Kartof bitkisində həlqəvi çürümə və adi dəmgil

Kartof bitkisinin virus xəstəlikləri haqqında sizlərə ötən məqaləmizdə məlumat vermişdik. Bugün isə kartofda rast gəlinən bakterial xəstəliklərdən: həlqəvi çürümə və adi dəmgildən bəhs edəcəyik.

Bakterial həlqəvi çürümə (BHÇ) Azərbaycanda şimal və cənub bölgələrində ocaqlar şəklində yayılmışdır. Xəstəlik yarpaq, budaq və yumruları sirayətləndirir.

Həlqəvi çürümə xəstəliyinin əlamətləri

İlkin yoluxma zamanı yarpaq damarlarının arası sarımtıl rəng alır. Yuxarı yarus yarpaqları müntəzəm olaraq saralır. Aşağı yarus yarpaqları uc hissədən başlayaraq saralır. Budaqlara keçən soluxma sonradan aşağı yarusu tamamilə qaraldaraq torpağa yatırır. Xəstəliyin inkişafı uzun müddət çəkdiyindən onu bəzən vertisillioz və ya fuzarioz soluxması ilə səhv salırlar. Aşağı yarus yarpaqların soluxaraq qaralıb yerə yatması yerüstü hissədə xəstəliyin spesifik əlamətidir.

Xəstəliyin başlıca yayılma mənbəyi və daşıyıcısı yumrulardır. Patogen bitki qalıqlarında yaşayır, lakin uzun müddət torpaqda yaşaya bilmir. Xəstəlik törədicisi yerüstü hissədən yoluxaraq gövdəyə keçir və oradan yumruların qida borularına daxil olur.

BHÇ ilə sirayətlənmiş kartof yumrularının xarici görünüşündə xəstəliyin əlamətləri bəzən nəzərə çarpmır. Güclü sirayətlənmiş kartoflarda qabığın altında 1-2 sm ölçülərində, həlqəvi və ya dairəvi formada toxumaların yumşalması baş verir. Sonradan bu hissələrdə sarımtıl-boz rəngli seliyəbənzər pis qoxuya malik kütlə əmələ gəlir. Toxunduqda yumşalmış yumru partlayır və bütün məhsulu çirkləndirir. BHÇ xəstəliyinin inkişafı 20-25°C temperaturda və 75-95% də daha güclü olur. Yumrular yığıldıqdan sonra daşınma və anbarlarda saxlama zamanı xəstə kartoflarda bakteriya sürətlə inkişaf edərək sarımtıl möhtəviyyatlı həlqəvi çürümə zonaları yaradır. Xəstə yumrulardan toxumluq kimi istifadə etmək olmaz. Əgər istifadə olunarsa, əkin materialının əksər hissəsi torpaqda çürüyür. Bəzən zəif sirayətlənmiş yumrularda xəstəliyin əlaməti üzdən bilinmədiyi üçün onlardan toxumluq kimi istifadə edilir. Əkilmiş belə yumruların torpaqda xeyli hissəsi çürüyür. Cücərmiş gözlərdən çıxan kollarda isə xəstəliyin əlaməti dərhal meydana çıxır və aşağı yarus yarpaqları quruyur və yatır.

Adi dəmgil

Azərbaycanda dəmgil xəstəliyinin bir neçə növü yayılmışdır. Bu xəstəliklərin törədiciləri müxtəlif olmaqla yanaşı, həm də hər biri özünəməxsus əlamətləri ilə seçilir. Kartof yumruları üzərində bakteriya, aktinomiset və ya göbələklərin yaratdığı müxtəlif yaralar, batıq ləkəliklər və ya örtükvari yaralar əksər ədəbiyyatlarda dəmgil adlandırılır. “Dəmgil” ümumi söz olduğundan bu əlamətləri özündə birləşdirən xəstəliklər də əlamətinə görə bir-birindən ayrılır.

Dəmgil xəstəliklərinin başlıca xüsusiyyəti kartof yumrularının eybəcərliyi, məhsulun ümumi əmtəəlik görünüşünün itməsi və məhsuldarlığın kəskin azalmasıdır

Adi dəmgil, adətən, qırmızımtıl və nazik qabıqlı sortları daha tez yoluxdurur. Neytral reaksiyalı qumsal və gillicəli torpaqlarda daha tez-tez rast gəlinir. Turş reaksiyalı torpaqlarda əhəng verildikdə bu tədbirdən 2-3 il sonra xəstəlik daha da şiddətlənir.

Adi dəmgil kartof yumruları üzərində ilk əvvəl zədələnmiş hissələrdən, təbii tənəffüs dəliklərindən daxil olur. Bir neçə gün inkişaf edən patogen yumrular üzərində çox da dərin olmayan qeyri-mütənasib ölçülü yaralar əmələ gətirir. Bu yaraların üstü açıldıqda torpaqda olan quru və ya yaş çürümə yaradan mikroorqanizmlər daxil olur. Yoluxma yerlərində yaralar dərinləşir, qonurlaşır və tədricən bütün yumrunu müxtəlif ölçülərdə əhatə edir.

agroexpert_az kartof xesteliyi adi dəmgil

Patogen kartofun köklərini, kök boğazını, gövdənin bütün torpaqaltı sahəsini yoluxdurur. Bəzən təzə çıxarılmış nəmli yumruların üzərində ağ mitsel örtüyünə rast gəlinir, lakin qurudulduqda bu örtük tez bir zamanda çəkilir. Streptomyces scabies yumrularda qalır və toxumluq kimi istifadə etdikdə başqa sahələrə də yayılır. Patogen torpaqda infeksiya mənbəyi kimi yığılır və növbəti ildə kartof əkilərsə, kütləvi yoluxma baş verir. Torpağa yanmamış peyin verdikdə bitkinin çiçəkləmə dövründə yumruların əmələ gəlməsi dövründə xəstəliyin şiddəti artır.

Xəstəliyin törədicisi kartof yumrularında və torpaqda qalmasına görə toxum materialı əsasən sağlam yumrulardan tədarük edilməlidir. Dalbadal bir neçə il bir yerə kartof əkilməsi yolverilməzdir.

Əkin sahəsi növbələşdirilməlidir. Sələf kimi yonca, dənli paxlalılar seçilməsi məqsədəuyğun hesab edilir. Toxum tədarük edildikdən sonra dərhal dərmanlanması xəstəliyin ehtiyatını məhv edir. Bu məqsədlə toxum dərmanlayıcılardan istifadə edilməlidir.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!