Heyvanlar ümumi İribuynuzlu heyvanlar

Düzgün yemləmə

Hər bir heyvan orqanizmi qəbul etdiyi yemə və yemləmə qaydalarına müəyyən tələblər irəli sürür. Müntəzəm bol, düzgün və tam dəyərli yəni düzgün yemləmə nəticəsində az məhsul verən heyvanların məhsuldarlığını yüksəltmək olar. Pis yemləmə və xidmət nəticəsində isə hətta yüksək məhsuldar heyvanlar öz təsərrüfat əhəmiyyətlərini tezliklə itirirlər. Təcrübələr göstərir ki, heyvanların yemlənməsi rejiminə ciddi riayət olunmadıqda mədə-bağırsaq sisteminin fəaliyyətində müxtəlif pozğunluqlar baş verir. Yemin miqdarı və keyfiyyəti orqanizminin tələbini hərtərəfli ödəmədikdə maddələr mübadiləsi pozulur. Heyvan məhsuldarlığını azaldır və müxtəlif xəstəliklərə tutulur.

Düzgün yemləmə nə deməkdir? Əgər heyvan qəbul etdiyi yemi asanlıqla həzm edirsə və yem onun bütün fizioloji tələblərini ödəməklə, sağlamlığını, doğub-törəmə qabiliyyətini və məhsuldarlığını təmin edirsə, ona düzgün yemləmə deyilir.

Kənd təsərrüfatında mal-qara elmi əsaslar üzərində qurulmuş və təcrübədə özünü göstərmiş normalar üzrə yemlənir. Düzgün yemləmə heyvanların diri çəkisini, məhsuldarlığını, fizoloji vəziyyətini və yaşını nəzərə alaraq yem rasionları tərtib edilir. agroexpert.az Düzgün yemləmə

Düzgün tərtib edilmiş rasionda heyvan orqanizmi üçün zəruri olan bütün qida maddələri:

  • zülallar
  • yağlar
  • karbonhidratlar
  • mineral maddələr
  • vitaminlər.

Ona görə də gündəlik rasion müxtəlif miqdarda qaba, şirəli və qüvvəli yemlərdən tərtib edilir. Yalnız bir növ yemlə yemlədikdə heyvan öz orqanizmi üçün zəruri olan qida maddələrinin çoxunu ala bilmir və belə yemləmə uzun müddət davam etdikdə məhsuldarlığını azaldır, xəstələnir.
Hətta müxtəlif yemlərdən tərtib edilmiş rasion uzun müddət eyni tərkibdə olarsa, heyvanların iştahına və bununla əlaqədar olaraq məhsuldarlığına mənfi təsir göstərir. Odur ki, rasiona daxil edilən yemləri vaxtaşırı, dəyişdirməli, başqa növ yemlər daxil etməlidir. Lakin unutmaq lazım deyil ki, bir yemdən başqasına birdən-birə keçmək olmaz çünki mədə-bağırsaq sisteminin şirə ifrazı və mator fəaliyyəti bir rasiona uyğunlaşır. Həzm sistemində həmin rasionun tərkibinə qarşı müəyyən münasibət yaranır.
Dediklərimizlə yanaşı heyvanların sağlamlığına və məhsuldarlığına yemləmə rejiminin təsiri böyükdür. Həmişə eyni vaxtda yemləndikdə heyvanlarda vaxta aid şərti refleks əmələ gəlir və vaxt yaxınlaşdıqda orqanizm xüsusən mədə-bağırsaq sistemi yemi qəbul etmək üçün hazırlaşır, nəticədə asanlıqla həzm edilir və mənimsənilmə əmsalı yüksək olur. Qayda-qanunsuz müxtəlif vaxtlarda yəni rejimsiz yemləmə isə mədə-bağırsaq sisteminin tez-tez pozulmasına səbəb olur. Mal-qaranın yemlənməsində başqa bir şərtə də riayət etmək lazımdır. Bu da heyvanların qış mövsümündə yemləmə tipini yaz-yay mövsümü tipinə yaxınlaşdırmaqdan ibarətdir. Heyvanların bütün il boyu şirəli yemlərlə təmin olunması (qışda çuğundur, yemlik bostan bitkiləri yüksək keyfiyyətli silos, yazda-yayda isə otlaqda otarmaq, yaşıl kütləni biçib düşərgələrdə vermək) inək və camışların məhsuldarlığına xüsusilə yaxşı təsir göstərir.
Əsas qida maddələri zülallardan, karbohidratlardan, yağlardan və mineral maddələrdən ibarətdir. Heyvanların bədəni həmin maddələrdən qurulmuşdur. Bu qida maddələrindən başqa heyvanlar yem vasitəsilə bioloji cəhətdən fəal üzvü birləşmələr qəbul edirlər ki, bunlara vitamin adı verilmişdir. 

Zülal 

Zülal düzgün yemləmə və həyatın əsasıdır. Həyat zülal maddələrinin yaşayış formasıdır. Zülal maddələri orqanların həyat fəaliyyətini təmin edir. Onsuz ürək-damar sistemi, cinsiyyət orqanları, həzm orqanları, beyin və sinir şaxələri öz funksiyalarını həyata keçirə bilməz.
Yem payında zülalların çatışmaması boğaz heyvanlar, sağılan inəklər, döllük buğalar, cavan heyvanlar və yumurtlayan quşlar üçün daha qorxuludur.
Zülalın yemdə çatışmamazlığı heyvanın inkişafını zəiflədir, qısırlığı artırır, məhsuldarlığı kəskin azaldır. Zülallar çox mürəkkəb birləşmələr olmaqla müxtəlif bioloji fəallığa malik amin turşularından təşəkkul edir. Tərkibində əvəzedilməz amin turşuların hamısının olması olan zülallara tam dəyərli, biri yaxud bir neçəsi çatışmayan zülallara isə qeyri-tam dəyərli zülal deyilir.
Heyvan və bitki zülalları bir-birindən fərqlənir. Heyvan zülallarının əksəriyyəti (süd, ət, sümük unu, balıq unu və i.a.) tam dəyərli zülallar sırasına daxildir. Bitkilərin çoxu əvəzedilməz amin turşuları ilə zəngin deyil. Dənli bitkilərin çoxunda triptofon və lizin olduqca azdır. Paxlalı bitkilər isə başqa bitkilərə nisbətən əvəzedilməz amin turşuları ilə zəngindir. 
Bir bitkidə çatışmayan əvəzedilməz amin turşusu başqa bitkidə olur. Ona görə də rasion bir neçə növ yemdən tərtib edilməlidir ki, ümumi tərkibi heyvanın bütün əvəzedilməz amin turşuları ilə təmin etsin. Gövşəyən heyvanların mədə önlüklərində bakteriya və infuzorilərin həyat fəaliyyəti nəticəsində zülal olmayan azotlu maddələr zülallara çevrilir.
Qarğıdalı silosuna qeyri-üzvü azotlu maddə olan sidik cövhəri qarışdırdıqda və belə silosu gövşəyən heyvanlara verdikdə onun qida dəyəri xeyli artır.

Karbohidratlar

Yem bitkilərinin əsas hissəsini təşkil edir. Onlar toxumalarda parçalanaraq, enerji təşkilində istifadə olunur. Karbohidratlar orqanizmə heyvanın ehtiyacını ödəyən miqdardan artıq daxil olarsa piyə çevrilir və ehtiyat kimi toplanır, əksinə bunların miqdarı az olduqda bədənin öz yağı və zülalları parçalanaraq, karbohidratlara çevrilir. Heyvanlar xüsusən inək və camışlar, şirəli yemlərin tərkibində olan karbohidratları daha yaxşı və asanlıqla mənimsəyirlər.

Yağlar

Karbohidratlar kimi azotsuz üzvi maddələr sırasına daxildir. Yağlar orqanizmə yem vasitəsilə daxil olan və orqanizminin özündə sintez nəticəsində əmələ gəlir.
Yağlar xüsusən yağabənzər maddələr (lipoidlər) orqanizmdə mühüm fizoloji rol oynayır. Yağın orqanizmdə çatışmamazlığı maddələr mübadiləsində mühüm pozğunluqların baş verməsi ilə nəticələnir. Heyvanın həyatı və məhsuldarlığı üçün vacib vitaminlərin çoxu yağda həll olduğundan orqanizmə yağ vasitəsilə daxil olur.

Mineral maddələr

Enerji əhəmiyyətinə malik deyildir. Mineral maddələr hətta cüzi miqdarda çatışmadıqda heyvanlarda maddələr mübadiləsi pozulur, xüsusi xəstəliklər baş verir. Heyvanın həyat fəaliyyəti və məhsuldarlığını təmin etmək üçün onların natriuma, kalsiuma, kaliuma, fosfora, xlora, kükürdə, dəmirə və manqana habelə mikroelementlərə olan ehtiyacları gündəlik rasionda ödənilməlidir.
Kalium orqanizmə bitki yemləri vasitəsilə daxil olur, natirum isə bitkilərdə yox dərəcəsindədir.
Ona görə ot yeyən heyvanlara əlavə olaraq xörək duzu verirlər. Heyvana xörək duzu verilmədikdə orqanizmdə natrumla kaliumum nisbəti dəyişir və maddələr mübadiləsində pozğunluq əmələ gəlir, xörək duzu heyvanlara, onların fizoloji vəziyyətdən və yaşından asılı olaraq norma ilə verilir. Lakin ən yaxşısı axurlara parça duz qoymaqdır. Paxlalı və dən bitkiləri fəsiləsinə mənsub olan bitkilər kalsium və fosfrla zəngindir. Bununla yanaşı rasiona təbaşir, sümük unu və presipitat adlanan maddə əlavə edilir. Təbaşir və sümük unu iri-qaramala məhsuldarlığından asılı olaraq hər başa 50 qr, buzvlara isə 5-15 qr verilir.

İnəklərin və buğaların yemlənməsi üçün bu bölümdə digər məqalələrə baxa bilərsiniz.

Mənbə. 

1 COMMENTS

  1. Elvan
    Inekler 8 reqemini sever.

    8 deqiqeden cox inek sagilmaz.
    8 deqiqeden az byzov sud icmemelidir.
    8 deqiqeden az inek isememelidir.
    8 gunluk buzov qarsisinda su,ot,yem gormelidir.
    8 gun erzinde yemden yasil ota kecid olunmalidir.
    Bunlari bilmek mutleqdir

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!