Gələcəyin fermaları
Rəhmətlik Sabir demiş, “Əcnəbi göydə balonlarla seyr eliyir”, bizə isə bu inkişafı “seyr” eləmək qalır təəssüf ki. Əvvəlki məqalələrdə yazmışdıq ki, bütün dünyada kənd təsərrüfatı ilə məşğul olanların sayı getdikcə azalır. Ona görə aqrosektorda texnika və texnologiya çox inkişaf etdirilməyə başlanılıb. Gələcəyin fermaları çox fərqli olacaq.

Bir çox fermalarda əvvəlcədən müəyyən edilmiş marşurut üzrə proqramlanmış səssiz traktorlar işləyir. Dronlar sahə üzərində uçaraq əkini və torpağı qiymətləndirir, sensorlar isə suya və mineral qida tərkibinə nəzarət edir. Digər robot isə sahə içərisində gəzişərək zərərvericiləri məhv edir. İnsan isə yalnız bu sistemləri idarə edir.
Gələcəyin fermaları necə olacaq?
Kənd təsərrüfatı məhsullarının keyfiyyət və məhsuldarlığını artırmaq üçün ən son texnologiyaları mövcud bilik və vərdişlərlə birləşdirib tətbiq etmək “ağıllı əkinçilik” sayılır.
Gələcəyin fermaları üçün dəbdə olan ən son innovasiyaları 3 yerə bölmək olar: robotlar, pilotsuz uçanlar və İoT (əşyaların interneti).
Robotlar: Əkini aparır, gübrə verir və məhsulu yığır.
Dronlar: Kameralar vasitəsi ilə əkinin vəziyyətini, kütləsini nəzarət edib, dərman səpinində istifadə edilir.
Artıq əkinlər üçün optik informasiya əsasında bitkilərin xəstəliklərini aşkar edən həllər mövcuddur. Təhlilin mənbəyi fotosintez prosesində iştirak edən xlorofildir.
Sürünü otarmaq üçün maraqlı texnologiyalar inkişaf etdirilir. Heyvana sensorlar taxılır. Sürü smartfonla idarə olunur. Vence şirkətinin yazdığı aplikasiya buna bir misaldır.
Uğurlu misallar
Blekmor universiteti Hands Free Hectare adlı layihə edir və 2,5 ha ərazidə insan əli dəymədən arpa yetişdirir. Sezon sonunda 4,5 ton arpa məhsulu əldə edirlər. Bu eksperiment göstərir ki, texnologiya aqrosektoru necə inkişaf etdirir. Eyni zamanda başqa tərəfdə Blue River Technology adlı startup 305 milyon $-a satılır, hansı ki, yabanı bitkiləri ayırd etməyə imkan verir.

Yenə başqa bir Kaliforniya şirkəti Abundant Robotics, ağacdan almaları vakumla toplayan robot düzəltməyə başlayıb. Yaxın gələcəkdə daha Qubalı fermer dostlarımız fəhlələrlə güləşməyəcək.
Bundan əlavə gələcəyin fermaları dron və ağıllı sulama sistemlərindən də geniş istifadə edəcək. Məsələn, bir məqalədə də yazdığımız kimi şaquli fermalarda çox az sulama ilə dəfələrlə çox çiyələk və göyərti yetişdirmək mümkündür.
Həyata keçirilmiş layihələr
Avtomatlaşdırılmış fermalara gözəl misallardan biri Taylor Farms adlı şirkətin Şimali Amerikadakı meyvə və tərəvəz bağlarıdır. Bu ferma Salinas vadisində gündəlik 680 ton tərəvəz və göyərti yığır. Prosesi sürətli və effektiv etmək üçün avtomatlaşdırılmış avadanlığa ehtiyac var.
Başqa uğurlu misal Yaponiyada Spread adlı şirkətdir. Şirkət 2017-ci ildə göyərti və tərəvəz yetişdirmək üçün tam avtomat ferma qurub ildə 7,7 milyon baş salat yetişdirir. Robotlar səpini edir, məhsulu yığır. Digər proseslər isə yarım avtomatdır hələ ki.
Gələcəyin fermaları – üstünlükləri
Əvvəla bütün ağır işləri robotların belinə yükləyirlər. (Ona görə sonra üsyan edib hamımızı qıracaqlar-Hollivud). Ona görə iş zamanı baş verən zədə və ölümlərdən insanlar sığortalanır. Həmçinin robotlar 24 saat dayanmadan çalışa bilər.
Ağıllı fermalarda gübrə və elektrik enerjisi effektiv istifadə edildiyi üçün ətraf mühitə daha az zərər vurulur.
Smart avadanlıqlar və Süni Zəka bütün iqlim məlumatlarını toplayaraq məhsul haqqında optimal proqnoz verməyə qadirdir.
Təbii ki, bu sektorda problemlər də mövcuddur. Məsələn yeni texnologiyalar çox bahadır. Əhalinin işlə təminini aşağı salacaq. Bir də məsuliyyət bölgüsü var: yığılan məhsulda funqisid izi qalıbsa kim cavabdeh olacaq, fermer, proqram təminatçısı yoxsa sensor istehsalçısı???
Gələcəyin fermaları planetimizin qida təhlükəsizliyini inkişaf etdirmək niyyətinin bir parçasıdır.
Dünya qida istehsalını 70% artırmalıdır ki, hal-hazırkı ehtiyacı ödəyə bilsin. (BMT)