Bitkilərin düzgün suvarılmasında norma nə qədərdi?..

Bitkilərin normal böyüməsi və inkişafı üçün havanın və torpağın rütubətliliyinin böyük əhəmiyyəti var. Ona görə də təbii atmosfer çöküntüləri az olan bütün ərazilərdə bitkilərin suvarılması zəruridir. Bitkilərin suvarılma norması və vaxtı torpaq-iqlim şəraitindən və bitkinin bioloji xüsusiyyətindən asılı olaraq müəyyənləşir.

Ağır-gilli, qidalı-qara torpaqlarda suvarmalar çox norma ilə gec, yüngül-qumsal torpaqlarda isə az norma ilə tez-tez aparılır.

Atmosfer çöküntülərinin illik miqdarı 600 mm-dən çox olan zonalarda suvarmalar az, bundan az olan zonalarda, (məs.: Abşeron yarımadasında) tez-tez aparılır.

Ağac və kol bitkilərinə nisbətən ot tipli bitkilər az su norması ilə, tez-tez suvarılır. Ümumiyyətlə, suvarma elə aparılmalıdır ki, bitkinin kök sistemi yerləşən torpaq qatının rütubətliliyi 70-80% olsun.

Cədvəl. E.V.Kryunkova görə təxmini suvarma norması:

agroexpert.az bitkilərin suvarılma cədvəli

Yeni əkilmiş bütün bitkilər dərhal suvarılmalıdır ki, torpaqla bitki kökü arasında hava boşluğu qalmasın.Bitkilərin illik və ya aylıq suvarılma sayı hər hansı rəqəmlə təsdiq olunmur. Bu, say bitkilərin vəziyyətilə əlaqədardır. Yəni, bitkiyə suyu onun “tələb etdiyi” zamanda vermək lazımdır. Belə olduqda suya qənaət olunmaqla yanaşı, bitkilər də sudan səmərəli istifadə etmiş olur.

Dibçək bitkilərinin suvarılması

Dibçək bitkilərinin suvarılması, onların yemləndirilməsində olduğu kimi xüsusi diqqət tələb edir. Dibçəkdə suyun çatışmazlığı və artıqlığı bitkinin tez bir zamanda məhvinə səbəb olur.

Qeyd olunmalıdır ki, suyun çatışmazlığı səbəbindən bitkinin məhv olacağı əvvəlcədən gözlə göründüyü halda, artıqlığından məhv olması gözlə müşahidə olunmur. Çünki, dibçəyin çox normada və tez-tez suvarılması ilk növbədə bitki köklərinin çürüməsinə səbəb olur.

Daha sonra gözlə görünən hissə quruduğundan bitkini həyata qaytarmaq artıq gec olur.Dibçəkdə torpağın 5-10 sm-lik üst qatının quruması, onun suvarılması vaxtının əsas göstəricisidir. Dibçək bitkiləri payız-qış ayları səhərlər, yaz-yay ayları isə axşamlar suvarılmalıdır. İstifadə olunan su otaq temperaturunda olmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!