Müalicəvi zəlinin saxlanılma qaydası
Son illər bir sıra xəstəxana və klinikalarda mikrocərrahiyyə və kosmetoloji müalicə vasitəsi kimi zəlidən geniş istifadə olunur. Lakin ondan necə istifadə olunmalıdır və saxlanılma qaydası necədir?
Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov deyib: “Zəli saxlanılmasının iki əsas xüsusiyyəti var: biri suyun istiliyi, digəri isə suyun tərkibində xlorun dərəcəsidir. Zəli xlorsuz suda saxlanılmalı, suyu günaşırı dəyişdirilməli və hərarəti 16-20 dərəcədən yuxarı qalxmamalıdır. Həşərat bir bankadan digərinə salınarkən suyun temperaturu eyni olmalıdır. 1 litr suda 50-dən çox zəli saxlamaq düzgün sayılmır. Zəli bir dəfə istifadə ediləndən sonra yenidən tətbiq edilməməli və müalicə prosedurundan sonra tərkibi 70 faizli spirt olan bankaya qoyulmalıdır. Prosedurdan sonra zəlinin tətbiq edildiyi sahəyə gel, losyon və ya digər məhlullar sürtülməməlidir. Həmin nahiyə steril şəkildə təmizlənməli və yaxud ilıq su ilə silinməlidir”.
Zəlidən düzgün istifadə edilməsi heç bir ziyanlı nəticəyə səbəb olmur. Qan laxtalanması problemi olan xəstələrdə durulaşdırıcı kimi həmin müalicə formasından istifadə edilir. Ona görə də hemofiliya kimi xəstəliklərdə onun istifadəsi məhdudlaşdırılır. Kəskin allergik reaksiyası olan xəstələrdə zəli tüpürcəyindən ifraz olunan bioaktiv maddələr reaksiya verə, bəzən yara yerində qaşınma əmələ gətirə bilər. Prosedur mütəxəssislə məsləhətləşəndən sonra aparılmalı və bəzi qaydalara ciddi şəkildə əməl edilməlidır”.