Bitkilərə forma vermə və budama

Bitkilərin budanılması və onlara forma verilməsi mühüm aqrotexniki tədbirlərdən biridir. Cavan, yəni 4-6 yaşa qədər olan meyvə, həmçinin dekorativ məqsədlə becərilən ağac və kol bitkilərində budama əsasən formavermə istiqamətində aparılır. Bitkilərə düzgün çətir formalarının verilməsi, onların ömrünü uzatmaqla yanaşı, məhsula düşmələrini tezləşdirir və dekorativ görkəmdə saxlayır.

Yaşlı bitkilər isə müxtəlif məqsədlərlə budanılır:
  • a) Məhsuldarlığın nizamlanması;
  • b) Çox yaşlaşmış bitkilərin dərin budanılması ilə cavanlaşdırılması;
  • c) Bitkinin xəstə, zədəli, qurumuş və qırılmış budaqlardan təmizlənməsi;
  • ç) Ətrafdakı bitkilərə, aqrotexniki işlərə və digərtədbirlərə mane olan budaqların kəsilməsi;
  • d) Köklər qida maddələrini və suyu yerüstü hissəyə normal çatdırmadıqda, yükün azaldılması;
  • e) Güclü şaxtalardan, doludan və digər təbiət hadisələrindən, xəstəlik və ziyanvericilərdən zədələnmiş budaqların kəsilməsi.
Bitkilərin budanılması

Bitkilər yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif məqsədlərlə budanıldığından budama ilin bütün fəsillərində aparıla bilər. Qışda yarpağını tökən bitkilərdə yarpaqlar tökülüb qurtaran kimi başlayıb, növbəti ili yeni yarpaqlar əmələ gələnə qədər olan budama quru budama adlanır. Qışı mülayim və az şaxtalı keçən aran zonalarında quru budama bütün payız-qış dövrü, qışı sərt keçən dağlıq zonalarda isə yazqabağı aparılır. Qışda yarpağını tökməyən (həmişəyaşıl) bitkilərdə bütün fəslillərdə, həmçinin qışda yarpağını tökən bitkilərdə müxtəlif məqsədlər üçün (məhsula düşməni tezləşdirmək, sıx çətir daxilini seyrəltmək və b.) yaz-yay ayları aparılan budama yaşıl budama adlanır.

Zərurət yaranmadıqda bitkilərin vegetasiya dövrü, yəni yaz-yay ayları budanılması məsləhət deyil. Çünki, bu zaman xəstəliktörədici mikroorqanizmlərin fəaliyyəti güclü olduğundan, onlar bitkinin yaralı orqanlarına daha sürətlə sirayət edir və bitki müxtəlif xəstəliklərə daha tez tutulur.

Vegetasiya dövrü bitkinin yaşıl hissələri hər hansı səbəbdən (yaşıl budama, güclü külək, dolu və b. səbəblərdən) zədələndikdə dərhal zonanın xarakterik xəstəliklərinə qarşı uyğun preparatlardan istifadə etməklə profilaktiki dərmanlama aparılmalıdır. Budama çox diqqət, səriştə və peşəkarlıq tələb edən bir əməliyyatdır.

Adətən gödəltmə və seyrəltmədən ibarət olmasına baxmayaraq hər bir bitkiyə ayrıca yanaşma tələb olunur. Bununla belə, budamada ümumi prinsipləri bilmək vacibdir:
  • a) Budama yüksək səviyyədə itilənmiş və sazlanmış alətlərlə (mişar, qayçı, bıçaq) aparılmalıdır;
  • b) Bütün budamalarda çalışmaq lazımdır ki, kəsilən hissə sonuncu tumurcuğun (gözün) əks tərəfindən 1-2 sm aralı maili kəsilsin;
  • c) Birillik yaşıl və ya oduncaqlaşmış zoğlar bağ qayçısı və ya bıçaqla çoxillik oduncaqlaşmış budaqlar isə bağ mişarı ilə kəsilməılidir;
  • ç) Gövdədən ayrılmış l dərəcəli budaqları kəsərkən nə çox uzun (2 sm-dən artıq), nə də gövdəyə bitişik yerdən kəsmək düzgün deyil. Birinci halda gövdədə qalan hissədən yatmış tumurcuqlar oyanaraq yeni əlavə zoğlar əmələ gətirəcək, ikinci halda isə əsas gövdə zədələnmiş olacaq;
  • d) Budama zamanı diametri böyük kəsiklərə mütləq bağ məlhəmi sürtülməlidir;
  • e) İki əllə işlədilən bağ qayçıları ilə budama aparıldıqdan sonra kəsilmiş hissələr bitki üzərindən təmizlənməlidir;
  • ə) Güclü budama aparılmış bitkilər dərhal suvarıl-malıdır ki, yara yerləri tez sağalsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика