Ləzgi qoyun cinsi və onun bonitrəsi

Respublikada yayılan qoyun cinslərindən biri də Ləzgi qoyunudur. Bu qoyun cinsi özünə məxsus özəllikləri ilə digər cinslərdən xüsusiylə fərqlənir.

Ləzgi qoyunlarının vətəni Dağıstandır. Azərbaycanda ləzgi qoyunlarını Dağıstanla həmsərhəd olan şimal-cənub rayonlarında (Şəki-Zaqatala bölgəsində, qismən də Ağdaş və Göyçay rayonları ərazisində) yetişdirirlər. Təbii-coğrafi şəraitə tez uyğunlaşan və çətinliyə dözümlü qoyun cinsidir.   

Onların canlı kütləsi yazda 38,8+0,29 kq, payızda 45,1+0,33 kq-a çatır. Bədən quruluşu dağ qoyunları üçün xarakterikdir. Ana qoyunlarda:
  • cidov hündürlüyü 57,9 sm,
  • sağrı hündürlüyü 59,1 sm,
  • bədənin çəp uzunluğu 58,8 sm,
  • döş qucumu 71,9 sm-dir.

Ləzgi qoyunlarının bədəninin yunla örtülməsi Azərbaycanın digər qabayunlu qoyunlarına nisbətən daha yaxşıdır. Qabaq ayaqlar topuğa qədər, dal ayaqlar isə çapma oynağa qədər bütöv yunla örtülü olur. İldə iki dəfə qırxılır. İllik yun qırxımı ana qoyunlarda 2,2-2,6 kq təşkil edir. Yunun rəngi əsasən (80%) ağdır. Başının və ayaqlarının yunu qəhvəyi və açıq qəhvəyi olur. Yun saçaqlarının uzunluğu 14 sm-ə (7,0-17,15 sm) bərabərdir. Yunun tərkibində

  • 60,5 % tiftik,
  • 37,8 % keçid tük,
  • 1,7 % qılan tüklər olur.
Tiftiyin uzunluğu 4 sm, nazikliyi 16-29,5 mk, müvafiq surətdə keçid tüklər 14,9 sm və 30-57,8 mk, qılanın nazikliyi 76,7 mk təşkil edir.
ləzgi qoyun cinsi şrti foto

Diqqət: Şəkil şərtidi. Ləzgi qoyun cinsinə bənzəyən qoyun cinsinin fotosudur. Əgər sizdə həqiqi Ləzgi qoyun cinsinin  fotosu varsa saytın e-mail ünvanına və ya FB adresinə göndərə bilərsiniz.
Qoyun cinslərinin təsnifatı…

Ana qoyunlardan 40-45 kq əmtəəlik süd əldə edilir. Təsərrüfat təsnifatına görə ətlik-yunluq-südlük qoyun cinsləri qrupuna aiddir. Ləzgi qoyunları xalq seleksiyası yolu ilə yaradılmışdır.

1930-cu illərdən başlayaraq Azərbaycanda yerli qoyunların zərifyunlu qoçlarla kütləvi mələzləşdirilməsi nəticəsində Ləzgi qoyunlarının arzu olunan tipi itmiş və onlar sıradan çıxmaq ərafəsində idi. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun və Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının uzun müddətli, məqsədyönlü tədqiqat işləri nəticəsində Ləzgi qoyunları bərpa edilmişdir.

Bu qoyunların məhsuldarlıq, damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi nəticəsində bölgədə ləzgi qoyunlarının yeni yüksək məhsuldar

  • yarımqaba yunlu,
  • ətlik-yunluq-südlük

istiqamətli tipi yaradılmışdır.

Beləliklə, ləzgi qoyunları üzərində damazlıq işi ət, süd, yun və dəri keyfiyyətini yaxşılaşdırmaq, baş sayını artırmaqla, xalçaçılıq sənayesinin tələblərinə uyğun surətdə aparılmışdır.

Ləzgi qoyun cinsinin bonitrəsi

Ləzgi qoyunları 12 aylıq yaşda, qırxımdan əvvəl bonitirə olunurlar. 

Daha dəqiq tam qiymət vermək üçün yun qırxımı zamanı, həm qırxılan yun, həm də canlı kütlə müəyyən olunur. Bonitirə prosesində qoyunlar 3 keyfiyyət qrupuna bölünür.Elit, I sinfə (standart) və II ikinci sinfə aid edilir.
Heyvanların sinfi onların canlı kütləsinə, eksteryerinə və konstitusiyasına, bədəninin formasına və ətinin keyfiyyətinə, qırxılan yunun miqdarına və yunun sinfinə görə müəyyən edilir.Göstəricilərə görə arzu olunan tipin tələbatına cavab verməyən heyvanlar çıxdaş edilərək sürüdən çıxarılır.

Siniflərin xarakteristikası:

Elit sinfinə. Birinci standart sinfin tələblərinə daha yüksək səviyyədə cavab verən ağ yunlu fərdlər aid edilir. Elit sinifli heyvanlar konsititutsiya və məhsuldarlıq göstəricilərinə görə I sinfə aid edilən heyvanlardan nəzərə çarpacaq dərəcədə üstündürlər.

I sinfə aid edilən heyvanlar üçün standartlar. Buraya aid edilən heyvanlar orta çəkili, kobud və yaxşı inkişaf etmiş sümüklü, düz profilli və orta həcmli başı olan buynuzlu qoçlar daxil edilir. Onların bədən quruluşu mütənasib, döşü enli vədərin, dalı və beli düz, sağrısı enlidir, azacıq düzgün quruluşludur, dırnaqları möhkəmdir, yağlı quyruğu yaxşı inkişaf etmişdir. Ləzgi qoyun cinsinin yunu ağ rəngli, saçaqlıdır, uzundur, yumşaqdır, əsasən tiftikdən, keçid lifdən və nazik qılandan ibarətdir. Rəngli ölü tüklərə nadir hallarda təsadüf edilir. Xalçaçılıq sənayesinin tələblərinə cavab verir.

II sinfə aid edilən heyvanlar üçün standartlar. Yununda ölü və qılan liflər olan fərdlər aid edilir. Bunlar konstitutsiya möhkəmliyinə, ət və yun məhsuluna, yunun keyfiyyət göstəricilərinə görə I sinfin tələblərinə çatmır. Bonitirə zamanı Ivə II siniflərin tələblərini ödəməyənlər çıxdaş olunur.

Ləzgi qoyun cinsini fərdi bonitrə etmək üçün xüsusi nəzərdə tutulan təlimat jurnalının yazılmasına dair göstəricilər

Jurnala bonitirə olunan Ləzgi qoyun cinsinin (erkək və ya dişi) inventar
nömrəsi və doğum tarixi qeyd olunur. Jurnaldakı nömrələr heyvanın qulağındakı və ya digər yerə vurulmuş (quyruq altı nahiyəyə) nömrə ilə tutuşdurulmalıdır. Əgər hər iki nömrə bir-birinə uyğun gələrsə onda, bonitirə və göstəricilərin qeyd olunmasına başlamaq olar. Jurnala bonitirə zamanı

  • heyvanın canlı kütləsi,
  • qırxılmış yunun çəkisi və sinfi,
  • qılanın və tiftiyin uzunluğu,
  • onların qalınlığı (keyfiyyəti) qeyd olunur.

Heyvan əsasən yun qırxıldıqdan sonra çəkilməlidir.

Yazanı: k.t.e.n B.M.Ocaqquliyev, k.t.e.n. dosent Y.C.Bağırov,  k.t.e.n. N.B.İsmayilov,  elmi işçi, Ş.Q. Əliyeva 

Rəy vermiş: a.e.e. doktoru, professor A.Ə.Tağıyev.   Elmi redaktor: a.e.f. doktoru, dosent F.M.Mirzəyev

 

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669