Dərman istehsalında və xalq təbabətində geniş istifadə olunan-Qanqal

Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı tətbiq edirdilər.

XX əsrdə Almaniyanın Münxen Əczaçılıq İnstitutunda qanqalın qara ciyərə pozitiv təsiri təsdiq olundu. Qanqal dünya əczaçılıq sənayesində qara ciyərin fəaliyyətini yaxşılaşdıran müxtəlif dərman preparatlarının tərkibinə daxil edildi. Həmin dərmanlar qara ciyər, öd kisəsi xəstəlikləri və pozulmaları zamanı təyin olunur.

agroexpert.az qanqal bitkisinin faydaları
Qanqal hansı bitkidir?

Qanqal yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Havalar isinər-isinməz isə yol kənarlarında qanqalın satışı həyata keçirlir. Tikanlı olduğu üçün əksər insanlar ondan uzaq dursalar da, qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir. Yazın əvvəlində yetişən şirəli özəyini sevənlər çoxdur. Qanqal bitkisi tikanlı olsa da, insan orqanizminə faydası böyükdür.  Qanqal əsasən mart-aprel ayında yeyilir. May ayında toxumladığından onun zoğ hissəsi deyil, toxumları yığılaraq qovrulur və istifadə edilir.

Qanqalın faydaları nələrdir?

  • orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir,
  • artıq mayeni xaric edir,
  • piylərin parçalanmasını sürətləndirir,
  • iştahanı azaldır.
  • Qanqalın bu xüsusiyyətləri arıqlamağa kömək edir.
Arıqladan qanqal çayının hazırlanması:

1 çay qaşığı qanqal toxumları və 3-4 nanə yarpağının üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir, yaxşı süzülür. Çayı yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axşam) yeməkdən əvvəl ilıq halda için. Kurs — 10 gün.

Nəzərə almaq lazımdır ki, bəzi insanlara belə çay ziyan vura bilər. Belə ki, xroniki mədə-bağırsaq sistemi, ciddi qaraciyər xəstəlikləri olan insanlar bu çaydan istifadə etməməlidir.

Qanqal bitkisi həmçinin ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Qanqaldan dəmləmə, yağ və müalicəvi toz hazırlayırlar. Bitkinin ən xeyirli hissəsi onun toxumlarıdır.

Qanqalın toxumları yığılır, qəhvəüyüdən maşında, yaxud həvəngdəstədə döyülərək toz halına salınır. Gündə 3-4 dəfə 1 çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 1 ay aparılandan sonra 1 ay fasilə verilir və yenidən 1 ay təkrar edilir.

Qanqaldan dəmləmə hazırlamaq üçün 1 çay qaşığı qanqal toxumu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir, süzülür, nahardan və axşam yatmazdan əvvəl yarım stəkan qəbul edilir. Dəmləmə aterosklerozla mübarizəyə kömək edir, mədə-bağırsaq, ginekoloji xəstəliklər zamanı istifadə olunur. Belə dəmləmə, həmçinin qara ciyəri yaxşı təmizləyir, öddə olan durğunluğu aradan qaldırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!