kartofda kalium çatışmazlığı
Əkinçilik Xəstəliklər

Kartofda kalium, kalsium, magnezium çatışmazlığı

Bitkilər də insanlar kimi kifayət qədər lazım olan qidanı qəbul etmədikdə gözlə görülən və görülməyən problemlər yaranır.

Yəni bitkinin tərkibində fosfor, kalium, kalsium, magnezium, dəmir, sink, bor, kükürd kimi lazımi maddələr az olduqda və ya olmadıqda bir sıra xəstəliklər meydana gəlir. Bir məqaləmizdə bitkilərdə fosfor çatışmazlığının yatardığı fəsadlardan bəhs etmişdik. Bugün isə sırf ölkəmizdə çox əkilən, idxal və tələbat olan kartof bitkisindəki bəzi maddələrin çatışmazlığından yazacayıq.

Təsərrüfat əhəmiyyəti ilə seçilən kartof bitkisində məhsul itkisi yaradan infeksiyon xəstəliklərə kalium, kalsium, magnezium çatışmazlığı da daxildir.

Kalium çatışmazlığı

Başlıca olaraq qumsal və torflu torpaqlarda müşahidə edilir.Xəstəliyin əlaməti yumrularda təpə tərəfdən qeyri-konsentrik dairəvi ləkəliklərlə görünür. Sonradan bu ləkələr dərinləşərək yaralara çevrilir. Yaraların ətrafı quru çürüməyə məruz qalır. Xəstəliyə qarşı vaxtında mübarizə aparılmadıqda 45-50%-ə qədər məhsul ziyan ola bilər.

Xəstəliyin əlamətləri müşahidə edilmiş yumrular toxumluq, saxlanma və uzaq məsafələrə daşınmaya cəlb olunmamalıdır. Xəstəlik müşahidə olunan torpaq və bitki analiz olunmuş və makroelementlərdən fosfor və kaliumun kəskin çatışmazlığı aşkar edilmişdir.Xəstəliyin aradan qaldırılması və sonrakı illərdə bu halla rastlaşmamaq üçün torpağa makroelementlərin (N, P, K) optimal miqdarda verilməsi başlıca tədbirlərdən sayılır.

Kalsium (Ca) çatışmazlığı.

Ca elementi hüceyrədə gec həll olan və ya həll olmayan formada yarpaq və zoğların təpə tumurcuqlarının inkişafında başlıca əhəmiyyətə malik olan elementdir. Xəstəliyə, əsasən, qumsal torpaqlarda rast gəlinir. Torpaq strukturunun pozulması, qumsallıqda uzun sürən yağmurlar və ya selləmə suvarmadan sonra torpaq yuyulur.

Mənimsənilən Ca, Mg və humusun torpağın dərin qatlarına getməsi nəticəsində kartofun yerüstü və yeraltı hissələrində qida çatışmazlığı yaranır. Yarpaqların təpə tərəfdən əvvəlcə saralması müşahidə edilir. Yarpaqlar kənarlardan yuxarıya doğru əyilir və qayıqvari forma alır. Ca elementinin kəskin çatışmadığı sahələrdə zoğun təpə hissəsində olan yarpaqlar narıncı-qırmızı rəng, bəzən açıq-yaşıl rəng alır.

Magnezium (Mg) çatışmazlığı

Mg bitki yarpaqlarının xlorofil dənələrinin tərkibinə daxildir. Yaşıl kütlənin formalaşmasında yaxından iştirak edən mənimsənilən Mg2+ ionu çatmadıqda yarpaqlarda saralma müşahidə edilir.

Başlıca əlamət yarpaqların nekrozu və parenximanın qonurlaşması, sonda təpə yarpaqlarının qurumasıdır. İlk əlamətlər aşağı yarus yarpaqlarda, sonradan orta yarusda müşahidə edilir. Xəstəlik qumsal və zəif gillicəli torpaqlarda müşahidə edilir. Xəstəliyin aradan qaldırılmasıüçün (MgSO4) maqnezium-sulfat, maqnezium-bromat, dolomitkimi maddələr torpağa verilməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!