Kabel bakteriyalarının təsərrüfat üçün faydası
Kabel bakteriyaları düyü becərilməsində istixana qazı tullantılarının azaldılmasına kömək edir.
Danimarka və Almaniyadan olan alimlər düyü istehsalının iqlimə əhəmiyyətli təsiri probleminin həllini tapdıqlarını iddia edirlər. Onların dediyinə görə, düyü bitkiləri ilə bərabər torpağa elektrik keçirici kabel bakteriyaları da əlavə etməklə metan emissiyaları 90% -dən çox azaltmaq olar.

Dünya əhalisinin yarısı düyü yeyir, lakin bu bitki mədəniyyətin kütləvi istehsalı qlobal istiləşmənin sürətlənməsinə səbəb olur. Dünyadakı metan qazı (istixana qazı) tullantısının 5%-i düyü sahələrinin payına düşür ki, bu da CO2-dən 25 qat daha güclü və zərərlidir.
Bunun baş vermə səbəbi düyü bitkilərinin suda böyüməsidir. Tarlalar su altında qaldıqda torpaqda oksigen tükənir və oksigen səviyyəsinin azalması metan istehsal edən mikroorqanizmlərin yayılması üçün əlverişli şərait yaradır.
Bu yaxınlarda, Arhus Universiteti və Duysburq-Essen Universitetinin tədqiqatçıları kabel bakteriyalarının problemin həllində vacib bir rol oynaya biləcəyini müəyyən etdilər. Laboratoriya şəraitində tərkibində kabel bakteriyası olan və olmayan torpaqda düyü yetişdirdilər və alınan nəticələri analiz etdilər.
“Fərq mənim gözləntilərimi çox üstələdi. Kabel bakteriyası olan dibçəklərdə kabel bakteriyası olmayan dibçəklərə nisbətən 93% daha az metan qazı buraxıldı”.
Bu sözləri Arhus universitetinin Elektromikrobiologiya mərkəzində tətqiqatlar aparan alim Vinsent Valentin Şolts deyib.
O qeyd edib ki, kabel bakteriyaları su ilə doymuş torpağın geokimyəvi şərtlərini dəyişdirərək elektronları santimetr məsafələrdə daşıyır. Kabel bakteriyaları torpaqdakı kükürd birləşmələrini emal edir və bununla da torpaqda çox miqdarda sulfat saxlamağa kömək olur. Nəticədə torpaqdakı metan istehsal edən mikroblar fəaliyyətlərini davam etdirə bilmirlər.
Düyü istehsalçılarının düyü sahələrində torpağın tərkibini sulfatla zənginləşdirərək metan tullantılarını müvəqqəti ləngidə biləcəyi artıq məlumdur. Görünən budur ki, kabel bakteriyaları da bənzər effekti verir və bu effekt heç də müvəqqəti deyil.
Bu yeni kəşf, ekosistem mühəndisləri üçün kabel bakteriyalarının roluna yeni bir baxış təqdim edir. Mütəxəssislər hələ ki yalnız ilk laboratoriya müşahidələrini apardıqlarını vurğulasalar da, sahələrin su və torpaq rejiminin nəzərə alınması ilə kabel bakteriyaları ilə zənginləşdirilməsinin düyü sahələrində metan qazı tullantılarının azalmasına səbəb olacağı güman edilir. Ancaq təbii ki, laboratoriya təcrübələrini təsdiqləmək üçün sahə araşdırmaları və tətqiqatları da aparmaq lazımdır.