agroexpert.az

Onun verdiyi məlumata görə, yeni sort əriklər digər ərik növləri ilə müqayisədə məhsuldarlığı və tez məhsula düşməsi ilə üstündür. “Azərbaycanın yerli calaq sortları yaxşıdır, ancaq tumurcuqları və zoğları ilkin yaz şaxtalarına məruz qalır. Buna görə məhsuldarlığı 2-3 ildən bir verir. Amma “Orange ruby” ərik sortunun yerli ərik sortlarına nisbətən çiçəklənmə müddəti gec olduğuna görə, ilkin yaz şaxtasına da məruz qalmır”.

Yeni ərik sortunun başqa fərqli cəhəti isə onun çətirinin kiçik olması və az yer tutmasıdır. V.Əliyev: “Yeni gətirilən ərik ağacları yığcam çətiri var. Bu da ayrılan hər hektarda ağacların sayını yerli sortlarla müqayisədə daha çox əkməyə imkan verir. Yeni ağacların məhsuldarlığı yerli sortlara nisbətən vahid sahədən çıxan məhsulun miqdarından daha yüksək olur. Bu da yeni ərik sortunun ən yaxşı xüsusiyyətlərindəndir.

Bu sort hektarda ağac sayının artırmağa imkan verir.
  • 1 hektar ərazidə 8×8-ə əkiləndə 156 ağac,
  • 6×7-ə əkiləndə 238 ağac,
  • 6×5-ə əkiləndə 333 ağac,
  • 5×4-ə əkiləndə 500 ağac,
  • 5×3 əkin sxemi ilə 666 ağac əkmək olur.

Ağaclar arasında məsafə azalanda daha çox ağac yetişdirilir”. – deyə əlavə edib.

“Yerli ərik sortları böyük çətirə malik olduğuna görə, köhnə ərik bağları 8×8, 8×6, 6×5 sxemi ilə əkilib. Başqa sözlə, bu sxemdə bir hektarda 150-330 arası ağac olub. Yeni sort ağaclar isə 5×4, 5×3-ə sxemi ilə də əkilə bilər. Nəticədə bir hektarda 500-660 ağac əkmək olur”. – V. Əliyev deyib.

Direktor müavini bildirib ki, hazırda dünyada intensiv bağçılığa üstünlük verilir. “Yəni ağac 3 yaşında 2-3 kilo, yaşlandıqca məhsuldarlıq 10, 15, 20, 30 kiloya qədər arta bilər. Nəticədə yeni intensiv meyvə bağlarının hektarından 45-50 ton məhsul almaq mümkündür. Məsələn, alma, gavalı və armudda belədir. Meyvə bağları bu hesablama ilə salınır və onların istismar müddəti 20-25 il olur. Ağacın məhsuldarlığı dördüncü ildən tədricən artmağa başlayır.

Müqayisə üçün bildirək ki, hazırda ölkədə meyvə bağlarının orta məhsuldarlığı hektardan 9 ton ətrafındadır. Yeni sortlar isə elə ilk illərdə hektardan 15-20 ton, intensive qulluq olduqda isə növbəti illərdə 30-45 ton arasında məhsul götürməyə imkan verəcək”. 

“Hələlik yeni ərik sortunun qiyməti məlumat deyil”. bu barədə dəqiq söz deməyin mümkün olmadığını qeyd edən ekspert onu da bildirib ki, yerli ərik sortlarına nisbətən bu meyvələrin rəngi, dadı, görünüşünə görə yüksək ola bilər.

Direktor müavini onu da vurğulayıb ki, Azərbaycanın iqlim şəraiti çəyirdəkli meyvə bitkilərinin ölkənin bütün regionlarında becərilməsinə imkan verir: “Çəyirdəkli meyvələr xüsusilə Naxçıvanda daha yaxşı dad keyfiyyətlərinə malik olur. Amma bununla yanaşı, ölkəmizin digər bölgələrində də xüsusilə ərik bitkisi geniş becərilir. İqlim şəraiti Qazax, Gəncə, eləcə də Quba-Xaçmaz bölgələrində də çəyirdəkli meyvələrin becərilməsinə imkan verir”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!