Buğdanın qonur pas xəstəliyinə qarşı mübarizə üsulları

Qonur pas taxıl bitkilərinin, xüsusilə buğdanın əsas xəstəliyidir. Taxıllar fəsiləsinə aid olan bəzi ot bitkilərini də sirayətləndirir. Xəstəliyin səciyyəvi əlaməti yarpaqlar üzərində dağınıq şəkildə kifayət qədər iri, qonur rəngdə
pustullar-uredosporların əmələ gəlməsidir. Uredosporlar heç vaxt bir-biri ilə bitişik şəkildə olmur, ətrafları nekrotik və xlorotik ləkələrlə əhatələnir.
Göbələyin qışlama mərhələsi: teleytosporlar xəstəliyin axırlarında yarpaqların alt hissəsində qara qonur rəngdə yağlı ləkələr şəklində əmələ gəlir.

Qonur pasın uredosporları geniş temperatur həddində, adi şeh damlasının mövcudluğu şəraitində 2-31°C-də çox yaxşı inkişaf edir.

Xəstəliyin taxıl yerində bitmiş və erkən səpilmiş taxıl cücərtiləri üzərində inkişafa başlayan uredomitselləri və uredosporları Azərbaycan şəraitində bütün qış uzunu öz həyat qabiliyyətini saxlayır, yalnız buğdanın süd və mum yetişməsi dövründə (iyun, iyul) kütləvi şəkildə yayılır. Göbələyin uredosporları kifayət qədər nisbi rütubətdə bütün yay boyu artıb çoxala bilir. Lakin temperaturun yüksək və nisbi rütubətin aşağı olduğu şəraitdə uredosporlar öz həyat qabiliyyətini itirir və əksəriyyəti payız səpinlərinə qədər tələf olur. Göbələyin inkubasiya (gizli) dövrü temperaturdan asılı olaraq 5-18 gün davam edir. Qonur pas xəstəliyi respublikanın ayrı-ayrı regionlarında hər il bu və ya digər səviyyədə yayılır. 200-dən çox ras və biotipləri vardır .

agroexpert.az bugdada qonur pas xesteliyi

Qonur pasın məhsuldarlığa vurduğu ziyan sarı pasla müqayisədə çox aşağıdır (6-10%). Bu onun vegetasiyanın sonunda (südmum) mərhələsində əmələ gəlməsi ilə izah olunur.

Mübarizə tədbirləri.

Qonur pas xəstəliyinə qarşı ən əhəmiyyətli tədbirlərdən biri davamlı sortlardan istifadə olunmasıdır.

Azərbaycanda rayonlaşdırılmış buğda sortları – “Qaraqılçıq-2”, “Bərə-
kətli-95”, “Şiraslan”, “Əlincə”, “Vüqar”, “Əkinçi-84”, “Əzəmətli-
95”, “Qobustan”, “Ruzi” qonur pasa davamlıdır.

Taxılın vaxtında yığılması, yığımdan sonra sahələrdə taxıl cücərtilərinin əmələ gəlməməsi üçün (cücərtilər xəstəliyin ehtiyat mənbəyidir) kövşən qalıqlarının yumşaldılması, sahənin üzlənməsi (8-10 sm) və dərin yay şumu aparılması zəruridir. Taxıl səpininin optimal müddətdə keçirilməsi, azot, fosfor və kalium gübrələrinin (N, P, K) kompleks şəkildə tətbiqi bitkilərin inkişafını gücləndirir və xəstəliyə qarşı müqavimətini artırır. Azotun birtərəfli qaydada ayrılıqda verilməsi bitkilərin qonur pasa davamlılığını azaldır.

Kimyəvi mübarizə: Kimyəvi mübarizə tədbirləri xəstəliyə güclü tutulan xəstəlik əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, tədbirin heç bir nəticəsi olmur. Kimyəvi mübarizə vasitəsi kimi, 25%-li Tilt (250 qr/litr Propikonozol) 0,5 l/ha, 25%-li Bayleton (250 qr/kq Triamidefon)1,0 kq/ha və yaxud 25%-li Folikur (250 qr/kq Tebukonazol) 0,5 kq/ha məsarif normasında istifadə etməklə çiləmə aparılmalıdır. Çiləmə preparatlarının bir hektarlıq sahə üçün nəzərdə tutulmuş norması 250-300 litr su ilə qarışdırılıb yerüstü çiləyicilər vasitəsilə həyata keçirilməlidir. Sarı pasa yoluxmuş toxumların dərmanlanması da zəruridir. Taxıl bitkilərinin pas xəstəlikləri ilə sirayətlənməsi 20-25%-dən artıq olmazsa, kimyəvi mübarizənin tətbiqi iqtisadi cəhətdən effektli hesab edilmir.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!