Duzda toyuq budu (RESEPT)
Duzda bişirilməsinə baxmayaraq duzlu olmayan, çox fərqli, bir o qədər də ləzzətli bir resept.. Qaya duzuna basdırılmış öz suyunda bişən bu yemək möhtəşəm bir dada malikdir. Agroexpert.az duzun içində, öz yağıyla bişən toyuq budu yeməyinin reseptini təqdim edir.

Tərkibi:
- 8 toyuq budu
- 1 kq iri qaya duzu
- 1 çay qaşığı istiot
- 1 çay qaşığı qırmızı bibər tozu
Hazırlanma qaydası:
Dərin soba sinisinə və ya odadavamlı şüşə bir qaba iki barmaq qalınlığında qaya duzunu yayın. Toyuq budlarını yuyub kağız salfetlə qurulayın. Budların üzərinə istiot və bibər tozu səpin. Toyuq budlarını duzun içinə batıraraq yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada duza basdırılmış toyuq budlarını 55-60 dəqiqə nar kimi qızaranadək bişirin. Toyuq budlarını sobadan çıxarıb üzərindəki duzu təmizləyin və süfrəyə verin.
Nuş olsun!
Qeyd: Qaya duzunda bişirilməsinin səbəbi duz minerallarının toyuğun içinə çəkməsidir. Bu onu daha ləzzətli edir. Toyuq bunun sayəsində yumşaq olur. Sümüyünə qədər ən təbii şəkildə bişir.