Badımcan bitkisinin xəstəlikləri

Tərəvəzlər arasında ən çox istifadə olunanlardan biri də badımcandır. Müxtəlif cür yeməklər, turşular hazırlanır. Həm də olduqca faydalı bir qida növüdür. İstifadə olunduğu qədər də çox əkilən bir bitkidir. Lakin onu yetişdirmək elə də asan deyil. Çox günəş enerjisi, çox su, külək, böcəklər və s. amillər onun tez məhv olmasına və ya məhsuldarlığının azalmasına səbəb olur.

Badımcan bitkinin süfrə və texniki sahədə istifadə edilməsi üçün müxtəlif
məhsuldar sortları var. Almaz, Zəhra və Gəncə sortları daha çox əkilir. Bu tərəvəz becərilməsi zamanı müxtəlif mənşəli xəstəliklərə yoluxur.

İlk olaraq başlayaq badımcan ştillərində kök çürüməsindən.

Humusla zəngin yüngül torpaqlarda şitillərin həddən artıq suvarılması ilə torpaqda olan patogenlər mədəni bitki üzərinə keçir, kök və kökboğazında qaralma ilə müşahidə olunan çürümə yaradır. Xəstəlik Lənkəran- Astara, Cəlilabad ərazilərində daimi şitil yerlərində rast gəlinir. Yoluxmuş torpaq substrat patogenlərin ehtiyatının toplanmasına səbəb olur.

Yarpaqlarda müşahidə edilən xəstəliklər

Serkosporoz. – Üst hissədə sarımtıl-yaşıl ləkələr müşahidə edilsə də, yarpağın alt hissəsində bozumtul-qonur, şehli havalarda isə qonur və qara
örtüklü kiçik ləkələr aydın görünür. Materialın mikroskopiyasından məlum oldu ki, törədici Cercospora cinsinə aiddir. İsti və rütubətli havalarda daha sürətlə yayılır. Bitki qalıqlarında ehtiyat halında qalır. Yüksək məhsul itkisi yaratmır. Odur ki, digər geniş yayılan xəstəliklərlə mübarizədə tətbiq edilən sistem təsirli funqisidlər onun inkişafını məhdudlaşdırır.

Alternarioz. – Yarpaq və budaqlarda müxtəlif ölçülü bozumtul-qonur ləkəliklər şəklində əlamətlər verir. Bu ləkələr böyüyür və yarpaqların vaxtından qabaq qocalması və tökülməsinə səbəb olur. Xəstəlik meyvələrin üzərinə keçir, çürümə yaradır.

Septorioz. – Badımcan yarpaqlarında əvvəlcə açıqyaşıl, sonradan bozumtul-qonur rəngli kiçik ölçülü (2-8 mm) ləkələr müşahidə olunur. Bu ləkələr getdikcə quruyur və qopur. Nəticədə, yarpaq üzərində müxtəlif forma və ölçülü yaralar əmələ gəlir. Xəstə orqanların mikroskopiyasından alınmış nəticələr əsasında göbələyin Septoria cinsinə aid olduğu müəyyənləşdi. Xəstəlik yüksək iqtisadi ziyanlı həddə malik deyil. Törədicinin ehtiyatı bitki qalıqları ilə ildən-ilə keçir.

Antroknoz.- Xəstəlik yerüstü orqanları zədələyir. Patogen üçün yüksək rütubət 80-95% və 24-27°C temperatur əlverişlidir. Bu şərait açıq sahədə məhsul yetişkənliyi dövrünə uyğun olduğu üçün əsasən meyvələr üzərində qırışlı, deformasiyaya uğramış yaralar kimi təzahür edir. Lənkəran-Astara bölgəsində selləmə suvarma və süni yağışla becərilmə şəraitində daha çox yayılıb.

Qonur meyvə çürüməsi

Xəstəlik torpaqla təmasda olan meyvələrdə daha çox müşahidə olunur. Patogen meyvə üzərində əvvəlcə açıq-qonur ləkələrlə müşahidə olunur. Sonradan daxilə nüfuz edərək badımcanı tamamilə çürüdür. Qonur meyvə çürüməsi texniki sortlarda daha çox müşahidə edilir. Birtərəfli azot gübrəsi ilə yemləmə xəstəliyin geniş yayılmasını stimullaşdırır. Xəstəlik yarpaq, budaq, çiçək və meyvələri yoluxdurur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!