Mikroklonal çoxaltma üsulu ilə artırılmış bitkilərin əkini baş tutub

bitkiçilik agroexpert.az

Ölkəmizdə ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanovun sözlərinə görə, çəyirdəkli meyvə bitkilərinin 4 calaqaltıları in-vitro üsulu ilə çoxaldılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb. O bildirir ki, bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə də adaptasiyası uğurlu keçəcək. S.Süleymanova deyir ki, bu calaqaltılar calaq olunacaq və bir ildən sonra sağlam və yüksək keyfiyyətli əkin materialı əldə etmiş olacaq. Bu bitkilərin ən böyük üstünlüyü virussuz olmasıdır.

Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanov bildirib ki, bu calaqaltılar iqtisadi baxımdan çox əlverişlidir.

Belə ki, bu calaqaltılar üzərində calaq edilən meyvə tingləri 3-cü ildə məhsula düşür və 5-ci ildə isə artıq bağa qoyulan xərcləri çıxarır. “Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir. Yəni məhsulun rəngi parlaq, ölçüləri iri və standart olur”.

İ.Qurbanovun sözlərinə görə, bu kimi calaqaltılar ölkəyə 2003-cü ildən gətirilməyə başlasa da istehsalına ilk dəfə Meyvəçilik və Çayçılıq ETİ tərəfindən başlanılıb. Əsas məqsəd bu istiqamətdə özəl tingçilik təsərrüfatları ilə birgə çalışaraq ölkəyə ting idxalının qarşısını almaqdır. Çünki xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materialların yetişdirilməsidir. Gələn ilin sonuna kimi Meyvəçilik və Çayçılıq ETİ-da 1 milyonadək tingin istehsalı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nin yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!