Neçə qoyun saxlamaq sərfəlidir?

Qoyunçuluq aqro biznes ideyalar arasında ən yaxşılardan bir hesab edilir. Bərəkətli heyvandır, əhali çox istehlak edir, ət, yun, süd, peyini də istifadəyə yararlıdır. Hətta agroexpert.az olaraq iddia edirik ki, dünyada ən dadlı qoyun cinsləri bizdədir. Bunu exportla məşğul olan tərəfdaşlarımız təsdiq edir.

neçə qoyun qoyunların cinsləri

Hər nə qədər qoyunun bərəkəti haqqında rəvayətlər gəzsə də qoyunçuluqla məşğul olma istəyənlər müəyyən qaydaları və hesabları bilməlidir. Məsələn, hansı qoyun cinsini seçməli, ətlik yoxsa damazlıq saxlamalı, otlaq yeri nə qədər olmalı, optimal qazanc üçün neçə qoyun saxlamalıyam? Gəlin bərabər bu suallara cavab axtaraq. Bərabər deyirəm çünki bu sualların bəzisi çətin suallardır, müzakirə edib ən optimal rəqəm çıxarmalıyıq.

Qoyun biznesi quracaqsınızsa iki çətinliyiniz olacaq: Otlaq sahəsi və çoban.

Azərbaycanda otlaq sahələri getdikcə azalır təəssüf ki, və bugün yerli fermerlərin ən böyük problemi elə budur. Otlaq sahələri ya əkinə verilir, ya da yararsız hala düşür. Çoban tapmaq da qəlizləşib. Qoyuna baxmaq asan iş deyil aydındır, amma modern insanlar da rahata daha düşkünləşib. Çobana çox maaş vermək olmur, az maaşda sürüdə “itki” çoxalır. Həm də qoyun xəstəliklərindən başı çıxan çoban tapmaq olmur. Qalan məsələlər həll olandır. Satış asandır, alıcı qapıya gəlir. Tövlə və saxlama üçün tələblər ağır deyil. Qoyun çox mübarək heyvandır, adamı incitmir.

Bir başqa aldadıcı məqamı qeyd edim. Bizim yerli qoyunları sağmaq asan proses deyil. Çünki verimi azdır (300 qram) və pendirində spesifik iy olur. (amma çox dadlıdır və bahadır). Ona görə 1000 baş qoyunu olan fermerlərin həftəlik normal pendir istehsalı da olmur.

Qoyunları qırxmaq çətin deyil, özünüz də edə bilərsiniz. Yun yaxşı satılmır, elə dəri də. Xəstəliklərdən qorumaq üçün savadlı baytar konsultasiyasına ehtiyac var.

Neçə qoyun saxlamaq lazımdır?

Gəlin 1000 qoyun üçün hesablayaq, rəqəmlər ortalama götürülüb, xəta varsa şərhdə bildirin.
Hesablama qaydası 1:

  • 1 ha otlaqda 100 sentner ot bitir.
  • Bir qoyun sutka ərzində 10 kq ot yeyir.
  • Deməli 1 ha-da bir gündə 1000 qoyun otlaya bilər.
  • 1000 qoyun üçün 50 ha otlaq bəs edir.
  • 1 qoyun gündə 150-250 qram artım verir.
  • 1000 qoyun gündə 150-250 kq artım verir.
  • 1000 qoyun gündə 750-1250Azn gəlir verir.
  • 1000 qoyun yarım ildə 130 000-225 000Azn gəlir verir.

Hesablama qaydası 2:

Adətən belə də hesab aparılır. 1000 qoyundan 1200-1300 bala alıb 6 ay böyütsək, 180 000-260 000Azn gəlir əldə edirik. (Satış qiyməti 150 Azn-dən) Təbii ki, bu rəqəmlər qoyun cinsinə, iqlimə, xəstəliyə görə dəyişir.

Bu gəlirdən çoban, baytar, ferma, torpaq kirayə xərclərini çıxsaq, təmiz qazancı əldə eləmiş olarıq. Burda bəzi nüanslar nəzərə alınmalıdır. 1000 qoyuna 3-5 çoban lazımıdr, at lazımdır, it lazımdır. Saymaq üçün innovativ bir şey fikirləşməlisiniz. Bu hesabla cari xərcləri 6 ay üçün 20 000Azn götürək.

Deməli 1000 qoyunun 6 ayda təmiz qazancı 100 000-230 000Azn arası olacaq.

Olacaq yazdım, çünki olmalıdır. Həyat və rızq məsələsi sirlər dünyasına aid olduğu üçün 1000 başlıq qoyun sürüsü ilə iflas olmaq da mümkündür, bəy olmaq da. Amma bir şey dəqiqdir, qoyunçuluqda pul qazanmaq üçün sürü sayını böyük tutmaq şərtdir. Başlayarkən az sayda başlamaq olar, amma sürünü bir müddət sonra minimum 300 baş eləmək lazımdır.

Qışda qoyunları əvvəlcədən tədarük edilmiş otla yemləyirlər. Bu zaman bir dişiyə sutkada ən azı 2 kq ot hesablanır. Qoyunlara otla yanaşı arpa da verilir.

İndi gəlin 10 qoyunla, 100 qoyunla qalenvaqen aldı mifini incələyək doğrudanmı belədir?!
100 damazlıq qoyun bizə 120-150 bala versə və biz bunu 6 ay otlaqda otarıb 150-200Azn-dən satsaq, 18-25 000Azn gəlir gətirəcək. Burdan yenə çoban, baytar və amortizasiya xərclərini çıxsaq 12-18 000Azn qazanc əldə edərik. Bu isə aya 2-3 000Azn qazanc edir. Yəni 1 ilə qelik olmasa da, normal bir maşın almaq olar. Bazar, otlaq və xəstəlik bu rəqəmə çox təsir edə bilir.

Qoyunçuluğun kiçik biznes forması da mövcuddur. Bu zaman daha verimli qoyun cinsi (qala, abşeron) saxlayırlar. Yuxarıda hesablar yerli qoyunlar üçündür. Bizim tövsiyyəmiz qaradolaq və qarabağ cinslərini yaxşı seleksiya eləməkdir.

Ümid edirəm bu məqalədən sonra neçə qoyun saxlamaq barədə müəyyən təsəvvürə sahib oldunuz. Yazını rəy və təkliflərinizə açıb, daha da təkmilləşdirəcəyik.

Sonda Shehriyar Velizade adlı FB izləyicimizin maraqlı hesabını da məqaləyə əlavə edirəm.

  • Qoyunçuluqda gəliri hesablayarkən qoyun sayının 90 faizi qədər bala götrülür məsəl üçün 1000×0.9%=900 baş.
  • Sonra əgər təsərrüfatı uzun müddət saxlayacaqsa qocalma nəzərə alınır buda o deməkdir ki, qoca qoyunlar satılır yerinə dişi quzular əlavə edilir. Bunun hesablanması da belə aparılır: 900 baş×0.6=540 baş quzu erkək doğulacaq və satılacaq. 60% quzu adətən erkək doğlur. Qazanc 540 baş quzu ×150 Azn=81000 Azn. Əlavə olaraq 1000 qoyunun 20 % satışa çıxarılır qoca qoyun kimi buda 200 qoyun deməkdir yəni 200 baş qoca qoyun ×100 Azn=20000 Azn. 20 % qocalma o deməkdirki qoyun 5 il davamlı bala verə bilir 5 ildən sonra məhsuldarlıq azalır. 1000 başında bu gedişlə 20 % hər il sıradan çıxır.
  • Yekunda 1000 baç qoyun 101000 Azn gəlir verir. Xərclər çıxılmamış halda.

Tural Nağıyev

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика