Biləsuvarda hər gün sahələrdən 250-300 ton pambıq yığılır
Biləsuvarda pambıq yığımının sürəti günbəgün artır. Yaxın günlərdə rayonda kütləvi pambıq yığımına başlanılacaq. Ötən il sahələrdən 30 min 249 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 2 min 71 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 1145 tonu maşınların köməyi ilə toplanılıb.

Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 61 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdən bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün işə 1700 nəfər işçi qüvvəsi cəlb olunub, 49 ədəd ən müasir və məhsuldar kombayn və yığım üçün lazım olan digər texnika məhsul istehsalçıların ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 250-300 ton məhsul toplanılır.
Qabaqcıl pambıqçı Tarverdi İbişov uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 10 hektar sahənin hər hektarından 42 sentner məhsul götürüb.
“Bu il də 10 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də sahəmdə bol məhsul yetişib. Hər il olduğu kimi bu mövsüm də məhsulu maşınlarla yığacağam. Sahəmdə qozalar tam açılmadığından hələ məhsul yığımına başlamamışam. Yaxın günlərdə sahəyə maşın çıxardacağam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq. Dövlətimiz tərəfindən pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 15-20 hektara çatdırmaq fikrindəyəm”, – deyə fermer bildirib.