Badımcandan hazırlanan soyuq yeməklər

Mövsümün ən sevimli tərəvəzlərindən biri də badımcandır. Ondan müxtəlif cür yeməklər hazırlayırıq. Hətta qış üçün də tədarük edirik. Bəs yüngül və tez hazırlanan yeni yemək reseptlərini öyrənmək istəyərdiniz? Təklif edəcəyimiz reseptlərə “Yox” deməyəcəyinizi düşünürük. Elə isə ilk olaraq başlayaq Badımcan ruletindən.

Badımcan ruletini hazırlamaq üçün lazım olan ərzaqlar:

Badımcan
Sarımsaq
Qoz
Mayonez
Bitki yağı
Biraz keşniş və şüyüd

Qeyd edək ki, bu ərzaqlara əsasən neçə nəfərlik yemək hazırlamaq sizin istəyinizdən asılıdır.

Bu yeməyi hazırlamaq üçün yoğun badımcanlardan istifadə etməyiniz məsləhətdir. İlk olaraq badımcanı uzununa kəsib duzlayırıq. Belə ki, Acılığının çıxması üçün böyük bir qaba düzüb, yaxşıca duzlayırıq. Hər 10 dəqiqədən bir üzərinə əlimizlə basıb, acı suyunu çıxarırıq. 1 saatdan sonra badımcanları yuyub, ehmalca sıxırıq ki, əzilməsinlər. Badımcanlar quruduqdan sonra bitki yağında qızardırıq. (İstəyə bağlı olaraq sobada da qızartmaq olar.)  Qızarmış  dilimləri təmiz və quru salfetin üzərinə qoyub, yağını hopdururuq. İstiykən bir tərəfinə mayonez sürtüb üstünə xırdalanmış qoz, sarımsaq və göyərti tökün. İçliyi sarmısağı əzib üzərinə duz-istiot, doğranılmış qoz, göyərti və mayonezi əlavə edib qarışdıraraq da hazırlaya bilərsiniz. Son olaraq badımcan dilimlərinin arasına içlik qoyub, bükürük.  Ruletləri bir saat soyuducuda saxlayırıq. Daha sonra, zövqə görə bəzəyib, süfrəyə veririk.

Pomidorlu badımcan dilimləri

Bu yeməyin resepti də demək olar ki, Badımcan ruleti-nin tərkibinə daxil olanlarla eynidir. Belə ki, lazım olan ərzaqlar:

agroexpert.az badımcan dilimleri- pomidorlu badımcan

Badımcan
Pomidor ( konservləşdirilmişolar )
Sarımsaq
Göyərti – keşniş, şüyüd
Bitki yağı
Duz, istiot

Badımcanı 0,5 sm enində lövhəcik şəklində kəsin, duzlayıb 1 saatlıq kənara qoyun. Pomidorların üstünə 1 dəq. qaynar su töküb, qabığını təmizləyin. Xırdalayıb tavaya salın və orta odun üstünə qoyun. İmkan verin pomidorun şirəsi buxarlansın. Duz və istiot yaddan çıxmasın. Sonra biraz bitki yağı əlavə edib 5 dəq. qızardın. 1 saatdan sonra badımcanları yuyun və qurlayın. Orta odun üstündə qızılı rəngədək qızardın, duz və istiot əlavə edin. Badımcanları boşqaba yığın. Üstünə tomat pastası, əzilmiş sarımsaq və xırdalanmış göyərtini əlavə edin.

Xatırladaq ki, hər iki yemək soyuq halda süfrəyə verilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!