Muxtar respublikada ailə təsərrüfatları sürətlə inkişaf edir

Son illər Naxçıvanda ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb. 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki,

  • muxtar respublikada ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni belə təsərrüfatların yaradılmasının dəstəklənməsi,
  • onların fəaliyyətinin stimullaşdırılması,
  • qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması üçün məqsədyönlü tədbirlər, festivallar keçirilib.
Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planı bu baxımdan mühüm əhəmiyyətə malik olub, belə təsərrüfatlara geniş fəaliyyət imkanları açıb.
Ailə təsərrüfatı naxçıvanda biznes agroexpert.az

Bu istiqamətdə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 87 ailə təsərrüfatına 820 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, 315-i 12 min 800-dən çox tara ilə təmin olunub. Belə təsərrüfatların biznes planlarının tərtib olunmasına kömək göstərilib. Təsərrüfatlara müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və gübrələr verilib.

Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırıb. Onların fəaliyyət sahələrini genişləndirməyə şərait yaradıb. Bu istiqamətdə cari il də işlər davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən

  • istixana, soyuducu anbar,
  • heyvandarlıq və süd emalı,
  • arıçılıq təsərrüfatları,
  • meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması,
  • bağçılıq sahəsinin yaradılması

məqsədilə 30 ailə təsərrüfatına 306 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. 300-ə yaxını isə 4 min 700-dən çox tara ilə təmin olunub. Bu isə öz növbəsində, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə təkan verib.

Ailə təsərrüfatlarının, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğulluğun təmin olunmasında müstəsna rolu var. Digər tərəfdən aparılan məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə çoxalması əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla yanaşı, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.

Hazırladıqları məhsulları özlərinə məxsus brend adı altında satışa çıxarmaları ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir.

Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailə təsərrüfatlarının 118 çeşiddən çox məhsulunun nümayişi təmin olunub. Şəhər və rayonlarımızda fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada belə məhsulların çeşid və rəqabət qabiliyyətliyinin stimullaşdırılmasında, istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayıb.

İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə nəzarət edirlər. Bu məqsədilə ailə təsərrüfatlarında hazırlanan məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikrobioloji göstəricilər üzrə laboratoriya təhlilləri aparılıb. Nəticədə, 418 halda məhsullardan laboratoriya analizləri götürülüb, nümunələrin keyfiyyət və təhlükəsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.

Türkiyədə keçirilən kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların virtual sərgisində muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynovanın iştirakının təmin olunması xarici təcrübənin öyrənilməsində və yeni tərəfdaşların tapılmasında mühüm rol oynayıb.

Muxtar respublikada fermerlərin müasir biliklərə yiyələnməsi,

  • təsərrüfatlarda innovativ metod və texnologiyaların tətbiqi,
  • ərzaq və qida təhlükəsizliyinin təmini,
  • kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə resurslarına çıxışının asanlaşdırılması,
  • aqrar sahənin risklərdən sığortalanması,
  • kənd əhalisinin məşğulluğunun artırılması istiqamətində

həyata keçirilən tədbirlər davam etdiriləcək. Heç şübhəsiz ki, görülən işlər ailə təsərrüfatlarının gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsinə öz töhfəsini verəcək.

Mənbə:AzərTac

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669