Buğdanın unlu şeh xəstəliyi

Təsnifata görə xəstəliyin törədicisi Erysiphe graminis DC kisəli göbələklərin Ascomycota şöbəsinin, Erysiphe cinsinin nümayindəsidir. Erysiphales sırasına aiddir. Dənli taxıl və yabanı ot bitkilərinin əksəriyyəti unlu şeh xəstəliyinə tutulur. Xəstəliy ən çox bitkilərin:

  • aşağı yarus yarpaqları,
  • kütləvi yayılma zamanı gövdə,
  • yuxarı yarus yarpaqları,
  • qılçıqlar da sirayətlənir .

Yarpaqların alt hissəsində əvvəlcə göbələyin ağımsov mitseli təbəqəsi, onun
üzərində isə bir qədər bozumtul rəngə çalan unvarı ləkələr-konidilər əmələ gəlir. Sonra bu ləkələr sıxlaşıb tündləşərək keçəyə bənzər örtük əmələ gətirir. Onun üzərində göbələyin meyvə bədəni kleystokarpiləri yetişməyə başlayır. Kleystokarpinin forması dəyirmi, üzəri xırda çıxıntılarla əhatələnmiş, rəngi əvvəlcə qonur, sonra qaralmış, ölçüsü isə 130-180 mkm olur.

Kleystokarpinlərin daxilində bir neçə kisə, hər bir kisənin içərisində isə rəngsiz, elleptik formada 4-8 ədəd spor yerləşir. Bu kisə sporların 20-23×11-13 mkm-dir. Payıza döndükdə kleystokarpilər partlayır, kisə və kisə sporları ətrafa yayılaraq, bitki qalıqlarını sirayətləndirir. Burada göbələyin konidi mərhələsi yenidən başlayır və payızlıq buğdanın körpə cücərtiləri yenidən konidilərə yoluxur.

Unlu şeh xəstəliyi nin törədiciləri yarpaq səthinə yapışmaq üçün xüsusi apressorilər və bitki hüceyrələrindən qida maddələrini mənimsəmək üçün qaustorilər buraxır. Erysiphe graminis çox mürəkkəb bir cinsdir, onun bir və bir neçə növ bitkini xəstələndirə bilən
ixtisaslaşmış formaları var. Məs: E. graminis f. tritici buğdanı, E. graminis f. secalis çovdarı və s. xəstələndirir.

Ümumiyyətlə, taxılın vegetesiyası dövründə onu, unlu şehlə sirayətləndirən konidilər payızdan başlayaraq vegetasiyanın sonuna qədər bir neçə nəsil verir.

Onlar bitkidən-bitkiyə, əsasən, külək vasitəsi ilə yayılır. Bitkilərin unlu şehlə sirayətlənməsi 60-100% nisbi rütubət və 0-20°C temperarurda daha intensiv gedir. Havanın temperaturu 30°C-dən yüksək olanda göbələyin inkişafı ləngiyir.

Unlu şehin vurduğu ziyan yarpağın assimilyasiya səthinin keçilməsi, bitkidə xlorofil və digər piqmentlərin parçalanması ilə xarakterizə olunur. Bitkilərin unlu şehlə güclü sirayətlənməsi məhsuldar gövdələrin azalmasına, sünbülləmənin gecikməsinə və yetişmənin tezləşməsinə səbəb olur. Qeyd olunan amillərin təsiri məhsuldarlığı 8-10%, bəzən də daha çox 12-15% aşağı salır.

Yaz aylarında havaların rütubətli keçməsi unlu şehin kütləvi şəkildə yayılmasına kömək edir. Azərbaycanda unlu şehin epifitotiyası (kütləvi yayılması) çox az hallarda müşahidə edilir.

Mübarizə tədbirləri.

Xəstəliyə qarşı davamlı sortların tətbiqinə xüsusi diqqət yetirilməli, payızda taxıl yerində bitmiş cücərtilər xəstəliyin infeksiya mənbəyi olduğu üçün biçindən sonra sahədə qalmış kövşən qalıqları məhv edilməli, cücərtilərin əmələ gəlməsi üçün üzləmə və sonra dərin yay şumu aparılmalıdır. Çox erkən
səpinlər xəstəliyə daha çox məruz qalır, buna görə də səpin hər bir region üçün müəyyən edilmiş optimal müddətlərdə aparılmalıdır.

Taxıl sahələri nisbi rütubətin toplanmasına və bununla da unlu şehin kütləvi yayılmasına səbəb olan alaq otlarından təmizlənməlidir. Fosfor və kalium gübrələrinin tətbiqinə üstünlük verilməli, lazım gələrsə, onları payızda və yazda azotla birlikdə qarışdırıb yemləmə şəklində vermək olar.

Buğdanın vegetasiyası dövründə unlu şeh xəstəliyi kütləvi şəkildə yayılarsa, tətbiq edilən preparatlar aşağıdakılardır:
  • 70%-li Topsin M (1-1,2 kq/ha),
  • 25%-li Bayleton (0,5 d/ha),
  • 50%-li Benlat (0,5-0,6 kq/ha).

Çiləmə bu preparatlardan birinin bir hektarlıq normasını 250-300 litr su ilə yaxşı-yaxşı qarışdırdıqdan sonra aparılır.

Müəllif:  Cəbrayıl Ağayev

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!