Bitki immuniteti nədir? Necə mühafizə olunur?

Davamlı sortların yaradılması – xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm tədbirlərdəndir. Bitkinin ona ixtisaslaşmış xəstəlik tördiciləri ilə bilavasitə kontakta olduğu vaxt yoluxmaması sortun xəstəliyinə qarşı davamlılığının göstəricisidir. Bu bitkinin xəstəliyə qarşı immuniteti adlanır.

Bitki immuniteti mürəkkəb fizioloji proseslərə əsaslanan, mahiyyətcə dərin və geniş, öyrənilməsinə ehtiyacı olan sahədir.

Bitkilərdə immuniteti artırmaqla, xəstəliklərə qarşı davamlılığının yüksəldilməsi müasir seleksiya və genetikanın aktual problemidir. Hazırda mədəni bitkilərin əksər sahələrdə yüksək immunitetli bitki sortları istifadə etməklə xəstəliklərin yayılması və inkişafına qarşı əsaslı mübarizə aparılır.

1907-ci ildə А.А.Yaçevskiy, 1931-ci ildə İ.B.Miçurin, 1935-ci ildə Ş.U.Vavilov öz əsərlərində immuniteti yüksək olan bitki sortlarının alınması və tətbiqinin xəstəlik və zərərvericilərlə sirayətlənmənin qarşısının alınmasında böyük əhəmiyyəti olduğunu göstərmişdilər.

Xəstəlik törədiciləri bitkiyə daxil olduğu zaman xüsusi maddələr – fitoaleksinlər ifraz etməklə müdafiə olunur. 1940-cı ildə Miller və Bürger kartof yumrularının Phytophthora infestans göbələyinin təsirindən meydana gəlmiş reaksiyanı araşdırmış və ilk fitoaleksini qeydə almışlar.

Bitki immuniteti genetik (təbii) və sonradan qazanılan (süni) olmaqla 2 qrupa bölünür.

Bitkilərin bu və ya digər xəstəliyə qarşı təbii immuniteti xüsusiyyəti nəsildən-nəsilə genlə keçir. Xarici mühit şəraitinin təsirindən bu xüsusiyyət azala və ya arta bilir, lakin tamamilə yox ola bilməz. Təbii immunitet bir, bəzən isə bir neçə xəstəliyə qarşı ola bilər. Bu, kompleks immunitet adlandırılır. Sonradan qazanılan immunitet öz inkişafı dövründə bitkinin xəstəlik törədicisinin və ya xarici mühit şəraitinin təsirinə göstərdiyi davamlılıqdır. Bitkinin xəstəliklərə davamlılığının artırılmasında makro və mikrogübrələrlə əlavə yeniləmə, əkin vaxtının dəyişdirilməsi, səpin vaxtının və ya dərinliyinin optimallaşdırılması, toxumun səpin qabağı çeşidlənməsi, toxumların sağlam bitkilərdən yığılması və başqa tədbirlər tətbiq olunur.

Son dövrlərdə tətbiqi geniş yayılmış bioloji aktiv maddələrindən istifadə etməklə bitkilərin xəstliklərə qarşı immunitetinin artırılması metodları geniş yayılmışdır.

Bitkilərin xəstəliklərə qarşı immunitetinin artırılmasında xüsusi kimyəvi maddələr olan immunizatorlardan geniş istifadə edilir. Bunlardan

  • pararodanilin tərkibli maddələr,
  • fenol birləşmələrindən hidroxinon,
  • paranitrofenol,
  • ortonitrofenol və başqaları

1970-1980-ci illərə qədər tətbiq edilmişdir. Hazırda yeni, bitki mənşəli və ekoloji təmiz maddələrdən istifadə edilir. Bunlardan geniş istifadə edilən Oberyoq, İmmunositofit, Prorostok, Novosil, Silk, Sirkon və başqalarını göstərmək olar.

İmmunizatorların bitkilərə təsiri nəticəsində bitkilərdə maddələr mübadiləsi güclənir. Beləliklə, xəstəliklə yoluxmaya qarşı davamlılıq xüsusiyyəti artır. Bitkilərin hüceyrə tərkibində və ondan kənarda gedən fizioloji-biokimyəvi reaksiyaların səviyyəsindən asılı olaraq davamlılığı müxtəlif olur. Belə ki, zülalların, yağların, karbohidratların miqdarı və tərkibindən asılı olaraq onunla qidalanan parazitlərin növləri də müxtəlifliyi ilə seçilir. Davamlı bitki sortlarında orqanlarda olan nişastanın miqdarı yüksək olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!