Bitkilərdə kök çürümə xəstəliyinin növləri və yaranma səbəbləri

Taxılçılıqla məşğul olan bütün regionlarda kök çürümə xəstəliyi mövcuddur.

Bu xəstəliyə Azərbaycanda ən çox Şəki-Zaqatala, qismən də Quba-Xaçmaz və Kiçik Qafqazın dağətəyi bölgələrində daha çox təsadüf olunur. Səbəb isə rütubətlə təmin olunmuş, illik yağıntının miqdarı çox olan təbii iqlim bölgələrində daha sürətlə inkişaf etməsidir.

Şəki-Zaqatala respublikamızın taxılçılıqla məşğul olan ən böyük bölgələrindən (150 min hektara yaxın) biridir. Bölgənin torpaq-iqlim şəraiti, zəngin bitki örtüyü və təbii su ehtiyatı bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsinə imkan verir. Burada

  • Alazan-Həftəran vadisi boyunca düşən atmosfer çöküntülərinin illik miqdarı 700,
  • yuxarı dağətəyi hissələrdə 1200,
  • Şəkidə 701,
  • Zaqatalada 901 mm-ə çatır.

Yağıntılar ən çox yaz (235 mm) və payız (217 mm) aylarında düşür. ŞəkiZaqatala bölgəsinin təbii iqlim şəraiti burada bir çox xəstəliklərin, xüsusilə də, kökçürümənin inkişafı üçün olduqca əlverişlidir. Onu da qeyd etmək lazımdır ki, kökçürüməsi yağıntısı illərlə aşağı düzən rayonlarda da yayılır.

Yaz ayları respublikamızın bütün ərazilərində yağıntılı keçərsə, kök çürümə bütün taxılçılıq bölgələrində müşahidə ediləcək.

Azərbaycanda kök çürüməsi xəstəliklərinin əmələ gəlməsində bir çox torpaq göbələkləri: Fusarium, Helminthosporium, Ophiobolus, Pithium, Rhizoctonia, Alternariavə s. iştirak edir. Bu göbələklər saprofit və ya yarımparazit həyatı keçirərək, ən çox zəif bitkiləri xəstələndirir. Kök çürümə törədiciləri taxıllar fəsiləsinə aid olan bütün bitkiləri sirayətləndirir. Bir çox alaq otları da kök çürüməyə tutulur. Bitkilərin göbələklərlə sirayətlənməsi bütün vegetasiya boyu – cücərmədən başlayaraq sünbülləməyədək davam edir.

Kök çürümənin Azərbaycanda geniş yayılan və taxılın məhsuldarlığına ciddi ziyan vuran 3 növü vardır.

Fuzarium kök çürüməsi. Bitkininin, demək olar ki, bütün orqanlarında bu göbələk (kök, gövdə, sünbül, dən) müşahidə edilir. Xəstəliklə sirayətlənmiş taxıl cücərtiləri bəzən torpaq səthinə çıxmadan tələf olur. Xəstəliyə məruz qalmış cücərtilərin birinci və ikinci dərəcəli köklərində, kökboğazında qaralma müşahidə olunur, yarpaqları saralır, gövdəsi nazilir və inkişafca geri qalır. Belə bitkilər qışı pis keçirdikləri üçün tez tələf olur. Vegetasiyanın sonrakı mərhələlərində fuzarioz güclü yayılarsa, məhsuldar gövdələrin bir çoxu tələf olur, sünbüllər boş qalaraq çəhrayı rəng alır, əmələ gəlmiş dənlər isə olduqca yüngül və cılız olur. Belə sünbüllər boyca
kiçik qalmaları, sahədə cılız, arıq görünmələri və dik vəziyyətdə
durmaları ilə fərqlənir. Xəstəliyin bu mərhələsi sünbülün fuzariozu
adlanır. Sünbülün fuzariozu əsasən süd-mum yetişməsi dövtündə
70-75% nisbi rütubətdə çox intensiv inkişaf edir. Fuzarimla sirayətlənmiş dənlərin çəkisi olduqca yüngül, rəngi ağ, cücərmə qabiliyyəti zəif olur, onlar xəstəliyin bir ildən o biri ilə keçməsinin əsas mənbəyidir.

Agroexpert_Az kok curume xesteliyi

Ofiobolus kök çürüməsi. Göbələk taxıl cücərtiləri payızda sirayətləndirir və qışı xəstə toxumalarda keçirdikdən sonra erkən yazdan bitkilərin kökboğazında və köklərində yenidən inkişafa başlayır. Bitkilərin qışdan zəif çıxması xəstəliyin kütləvi şəkildə yayılmasına kömək edir. Xəstəliklə sirayətlənmiş gövdələrin kökləri, kökboğazı və birinci gövdə buğumları tamamilə qaralır və kövrəkləşir.

Ofiobolus göbələyi ilə yoluxmuş bitkilərdə əksər hallarda

  • sünbülləmə getmir, məhsuldar gövdələr tələf olur,
  • gövdənin ağlığı və sünbüllərin dənsizliyi müşahidə edilir.

Xəstəlik bitki qalıqları və torpaq vasitəsilə yayılır. Toxum xəstəliyin yayılmasında rol oynamır. Göbələk həyat fəaliyyətini torpaq və bitki qalıqları üzərində 10-15 il davam etdirə bilir.

Helminthosporium kök çürüməsi. Bu göbələk əvvəlkilərdən fərqli olaraq, daha çox yarpaqları sirayətləndirir.

Xəstəliyin inkişafı aprel, may aylarında temperaturun (20-28ºC) və nisbi
rütubətin (70-80%) yüksəlməsi ilə eyni vaxtda başlayır. Yarpaqlar
üzərində əmələ gələn kiçik ölçülü bozumtul ləkələr sonra bir-biri ilə
birləşib bütün yarpaq səthini tutur. Bitkinin tənəffüs prosesinin
pozur, onda fotosintezin intensivliyi zəifləyir və yarpaqları quruyub
tökülür. Təcrübələr təsdiqləyir ki, buğdanın helmintosporiozu Azərbaycanda yalnız yarpaq formasında yayılır, bitkilərin digər orqanlarında isə çox az hallarda müşahidə edilir. Göbələyin konidiləri uzunsov, ucları küt, bir qədər əyilmiş, 3-12 arakəsməli, böyüklüyü 60-17
mkm-dir. Qeyd etmək lazımdır ki, helmintosporioz xəstəliyi Şəkidə,
fuzarioz isə Zaqatala ərazisində daha geniş yayılır.

Kökçürüməni əmələ gətirən göbələklər yarımparazit mikroorqanizmlər olduqları üçün inkişafca zəif olan bitkiləri daha çox sirayətləndirir.

  • Təbii iqlim amilləri, xüsusən, yağıntılı hava şəraitinin çox çəkməsi,
  • bitkilərin uzun müddət su altında qalması,
  • onların köksistemində havalanmanın zəifləməsi

göbələklərin inkişafı üçün əlverişli şərait əmələ gətirir. Kökçürümə nəticəsində sahədə bitkinin sıxlığı, dənin çəkisi, sayı və cücərmə qabiliyyəti azalır, çörək bişirmə keyfiyyəti pisləşir.

Xəstəliyin kütləvi yayılma zamanı məhsuldarlığa vurduğu ziyan 35-50%-ə çatır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!