Ördək biznesi
Bu məqalədə sizə ördək biznesinə, dolayısı ilə kənd təsərrüfatına məndə necə maraq yarandığını danışacam. Ördək biznesinin (kənd təsərrüfatının) bu qədər çox gəlirli sahə olduğunu təsəvvür etməzdim. Proqramçılıqla məşğul idim, indiki zamanənin xəstəliyi virtual dünyadan ayrılmırdım. Hər zaman öz işimi qurmağa meyl eləsəm də şəhər biznesində sınamışdım özümü. Taa ki, bir gün dostum məni bağlarına dəvət edərkən.
Ördək ətini bizim süfrədə çox istifadə eləmədikləri üçün qəribə baxırdım ördək işinə. Dostum 3 ördəklə (həm də bala) cüzi yatırımla demək olar ki, indi kiçik ferma sahibidir. Cüzi yatırımın səbəbi, ferması hazır idi, arakəsmələr və balaca hovuz düzəltdi. Bu ördək deyilən heyvanda çox bərəkət var. Ördəyin əti, tükü, ciyəri, yumurtası, hətta peyini də yararlı və faydalı bir şeydir. Bunların biznesi haqqında ətraflı məqalələr yazacam.
Girişkən və asi ruhum həmən bu işə girişməkdə fayda olduğunu anladı və Sumqayıtda həyətimizdə kiçik bir hin düzəltdim, elə həmən dostumdan aldığım 4-5 ördəyi ora köçürdüm. Bu hardasa keçən ilin mart-aprel aylarında baş verdi. Ördəklər lal cinsdən olduğu üçün (muskus ördəyi, lal ördək deyirlər) qonşulara da əziyyət olmur. Həm lal ördəklərin əti öz cinslərdən fərqli olaraq yağsız olur, ona görə “qaz-ördək yemək üçün qar yağmalıdı” kimi batıl inanca da gərək qalmır :). Ördəklər üçün kiçik hovuz yem qabları da düzəltdim. Lal ördək çox təvazökardır, yem üçün dava salmır, ildə 40-50 yumurta verir, çəkisi 2-4 kq-a kimi çatır, 4-6 aya böyüyür. Bu işin ən zövqlü yanı (qazancdan sonra) heyvanlarla ilgilənməkdir. Heyvan yavruları çox gözəl olur, göz oxşayır. Heyvanla məşğul olduqca bu işin elmini öyrənirsən, oxuyursan, təcrübə qazanırsan. Məsələn, hamı desə də ki, ördək və qaz çox dözümlü heyvanlardır, yenə də balalar arasında itki baş verir. Amma çox az sayda və fors-major hallarda ördək ölür. Bu keçən 6-7 ay ərzində ördəklərin sayı 50-55-ə çatdı. Geriyə baxanda belə də əziyyət çox çəkməmişəm. İlk təcrübə olduğu üçün heyvan sayı da az oldu. (fikrimcə, 5 dişi ördək 120-200 bala verməli idi). Rəqəm azdır, amma məqsədə çatdıq. Bu il üçün damazlıq sürüm hazırdır. Gələn il üçün 15-20 ördək saxlasam, (qalanları manqala) 400-500 ördək əldə edəcəm. Bu isə artıq 5000-7000 Azn deməkdir. Yerim kiçikdir, ona görə damazlıq sürününün sayını az tuturam. Amma bu iş üçün normal 20-40 sot yer olsa (hətta 2-3 ha) 1000 baş saxlamaq mümkündür, qazancını özünüz hesablayın yuxarıdakı misala uyğun.
Mən sizə lal ördək haqqında danışdım, başqa ördək cinsləri ilə məşğul ola bilərsiniz. Çox məşhur cinslərdən biri pekin ördəyidir. Qısa vaxtda (2 ay) kəsim həddinə (2-4 kq) çatır. Çox yumurta verir və sair. Ördək cinsləri haqqında ətraflı bu məqalədə oxuya bilərsiniz.
Ördək biznesinin riskli tərəflərindən də bəhs eləmək lazımdır, yoxsa insanları yoldan çıxaran avantüristlərdən fərqimiz olmaz. Bu biznesin məncə ən müşkül tərəfi satışın təşkilidir. Çox təəssüf ki, Azərbaycan bazarında ördək və qaz ətinin çox az payı var. Amma var. Rusiyada məşhur bir yemək var, adı da pekin ördəyi. Hətta bu adda restoranlar da var. Bizdə də qaz və ördək əti yeyilir, xüsusən cənub bölgəmizdə. Hətta məşhur ləvəngi ilə ördək çölməsi hazırlayırlar. Bu arada bu yeməkləri də əvvəl-axır milli brendə çevirmək lazımdır. Yoxsa bir gün yenə dizimizi döyəcəyik, Moskvada hansısa kafenin menyusunda “armyanskiy lavangi” sözünü görəndə. Bu videoda ördək çölməsinin hazırlanması var.
Digər risk də, ördəyin bir çox cinsinin çox səs-küylü olmasıdır. Təbii ki, ferma da vaxtlı-vaxtında təmizlənməsə pis iy ətrafa yayılacaq və qonşuları narahat edəcək.
Ördək biznesinin müxtəlif variasiyaları var. Kiçik fermadan başlayıb, bazarı genişləndirə-genişləndirə böyümək daha ağıllı işdir. Həm mən sizə ördəyin sadəcə ətlik istiqamətindən bəhs elədim. Ördəyin yumurtasını, tükünü, ciyərini də sata bilərsiniz. Ördək balalarının satışını da təşkil edə bilərsiniz. Dediyim kimi, Allah insanı yer üzünün əşrəfi yaradıb, bütün canlıları ona xidmət eləmək üçün. Sadəcə hər işin elmini öyrənib ağıl ilə pul qazanıb sağlam həyat sürmək lazımdır vəssəlam!
Sayta birinci dəfədir girirəm. Çox xoşuma gəldi. Özüm mürəbbə istehsalçısıyam. Bu sahə haqqındada məlumatlar dərc edsəniz sevinərəm. Əlləriniz dərd görməsin. İşlərinizdə uğurlar.
Allah razı olsun, sizə də işinizdə uğurlar. Yerli istehsalçıların mürəbbələrini Rusiyada brend eləməyə həvəsləndiririk…
Çox sağolun, mürəbbə haqqında var məqalələrimiz. Yenə yazacayıq. Sizə də uğurlar əziz izləyicimiz