Azərbaycanda əkinçiliyin tarixi

agroexpert.az ekincilik haqqinda

Keçmişi dərindən öyrənmək və xalqın istehsal fəaliyyəti tarixini öyrənmək, mükəmməl mənimsəmək üçün onu hərtərəfli araşdırmaq lazım gəlir. İnsan həyatı bilavasitə maddi nemətlər istehsalından asılı olduğuna görə, iqtisadi-istehsal tarixinin öyrənilməsinin böyük elmi-praktik əhəmiyyəti vardır.

Azərbaycanın təbii-coğrafi şəraiti ta qədim dövrlərdən burada əkinçilik mədəniyyətinin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır.

Azərbaycanın müxtəlif rayonlarında: Qəbələ, Örənqala, Yaloylutəpə, Kültəpə, Xocalı, Qaraköpəktəpə və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri qalıqları Azərbaycanda son neolit və Tunc dövrlərindən başlayaraq burada əkinçilik mədəniyyətinin yayılmasını sübut edir. Xocalı, Üzərliktəpə və Kültəpə yaşayış məskənlərindən əldə edilən bərk və yumşaq buğda və arpa bitkiləri qalıqları hələ uzaq keçmişdə bu ərazidə geniş miqyasda dənli bitkilərin becərildiyini təsdiq edir. E.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində tunc dövrünə aid olan əkinçilik alətləri artıq toxa əkinçiliyindən xış əkinçiliyinə keçilməsi barədə məlumat verir. Gədəbəy rayonundan tapılmış tunc oraq, Göygöl (Keçmiş Xanlar rayonu) rayonu ərazisindən tapılan çaxmaqdaşı geydirilmiş ağas vəllər bu cəhətdən olduqca elmi maraq doğurur.

Azərbaycan ərazisində, sasanilər dövründə çəkilmiş Govurarx kanalının izləri bu yerlərin düzən rayonlarında süni suvarma əkinçiliyinin geniş tətbiq edildiyini göstərir. Mingəçevir, Yaloylutəpə, Nüydi, Qəbələ, Şamaxı yaşayış yerlərindən əldə edilən daşları (kirkirə), dəmir oraq, Təsərrüfat küpləri və s. Azərbaycanın qədim sakinlərinin əkinçilik peşələri haqqında dolğun təsəvvür yaradır.

Qədim əkinçiliyə aid əkinçilik alətləri və dən daşları hələ eneolit dövründən Azərbaycanda taxıl bitkilərinin yetişdirilməsi haqqında əsaslı fikir söyləməyə imkan verir.
Orta əsrlər dövründə və habelə yeni dövrdə Azərbaycan əkinçiliyi geniş inkişaf etmişdir. Bu dövrlərdə əhali öz təsərrüfat məişətini bir növ yeni qaydada qurmuş, təsərrüfatın çoxsahəliliyinə nail olaraq taxılçılıqla yanaşı bağçılıqla, bostançılıqla, tərəvəzçiliklə, üzümçülüklə və texniki bitkilər becərilməsi ilə məşğul olmuşdur.

XIX əsrdə Azərbaycanda dənli bitkilər əkinçiliyi – buğda, arpa, çəltik, qismən qarğıdalı və darı becərilməsi üstün mövqe tuturdu.

Torpağın məhsuldarlığını artırmaq üçün ata-babadan miras qalmış ənənəvi qaydalara riayət olunurdu. Yorulmuş torpaq sahələri bir qayda olaraq dincə buraxılır, növbə ilə digər boş sahələr becərilirdi. Dincə baraxılmış sahələrdə isə azot gübrəsi ilə zəngin olan xüsusi yonca növü əkirdilər.

Əkinçilik sistemi iki üsulla aparılırdı: dəmyə və suvarma əkinçiliyi. Bir qayda olaraq su çıxarılması mümkün olmayan sahələrdə dəmyə əkinçiliyi tətbiq olunurdu. Subasar ərazilərdə isə suvarma əkinçiliyi geniş yayılmışdır. Buğda nölərinin müxtəlifliyindən asılı olaraq (Sarı buğda, ağ buğda, qaraqılçıq, xırda buğda, zərdə buğda, qırmızı buğda, kərə buğda, gülzar buğda, gülsər, qılçıqsız buğda, dəvə dişi) qədim vaxtlardan Azərbaycanda yazlıq və payızlıq əkin sistemi tətbiq eilirdi.

Əkinçilikdə istifadə olunan əmək alətləri çox primitiv vəziyyətdə idi.

Əsas şum alətləri xış və qara kotan idi. Azərbaycanda ücuna dəmir gavahınlar keçirilmiş ağac xışlar mühüm rol oynayırdı. Ağır qara kotanlara nisbətən xış aztorpaqlı fərdi kəndli təsərrüfatı üçün daha yararlı əmək aləti idi. Qara kotanlar xalqımızın torpağı becərmək üçün əsrlər boyu istifadə etdiyi Ən sadə alətlərdən başlamış şum alətlərinə qədər bütün əkinçilik aləçtlərinin xüsusiyyətlərini özündə birləşdirir. «Kotan» sözü Qafqaz xalqlarının böyük əksəriyyətinin dilingə «ağac kotan» mənasını daşıyır. «Qara» sözünün etimalogiyası güman edildiyi kimi, rəng mənasında olmayıb, böyük, nəhəng, ağır mənalarını daşımışdır. Doğurdan da bu kotanlar möhkəm ağac cinslərindən, nəhəng formada hazırlandığına görə çox ağır olurdu. Ona görə də bu kotana iş zamanı bir neçə cüt dartı qüvvəsi (kəl, öküz) qoşurdular.

Azərbaycanda müxtəlif çəltik növləri yetişdirilirdi. Tam olmayan məlumatlara görə XIX-XX əsrin əvvəllərində burada 50-dən artıq çəltik növü becərilirdi. Ən geniş yayılan çəltik növlərindən:

  • əmbərbu, sədri, çiləyi, çampo,
  • marağa, əkülə, şabran, şəril,
  • sarıqılçıq, ağçilə, çilənbəri,
  • çitim, səyad, xəkinə və s.

Çəltik bitkisinin bu növ müxtəlifliyi bu bitkinin qədim tarixə malik olduğunu sübut edir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!