Çox ləzzətli qədim Bakı yeməyi “Mütəccəm”
Azərbaycanın milli xörəklərinin hazırlanmasında dəniz, göl və çaylarının müxtəlif balıq növləri istifadə edilir. Bu gün sizlərə Agroexpert.az qədim Bakı mətbəxinin bir çoxlarının bilmədiyi balıq yeməklərindən “Mütəccəm” yeməyinin reseptini təqdim edir.

Tərkibi:
- 1 ədəd kütüm balığı
- 1 ədəd soğan
- 200 qr qoz ləpəsi
- 200 qr kişmiş
- 1 dəstə keşniş, şüyüd, kəvər, şomu
- 1 çay qaşığı şəkər tozu
- 2 çay qaşığı narşərab
- 150-200 qr kərə yağı
- duz-istiot
- Üzəri üçün nar dənələri
Ləzzətli Bakı yeməyi Mütəəccimin hazırlanma qaydası
İlk öncə kütüm balığını yuyub, təxminən 2 barmaq qalınlığında doğrayın. Duz və istiot vurub kənarda saxlayın . Bir qabda kərə yağını əridin və yarım halqa doğranmış soğanı yağda qovurun. Qovrulan soğanlara kişmiş əlavə edib bir az qovurun. Daha sonra xırda doğranmış qoz ləpəsi, duz, şəkər tozu əlavə edib 5 dəqiqə bişirin. İstiot və narşərab əlavə edib ocaqdan götürün. Yuyulub süzülmüş göyərtiləri doğrayın. Kişmişli içliyi göyərtilərin üzərinə töküb yaxşıca qarışdırın. Dərin qazanın alt hissəsinə bir qat göyərtili içlikdən tökün. Balıq tikələrinin arasına içlikdən doldurun. Daha sonra doldurulmuş balıq tikələrini qazandaki göyərtinin üzərinə düzün və qalan içliyi də qazana tökün. Üzərinə kərə yağı dilimi qoyub yarım saat zəif odda bişirin. Yeməyi isti-isti süfrəyə verin. Zövqə görə üzərinə nar dənələri səpin.
Nuş olsun!