Kartof bitkisindəki virus xəstəlikləri

Təbiətdə ən çox virus xəstəliklərinə məruz qalan bitkilərdən biri kartofdur. Kartof üzərində qeyd olunan virus xəstəliklərinin sayı 42-dən artıqdır. Bəzi aqressiv növlərin təsirindən kartof 10%-dən 40%-ə qədər məhsul itkisinə məruz qalır. Virusların kartof bitkisində əksər əlamətləri eybəcərlik yaratmaqla təzahür edir. Xəstə bitkilərdə

  • yarpaq, gövdə və yumrularında deformasiyalar,
  • qırışlanma, inkişafdan qalma,
  • nekrozluq (rəngsizləşmə), alabəzəklik,
  • kollanma və eybəcərlik əlamətləri müşahidə olunur.

Azərbaycanda kartofda qeydə alınmış və müxtəlif bölgələrdə yayılan başlıca virus xəstəlikləri aşağıdakılardır:
1. Qırışlı mozaika – Potato virus A.;
2. Zolaqlı mozaika – Potato virus Y.;
3. Yarpaq qıvrılması – Potato leafroll virus.

Qırışlı mozaika yaradan Potato virus A (PVA) 4-cü qrup müsbət ribonuklein molekullu (RNT) virusların, Potyviridae fəsiləsinin, Potyvirus cinsinə aiddir. Bütün kartof becərilən bölgələrdə yayılmışdır.

Ən geniş yayılan virus xəstəliyidir.

1998-2014-cü illərdə Azəbaycanda Quba-Xaçmaz, Abşeron, Cəlilabad, Muğan bölgələrində aparılmış müşahidələr zamanı xəstəliyin yayılması öyrənil mişdir. İqlimi isti keçən Kür-Araz ovalığı və Cəlilabad bölgələrində xəstəlik daha şiddətlə (38-72%) yayılır. Yüksək yayılma müşahidə olunan əkin sahələrində kartofun məhsuldarlığı 35-68% azalır.

Xəstəlik əvvəlcə kartof kollarında təpə hissələrdə yarpaqların qırışlanması, damarlar ətrafında olan parenximanın yarpaq üzərinə doğru eybəcər formada qabarması və deformasiyası şəklində mey dana çıxır. Bu hissələrdə yarpaq və budaqlar inkişafdan qalır. Quru və isti hava şəraitində yoluxmuş yarpaqlarda qırışlı hissələrin damarları və ətraf hissələr nekrozlaşır. Əvvəlcə açıq-yaşıl, sonradan açıq sarımtıl-yaşıl, nəhayət tamamilə saralma, quruma ilə müşayiət olu nur. Kartofda vaxtından əvvəl zəif yumrular əmələ gəlir, çiçəkləmə zəif olur və ya tamamilə çiçək açmır. Yaşıl kütlə öz inkişafını tez başa vurur və yumrular kiçik ölçülü, eybəcər formada və tam forma laşmamış olur.

Xəstəlik badımcançiçəklilərin başqa növlərindən badımcan, yabanı quşüzümü bitkilərində müşahidə edilir. Pomidor bitkisinə daha
çox ziyan vurur. Örtülü və açıq şəraitdə becərilən pomidor bitki
sində məhsul itkisi 25-62%-ə qədər olur.

Xəstəliyin aralıq keçiriciləri və yayılmasını sürətləndirən sorucu ağız aparatına malik olan zərərvericilər istixana ağqanadlısı, müxtəlif yastıcalar və mənənələrdir. Qırışlı mozaika xəstəliyinin toxumla yayılması aşkar edilməmişdir.

Zolaqlı mozaika

Yaradan Potato virus Y (PVY) 4-cü qrup müsbət RNT viruslarının, Potyviridae fəsiləsinin, Potyvirus cinsinə aiddir.

Zolaqlı mozaika şiddətli xəstəlik olmaqla, kartofun və pomidorun məhsuldarlığının kəskin azalmasına səbəb olur. Azərbaycanın Abşeron, Muğan və Cəlilabad bölgəsi üçün spesifik xəstəliklərdəndir. Çiçəkləməyə az qalmış və çiçəkləmədən sonra yarpaq saplaqlarında və budaqlarında qonur rəngli kiçik xətlər əmələ gəlir. Bu xəttlər az keçməmiş (5-10 günə) daha da uzanaraq bütün kolu və budaqları bürüyür, orta və aşağı yarus yarpaqları soluxur və quruyur. Yuxarı yarusun təpə yarpaqları isə qırışlı, zəif inkişaf etməklə inkişafdan qalır. Virus mexaniki zədə yerlərindən keçərək yayılır. Yumruların daxilində qışlayır.

Bəzi təsərrüfatlarda xəstəliyin 1-ci il yayıldığı vaxtlarda kolların bir hissəsindən dolğun yumrular alınır. Belə hallar aldadıcı olmamalı və həmin sahədən toxumluq tədarük edilməməlidir.

Yarpaq qıvrılması

Yaradan Potato leafroll virus (PLV) 4-cü, müsbət ss RNT qrupunun Luteoviridae fəsiləsinin, Poliovirus cinsinə aiddir. Başlıca aralıq keçiricisi Myzus persicaedir.

Xəstəliyin başlıca əlaməti yerüstü hissədə ilkin olaraq üst yarus yarpaqların
kənarlarının yuxarıya doğru qalxmasıdır. Bu əlamət tədricən aşağı yarus yarpaqlarına keçir. Yarpaq saplağı və gövdələrin qabığının qalınlaşması, floema qatının sərtləşməsi müşahidə edilir. Xəstəlik törədicisi kartof yumruları ilə növbəti ilə keçir. Vegetasiya dövründə isə mənənələrlə yayılır. Xəstəlik yumrularla 2-ci və 3-cü ilə keçdikdə ixtisaslaşma patogen bitkinin yerüstü hissəsində aşağı yarus yarpaqlarının qıvrılmasına və sonradan bu əlamətin yuxarıya doğru inkişaf etməsi ilə müşahidə olunur.

Xəstə kartof yarpaqları sarımtıl, bənövşəyi, qırmızımtıl bəzən isə narıncı rənglərə çalır. Kövrəkləşmiş yarpaqlar inkişafdan qalır. Yumruların əmələ gəlməsi zəifləyir. Güclü yayılma illərində kartofun məhsuldarlığı 25-70%-ə qədər aşağı düşür, yumrularda nişastanın miqdarı kəskin azalır.

Xəstə yumruların cücərməsi gecikir, cücərtilər sapvari formada olur və tez bir zamanda sıradan çıxır. Xəstəliyin əlamətləri yüksək temperaturda və rütubətin aşağı olduğu şəraitdə güclənir.

Müəllif: Cəbrayıl Ağayev

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!