Ölkədə taxıl biçimi başa çatmaqdadır – statistik göstəricilər

Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub.

İyulun 10-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin artıq 83,4 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, biçin aparılmış 847806,6 hektar sahədən 2,66 milyon tondan çox məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir.

Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır. Biçin prosesinə 804 kombayn cəlb olunub. Bunlardan 216 kombayn “Aqrolizinq” ASC-nin biçin zonasındakı aqroservislərinin balansında olan kombaynlardır. Bundan başqa, “Aqrolizinq” ASC tərəfindən digər bölgələrdən biçin zonasına əlavə 124 kombayn dislokasiya edilib.

Biçində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 464 kombayn da iştirak edir. Bu günədək “Aqrolizinq” ASC-nin kombaynları tərəfindən 266 min 995 hektar sahədə biçin həyata keçirilib.

Biçin prosesi davam edir.

Qəbələ

Qəbələ rayonunun təsərrüfatlarında da taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Bu günədək 4 min 892 hektar arpa və 13 min 660 hektar buğda sahəsinin məhsulu biçilib, 61 min 680 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 33,2 sentner təşkil edir.

payızlıq taxılı

Bu barədə  Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 16 min 192 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 33,1 sentner məhsul götürülüb. Biçin aparılan buğda sahələrindən isə 45 min 488 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 33,3 sentner olub. Rayon üzrə ən yüksək məhsuldarlıq Nic, Vəndam qəsəbələrinin, Zarağan və Mirzəbəyli kəndlərinin ərazilərindəki buğda sahələrində qeydə alınıb. Belə ki, bu ərazilərdə buğda zəmilərində orta məhsuldarlıq 45-50 sentner təşkil edib.

Sektor müdirinin sözlərinə görə, biçin kampaniyasının qızğın çağında sahələrdə 56 taxılbiçən kombayn işləyib. Hazırda isə sahələrdə 14 kombayn işləyir.

Hələlik rayonda 1200 hektaradək biçilməmiş taxıl sahəsi qalıb. Torpaq mülkiyyətçiləri sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün səylə çalışırlar.

Ağcabədi

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Ağcabədidə isə məhsul yığımı artıq başa çatıb.

Zəmilərdən 105 min 494 ton məhsul əldə edilib. Toplanmış məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner, o cümlədən buğda sahələrində 38,6 sentner, arpa sahələrində isə 34 sentnerdir. 2019-cu illə müqayisədə hər hektarın məhsuldarlığı 1,1 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

Qeyd edək ki, Ağcabədi rayonunda 2020-ci ilin məhsulu üçün 28 min 324 hektarda taxıl, o cümlədən 19 min 989 hektarda buğda, 8335 hektarda arpa becərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика