Ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatında su problemi

Ağcabədi və Beyləqan ərazilərində yerləşən taxıl sahələrində su problemi yaranıb.

Agroexpert.az xəbər verir ki, ilk özəl pilot taxılçılıq təsərrüfatı “Qarabağ Taxıl” MMC-nin əkin sahələri susuzluqdan yanır. Şirkət tərəfindən 6 000 hektara yaxın sahədə qarğıdalı və soya bitkiləri əkilib. Şirkətin öz sahələrindən yaydığı fotoşəkillərdə sözügedən sahələrin susuzluqdan məhv olmaq üzrə olduğu aydın şəkildə görünür. Belə ki, həmin sahələrdəki indiki vəziyyət məhsuldarlığın 40% itirildiyini göstərir. Qalan məhsulu xilas etməyin bir yolu var. O da avqust ayının ortalarına kimi sahələri dayanmadan su ilə təmin etmək.

Şirkətdən verilən məlumata görə bu taxılçılıq təsərrüfatı ölkə prezidentinin Sərəncamı ilə Dövlət Torpaq Fondundan ayrılmış torpaqlarda yaradılıb.

Qarabağ taxılda su problemi agroexpert.az

Dövlət tərəfindən bu təsərrüfatın qurulmasına 30 milyon manatdan artıq investisiya ayrılıb

“Dövlət bu təsərrüfatın qurulmasına 30 milyon manatdan artıq investisiya qoyub, ərazidə əvvəllər fəaliyyət göstərmiş 138 fermer təsərrüfatı subyektinə dövlət büdcəsindən 2 milyon manata qədər kompensasiya ödənilərək, köçürülməsi təmin edilib. Həmçinin “Qarabağ Taxıl” təsərrüfata 27 milyon manatdan artıq investisiya qoyub.Torpaqların əkinçilik məqsədilə istifadəsi üçün Baş Mil kanalından əraziyə uzunluğu 11 km və su ötürücülüyü 16-18 m3/san olan Yuxarı Mil beton kanalı çəkilib. Lakin indi bu Yuxarı Mil kanalına su buraxılmaması səbəbindən sahələrdə əkinlər məhv olur” – şirkətdən bildirilib.

Şirkət sözcüləri əlavə ediblər ki, dövlətin böyük investisiyası ilə yaradılmış “Qarabağ Taxıl” ölkənin ərzaq təhlükəsizliyi təmin etmək məqsədli ilə yaradılıb.

“Bu təsərrüfatın qurulması üçün təkcə xüsusi olaraq Yuxarı Mil kanalı çəkilməyib, həm də müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində möhkəm infrastruktur qurulub – əraziyə və ətraf kəndlərə xidmət edən uzunluğu 23 km olan avtomobil yolu, uzunluğu 10 km olan yüksək ğərginlikli 2 dövriyyəli elektrik xətləri çəkilib. Yerli idarəetmə strukturlarının dövlətin ümumi iqtisadi siyasətinə zidd fəaliyyəti, suyun doğru paylanmaması səbəbindən bir sıra dövlət qurumlarının birgə səyi və dövlətin böyük investisiyası ilə yaradılmış təsərrüfat məhv olmaq üzrədir” – qeyd edilib.

Pivot sistemində su az və qənaətlə işlədilir, su itkisinə yol verilmir. Ancaq sistemdə daim su saxlanılır. Belə ki suyun növbəli verilməsi müasir pivot sistemi üçün uyğun deyil. Çünki bu sistem torpağın üst qatını nəmləndirir və bu nəm mütəmadi saxlanmalıdır. Bir gün verib, bir neçə gün kəsilən rejim pivot sahələrinin məhv edir.

qarabağ taxıl şirkətinin su peroblemi agroexpret.az
Bu təsərrüfatın 151 daimi və 22 mövsümi işçisi var

İldə 25 min tondan artıq qarğıdalı, 6 min tondan artıq soya istehsal edən “Qarabağ Taxıl” ölkənin ən iri taxılçılıq təsərrüfatlarındandır. Bu şirkət ildə 15-20 milyon manatdan çox dəyərə malik məhsul ilə idxalı yerli məhsulla əvəzləyir, heyvandarlıq və quşçuluq sahəsi üçün yem istehsal edir. Həmçinin bu təsərrüfat sahəsi yüzdən artıq insanın işlədiyi yerdir. Təsərrüfatda 151 daimi və 22 mövsümi əməkdaş çalışır.

“Bizim sahələrdə məhsul itkisi bir neçə aydan sonra ət məhsullarında, xüsusilə də quş ətində qiymət artımına səbəb ola bilər. Bu da illərlə nail olduğumuz və nail olmaq istədiyimiz hədəfləri qeyri-rasional yanaşma ilə əldən buraxmaqdır”.- şirkət işçiləri susuzluğun yarada biləcəyi nəticələr barədə narahatlığı dilə gətiriblər.

Qeyd edək ki, “Qarabağ Taxıl” “Səba” ASC-nin törəmə müəssisələrindəndir. Müəssisənin istehsal etdiyi məhsul ”Səba” quşçuluq müəssisəsinin yem ehtiyacının böyük hissəsini idxaldan azad edib. Bundan əlavə, müəssisə ölkənin bir sıra quşçuluq və heyvandarlıq müəssisələrini də yemlə təmin edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!