Ənginarın maraqlı tarixi

Qədim yunan əfsanəsinə görə, Göy Allahı Zevs yer qızı Sinaraya aşiq olur. Onu öz yanına, Olimp dağına dəvət edir. Bir dəfə Sinara Zevsin icazəsi olmadan yerə qayıdır. Bundan qəzəblənən Zevs onu tikanlı bitkiyə – Sinaraya (Cynara scolymus L.) çevirir.

Dilimizdə ənginar (artişok) adlanan həmin bitki haqqında çoxları eşitsə də, onun becərilməsi, istifadəsi barədə məlumatları çox azdır.

Şimali İtaliyada “articiocco” sözündən olan bu bitki “şam qozası” mənasında, yunan dilində isə “samara” sözündən olub mənası it deməkdir. Çiçəkləmə və meyvəsinin yetişmə dövründə adamın əlayağına batıb qanaxmaya səbəb olduğuna görə ona bu adı verilmişlər.

Çoxsahəli istifadə xüsusiyyətlərinə malik olan ənginar çoxillik ot bitkisidir. Mürəkkəbçiçəklilər – Asteraceae fəsiləsinə aiddir və beynəlxalq adı Cynara L.-dir.

Vətəni Aralıq dənizi ölkələri hesab olunan bu cinsin Yer kürəsinin müxtəlif təbii-coğrafi ərazilərində, xüsusilə Avropanın orta qurşaqlarında, Şimali və Cənubi Amerikada, Kanar adalarında 12-yə qədər növü yayılmışdır. Azərbaycanda 2 növü – C. cardunculus L. (İspaniya ənginarı), C. scolymus (əkin və ya tikanlı ənginar) yayılmışdır. Əkin və ya tikanlı ənginara bəzən fransız artişoku, yaşıl artişok da deyilir. Hər iki növ mədəni əkin şəraitində becərilir. Daha geniş becəriləni isə əkin və ya tikanlı ənginardır.

Əkin ənginarı çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m-ə qədərdir.

Bütün yerüstü hissələri göy-yaşıl rəngdədir. Gövdə və yarpaqları xırda, sıx tükcüklərlə örtülmüşdür. Yarpaqları iri dilimli və ya lələkvari bölümlüdür. Çox iri olub, uzunluğu 120, eni isə 45 sm-ə qədərdir.

Yarpaqların səthi nisbətən az tüklü, açıq-mavi, alt hissəsi isə sıx tüklü, gümüşü rəngdədir. Kökyanı (rozet) yarpaqları nisbətən iri və uzunsaplaqlı, gövdə yarpaqları isə xırda və oturaqdır. Gövdəsi ətli, yoğun, dikduran, şırımlı və budaqlanandır (1-15 ədəd). İri, səbət çiçək qrupuna toplanmış çiçəkləri göy, bənövşəyi, bəzən də ağ rəngli olub, boruvaridir.

Səbət çiçək qrupu şarvari, yarımdairəvi olub, diametri 12-20 sm-dir. İyun ayında çiçəkləyir, çarpaz tozlanandır, meyvəsi iyul-avqust aylarında yetişir. Meyvəsi (toxumları) 5-8 mm uzunluqda yumurtavari olub, tünd-boz rəngli, kəkilli toxumçadır. Toxumlar iri olub, 1000 ədədinin çəkisi 45-55 q-dır. Kök sistemi yoğun, qonur-sarı rəngli, ətli-şirəli olub, düyünlü, mil köklüdür. Çox miqdarda yan köklər əmələ gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика