Hibrid toxumların yetişdirilməsi. Qarğıdalı toxumu

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün yüksək məhsuldar sortların yaradılması və toxumçuluq işinin düzgün təşkil edilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə, məhsuldarlığı artırmaq işində hibrid toxumların rolu daha böyükdür.
- Hibrid toxumlar məhsuldarlığı yüksəldir,
- Məhsulun keyfiyyətini yaxşılaşdırır;
- Yetişmə müddətini qısaldır.
Hibrid qarğıdalı toxumları əkilən sahədə məhsuldarlıq 15-25% artır.
- Tərəvəz bitkilərindən pomidorda 80%,
- badımcanda 60%,
- soğanda 36,
- kələmdə 26% məhsuldarlıq yüksəlir.
Həmçinin vegetasiya dövrü 15-20 gün qısalaraq məhsul tez yetişir. Hibrid toxumların yetişdirilməsi heç də çətin deyildir. Bu hər bir fermer təsərrüfatı şəraitində aparıla bilir.
Hibrid toxum almaq üçün iki müxtəlif sortu (məsələn, pomidorda çudorınka ilə bizon sortunu) bir-biri ilə qovuşdurmaq lazımdır.

Məsələn, bir hektar sahə üçün parnikə 40000 ədəd toxum səpmək lazım gəlir. Yaxşı toplandıqda bir ədəd pomidor meyvəsində hibrid toxumla təmin etmək üçün ən çoxu 800 ədəd çiçəyi axtalayıb tozlandırmaq lazımdır. Bu iş üçün cəmi 3 əməkgün sərf edilir, əvəzində isə hektardan 1-2 dəfə çox məhsul alınır. Əlavə əməkgün yalnız axtalama və tozlandırma üçün sərf olunur, qalan işlər adi təsərrüfat əkinlərində olduğu kimidir.
Qarğıdalıda hibrid toxumların alınması isə nisbətən mürəkkəb.
Hibrid qarğıdalı toxumlarının istehsalı: Qarğıdalı bitkisində hibrid toxumlar alınma qaydalarından asılı olaraq aşağıdakı kimi adlanır:
1.Sortlararası hibrid; 2.Sadəxətlər arası hibrid; 3. İkiqat xətlərarası hibrid; 4. Üçxətli hibrid; 5. Sortxətli hibrid; 6. Mürəkkəb hibrid.
Sortlararası hibrid, iki adi sortun hibridləşdirilməsi yolu ilə alınır. Sadə xətlərarası hibrid, almaq üçün bir bitkinin süpürgəsindəki tozcuqları həmin bitkinin qıçası üzərində yerləşmiş saçaqlara süni surətdə səpməklə əvvəlcə öz-özünə tozlandırılmış xətlər alınır. Qıçaların başqa bitkilərlə tozlanmasının qarşısını almaq üçün saçaq hələ xaricə çıxmamış onu perqament kağızından hazırlanmış təcridedici torba içərisinə almaq lazımdır. Öz-özünə tozlandırma 5 il davam etdirilir. Sonra öz-özünə tozlanmadan alınan iki xətt bir-biri ilə tozlandırılır və sadə xətlərarası hibrid alınır.
Ikiqat xətlərarası hibrid, iki sadə xətlərarası hibridin birbiri ilə tozlandırılmasından alınır. İkiqat xətlərarası hibrid yüksək məhsul verir. Üçxətli hibrid alındıqda ana bitki olaraq, sadə xətlərarası hibrid, ata bitki olaraq öz-özünə tozlandırılımış xətlər iştirak edir. Üçxətli hibrid də ikiqat hibrid kimi yüksək məhsuldar olur.
Sortxətli hibrid, alındıqda hibridləşdirmədə bir sort və bir də öz-özünə tozlandırılmış xətlər iştirak edir. Sort ana bitki kimi, öz-özünə tozlandırılmış xətlər isə ata bitki kimi istifadə edilir. Sortxətli hibrid almaq üçün bir neçə xətt iştirak edə bilər. Mürəkkəb hibrid, bir neçə öz-özünə tozlanmış xətlərin və ya ikiqat xətlərarası hibridin ikiqat xətlərarası hibridlə hibridləşməsindən alınır. Adətən bu, bir neçə məhsuldar sadə və ya ikiqat hibridlərin toxumlarının qarışdırılıb səpilməsi yolu ilə alınır.
Məsələn, Krasnodar 1/49 hibridi BİR-14, BİR-57, BİR37 və Krasnodar-3 xətlərarası hibridlərinin toxumlarının qarışdırılıb əkilməsi yolu ilə alınmışdır.
Qarğıdalının hibrid toxumları yetişdirilərkən yüksək aqrotexniki tədbirlər əsasında yalnız xətlərarası və sortlararası hibridlər tətbiq edilməlidir.

Xətlərarası və sortlararası hibridlər aldıqda iki cərgə ana bitki, bir cərgə ata bitki əkilir. Bu sahədə heç bir təcridetmə işi aparılmır. Yalnız başqa əkinlər arasında qoruyucu məsafə (200 m) qoyulur. Ana bitkinin cərgələrini müəyyən etmək üçün, qarğıdalı toxumuna çəkisinin 0,5%-i qədər günəbaxan toxumu əlavə edilir. Ana bitki öz tozcuğu ilə tozlanmasın deyə, süpürgələr vaxtında qoparılmalıdır. Süpürgələr tədricən əmələ gəldiyindən hər gün nəzarət edib yeni əmələ gələn süpürgələr qoparılmalıdır.
Süpürgəsi qoparılmış ana bitki ata bitkinin tozu ilə tozlanır. Hibrid sahədən məhsul iki dəfə yığılır. Birinci dəfə ana bitkinin cərgəsində olan qıçalar, sonra isə ata bitkinin cərgəsində olan qıçalar yığılır. Hibrid toxum olaraq ana bitkinin cərgəsindən yığılan qıçalar istifadə edilir. Hibridin birinci nəsli adi cinslərə nisbətən daha çox məhsul verir, onun digər nəsillərində isə məhsul xeyli azalır. Ona görə də qarğıdalı əkən təsərrüfatlar müntəzəm olaraq yüksək məhsul götürmək üçün hər il hibridin birinci nəsil toxumlarını istehsal etməlidirlər