Heyrətamız gözəllikdə çiçəkləri olan otaq bitkisi
Qədim zamanlarda evləri canlı bitkilərlə bəzəyəndə ehtimal ki, ilk vaxtlar dərman bitkilərindən istifadə olunub və getdikcə onların yerini dekorativ bitkilər tutub. Sonra otaq və oranjereyalarda tropik meşələr və səhralardan gətirilən bitkilər əkilib. Qloksiniya XIX əsrin birinci yarısında okeanın o tayından Avropaya gətirilib.
•♣( oranjeréya- İlin soyuq fəsillərində tərəvəz, gül, meyvə və s. yetişdirmək üçün şüşəbəndli yer; istixana.)♣•
Heyrətamız gözəllikdə çiçəkləri olan otaq bitkisinin əsl adı “Sinningia hybrida”dır. Onu ABŞ-dakı Boston universitetinin baş bağbanı Vilhelm Sinninqin şərəfinə adlandırıblar. Tropik çiçəyi çox sevən Sinninq uzun illər onun seleksiyası və hibridləşməsi ilə məşğul olub. Nəticədə qulluğa tələbkar olmayan və yaraşıqlı görkəmə malik dekorativ dibçək gülü yetişdirib. Qloksiniya adı isə bitkiyə çiçəklərinin formasına görə verilib. “Qlocke” almanca zəng deməkdir, valehedici gözəlliyə malik qrammofon-çiçəklərin rəngi bəyazdan qarayaçalan tünd zoğalıyadək, mavidən bənövşəyiyədək dəyişir.
Qloksiniyanın çiçəkləri sadə və məxməri zəng formasındadır, uzun çiçək zoğunun ucunda yerləşir, enli formada olan yarpaqlarının səthi məxməridir. Bitki apreldən sentyabra qədər çiçəkləyir və bundan sonra sakitlik dövrü başlayır. Qışda yarpaqları və zoğları tökülür, bitki soyuq mövsümü kökyumru şəklində keçirir.