Önəmli yem bitkisi – Yonca

Yonca paxlalılar fəsiləsinə aid olub, əkinçilik sistemində geniş yayılmışdır. Qədimdən becərilən paxlalı çoxillik yem bitkisidir. Boyu 50-80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8-10 metrə qədər dərinliyə uzana bilir. Hazırda dünya əkinçiliyində becərilən bütün mədəni yonca formalarının 6 qrupu, 56 növü məlumdur. Ən çox yayılan və geniş becərilən səpin (adi) yoncasıdır (Medicago sativa). Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10-a qədər vitamin var.
Müəyyən edilmişdir ki, yonca Orta Asiya və Cənubi Qafqaz respublikalarında bizim eradan 5 min il əvvəl becərilmiş və heyvandarlıqda yem kimi istifadə olunmuşdur.
Respublikamızda əkin sahəsinə görə yem bitkiləri içərisində birinci yer tutur. Mal-qaranın qiymətli yem bitkiləri ilə qidalandırılması sağlam balaların alınması deməkdir. Respublikanın şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80-85%-dir. Qalan 15-20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir. Kənd təsərrüfatı bitkiləri üçün ən yaxşı sələf sayılan yonca aqrotexnika qaydaları əsasında becərildikdə yüksək keyfiyyətli bol yaşıl kütlə və quru ot məhsulu əldə olunur.

Yüksək aqrotexnika tətbiq edilən suvarma şəraitində, ildə 4-5 çalında hər hektardan 70-100 ton yaşıl kütlə və ya 15-20 ton quru ot məhsulu alınır. Bu bitkinin əkin sahələri əsasən aran və dağ ətəyi bölgələrdə geniş yayılmışdır. Yonca quru ot halında, yaşıl halda, ot unu halında heyvandarlıqda geniş istifadə olunur. Heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında yem bazasının əsasını təşkil edir.
Yoncanın yaşıl kütləsi, quru otu, senajı və ondan hazırlanmış ot unu yüksək qidalılığa malikdir.
Onun yaşıl kütləsi heyvanların və quşların orqanizmləri üçün amin turşuları ilə normallaşdırılmış proteinlə, müxtəlif mikro və makroelementlərlə, vitaminlərlə, mineral duzlarla zəngindir. Yoncanın quru otunda da çoxlu zülal, fosfor, kalsium və əvəzsiz amin turşuları (valin, leysin, izoleysin, lizin, metionin, trionin, triptofan, fenilalanin, arginin, histidin, pereonin və s.) olduğundan yüksək yemlilik dəyərinə görə fərqlənir. Quru otun hər kq-da 0,75 enerji yem vahidi vardır. Müasir texnologiya ilə hazırlanmış 1 kq ot ununun tərkibində 150-200 qr protein və 200-300 mq karotin vardır.
Bu bitki güclü kök sistemi əmələ gətirərək yaxşı məhsul verməklə yanaşı, torpağı azot və üzvi maddələrlə zənginləşdirir. Onun kökləri üzərindəki kök yumrucuğu bakteriyaları hesabına bir hektar torpaq sahəsində 100-150 kq azot toplanır. Bu da fiziki çəkidə 400-500 kq ammonium-şorasına və ya 30-40 ton peyinə bərabərdir. Yonca bitkisi torpağın strukturunu da yaxşılaşdırır. Ona görə də yonca əvəzolunmaz sələf bitkisidir. Yoncadan sonra becərilən bitkilərin məhsuldarlığı 15-30 %-ə qədər yüksək olur.
Örtük altında əkilmiş yoncanın quru ot məhsulu birinci ildə hər hektardan 50-60 sentnerdən artıq olmur.

Örtüksüz əkində isə 100-130 sentnerə çatır. Lakin bu fərq hət hektardan alınan 25-30 sentner arpa və ya buğda ilə əvəz edilir. Örtük altında yoncanın yaz əkini də yüksək nəticə verir. Bu vaxt yonca fevral ayından gec olmayaraq göyərən əkinlərdə səpilir.
Beləliklə, aqrotexnikanın düzgün tətbiq edilməsi şərti ilə yoncanın örtük altında səpilməsi yaxşı nəticə verərək yüksək keyfiyyətli quru ot və qüvvəli dən yemləri ilə təmin edir. Bu məsələ, yoncanın kökləri vasitəsilə torpaqda çoxlu miqdarda üzvi maddələr toplanması yolu ilə müvəffəqiyyətlə həll olunur. Torpağın yarım metrlik qatında yoncanın ikinci ilinin axırında hava dərəcəsində quru olan kök kütləsinin miqdarı yoncanın sortundan, torpaqdan və aqrotexniki şəraitdən asılı olaraq hər hektarda 65-80 sentnerə çatır. Bundan başqa hər hektara 15-20 sentner kövşən qalıqları şumlanıb torpağa basdırılır.
Yonca kökünün tərkibində 2,0-2,5% azot, 0,5-0,6% fosfor vardır. Bunun nəticəsində yoncadan sonra torpaqda toplanan azotun miqdarı təxminən hər hektara verilən 45-55 ton yaxşı peyini əvəz edir. Yonca kökünün üzərindəki yumrucuq bakterləri tərəfindən mənimsənilmiş bioloji azotu da nəzərdə tutduqda torpaqda azotun miqdarı xeyli artır. Mühüm şərtlərdən biri də üzvi maddənin ayrı-ayrı torpaq qatında müntəzəm yayılmasıdır. Torpağa peyin veriləndə isə bu iş çətin olur. Bundan başqa, yonca torpağın şum qatından başqa onun aşağı qatlarını da üzvi maddələrlə zənginləşdirir ki, buna süni gübrələmədə nail olmaq qətiyyən mümkün deyildir.
Yoncanın daha bir mühüm müsbət cəhəti də vardır. O şorlaşma və eroziya proseslərinin də qarşısını alır.

Şorlaşmış torpaqlara fitomeliorativ təsir edir. Güclü kollanma qabiliyyətinə malik olduğundan tarlaların alaq otlarından təmizlənməsində də bu bitkinin rolu böyükdür. Torpağı çox kölgələyib, suyu çox buxarlandıraraq yeraltı suların yuxarı qatlara qalxması gücünü azaldır. Məlumdur ki, tez-tez suvarmalarda torpağın üst qatında olan duzlar yuxarı qatlardan yuyularaq daha dərin qatlara aparılır. Onun belə təsiri nəticəsində, yonca əkinindən sonra torpaqların üst qatında zərərli duzların miqdarı uzun müddət pambıq əkilmiş torpaqlara nisbətən həmişə xeyli az olur.
Yonca tarlada 10-25 il qala bilir. Lakin ilk 2-7-ci illərdə daha çox məhsul verir. Qışda yerüstü hissəsi məhv olur. Kök və onun kollanma zonası qışlayıb yazda fəaliyyətini gücləndirir.
Yoncanın Azərbaycanda rayonlaşdırılmış sortları:
AzNİXİ–262, AzNİXİ–5, ASXİ–1, Abşeron, Aran, Ağstafa-1, Ağstafa-2, Yemçilik İnstitutu-16 və Yazçiçəyi.
Yonca bitkisinin əkilmə prosesi… ⇒