Dünyada ilk dəfə vulkan palçığından gübrə əldə edildi – Azərbaycanda

Yeni kompleks gübrə pambığın məhsuldarlığını ənənəvi gübrələrlə becərilən sahələrə nisbətən təxminən iki dəfə artırmağa imkan verir

Azərbaycanlı geoloq və kimyaçı alimlər dünyada ilk dəfə vulkan palçığı əsasında yüksək göstəriciyə malik yeni kompleks gübrə əldə ediblər. Akademik Akif Əlizadənin rəhbərlik etdiyi Geologiya və Geofizika İnstitutunun alimlərinin yeni texnoloji üsulla aldıqları gübrə Salyanın Xələc kəndində sınaqdan keçirilib və uğurla nəticələnib.

vulkan agroexpert.az

İnstitutun baş elmi işçisi, professor Mirəli Alosmanovun rəhbərliyi ilə həyata keçirilən sınaq məqsədli eksperimental tədqiqatlar həmin müəssisənin şöbə müdiri, professor Adil Əliyev, dosent Orxan Abbasov, eləcə də Kataliz Qeyri-üzvi Kimya İnstitutunun dosenti Zarema Cabbarova və Şahin Bağırov tərəfindən aparılır.

İndiyədək dünya miqyasında analoqu olmayan bu elmi ixtiranın kənd təsərrüfatı sahələrində sınaqdan keçirmək məqsədilə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən rayonun Xələc kəndində yerli mülkiyyətçiyə aid bir hektar sahə ayrılıb. Həmin təsərrüfatda hazırlanmış yeni gübrə ilkin olaraq pambıq bitkisinin becərilməsi prosesində tətbiq edilib.

Geologiya və Geofizika İnstitutunun alimləri nəticə ilə tanış olmaq üçün təcrübə sahəsinə baxış keçiriblər. Fermer Yudif Nəzirovun ənənəvi üsullu becərilən sahələrindən fərqli olaraq, sözügedən gübrənin tətbiq edildiyi yanaşı sahədə yetişdirilən pambıq bitkisinin inkişafı və məhsuldarlığı müsbət mənada mütəxəssislərin diqqətini cəlb edib. Belə ki, bitkinin hündürlüyü, gövdəsi və kolunun budaqları digər yanaşı sahələrdəki pambıq kollarını xeyli üstələyir. Ümumilikdə, orta hesabla yeni gübrə ilə yetişdirilən pambıq kolunda 60-dan çox açılmış pambıq və qoza qeydə alınıb. Hər qozadan alınan pambığın orta çəkisi 14 qrama çatır ki, bu da yüksək nəticə hesab edilir.

İnstitutun baş elmi işçisi, professor Mirəli Alosmanov təcrübənin ilkin nəticələri barədə məlumat verərək deyib: “Bu sahənin bir tərəfinə bizim hazırladığımız üzvi kompleks gübrə, digər tərəfinə isə indiyədək istifadə edilən başqa gübrələr səpilib. Gördüyünüz kimi, azərbaycanlı alimlərin əldə etdikləri yeni gübrənin səpildiyi sahə ilə, digər gübrələrin səpildiyi sahə arasında yerlə-göy qədər fərq var, məhsuldarlıq yüksəkdir. Bu, ümumilikdə, ölkəmizdə kənd təsərrüfatının inkişafı, məhsuldarlığın yüksəldilməsi baxımından çox əhəmiyyətlidir”.

gübrə agroexpert.az

Fermer Yusif Nəzirov yeni üzvi gübrənin üstünlüklərindən söhbət açıb. “Pambıq sahənin yarısına azot, fosfor-kalium, yarısına da alimlərimizin icad etdiyi gübrəni səpmişdim. Sahələr arasındakı məhsuldarlıq fərqi göz qabağındadır. Ənənəvi gübrə verilən sahələrdə 1 hektarda məhsuldarlıq 25-30 sentner olursa, yeni kompleks gübrənin verildiyi sahədə bu göstərici 40-45 sentnerə çatacaq”, – deyə o vurğulayıb.

Hazırda alimlərin iştirakı ilə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən məhsulun yığımı həyata keçirilir. Sonrakı mərhələlərdə yetişdirilən pambığın kəmiyyət və keyfiyyət parametrləri müəyyənləşdiriləcək və alınan nəticələr təhlil olunacaq.

Qeyd edək ki, Azərbaycan palçıq vulkanlarının diyarı hesab edilir. Palçıq vulkanlarının püskürməsi nəticəsində hər il yerin müxtəlif dərinliklərdən səthə milyon kubmetrlərlə brekçiya (vulkan palçığı) çıxır. Vulkan palçığının müalicəvi, həmçinin tikinti və kosmetologiya sahələrində istifadə edilməsi məlumdur. Lakin alimlərimiz indiyədək Azərbaycanda istifadə edilməyən vulkan palçığı xammalı əsasında kompleks gübrə hazırlayıblar və bu ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669