Ördək biznesinin riskləri

ördək biznesiBiz bu bloqda aqrobiznesi tövsiyyə etməklə yanaşı risklərindən də bəhs edəcəyimizə söz vermişdik. Bu məqalədə sizə ördək biznesi üçün mövcud risklər haqqında danışacayıq.

Risk deyəndə biz onu nəzərdə tuturuq ki, gördüyünüz biznesi ya batıra bilər, ya da işin rentabelliyi sizi qane etməz. Ümumiyyətlə ördək biznesi barədə başdan onu deyim ki, bəlkə də riski ən az olan işlərdən biridir. Ördəklər üçün tülkü, yanğın, siçovul, oğurluq kimi kənar risklərdən başqa əsasən aşağıdakı riskləri və çətinlikləri saya bilərik:

Xəstəliklər

Ördək (qaz) xəstəliklərə qarşı çox dözümlü heyvanlar olduğu üçün bu risk çox azdır. Çox nadir hallarda ördək sürünüz toyuq kimi xəstəlikdən tələf ola bilər. Ördəklər bütün quşlar kimi nəm, yel və kirliliyi sevmirlər. Ona görə onların hinini təmiz, quru saxlayın və yel çəkən yerləri qapatın.

Satış

Ördək biznesinin Azərbaycan üçün ən böyük riski satışdır deyə düşünürəm. Ördək əti toyuq qədər populyar deyil. Ona görə satışlar əsasən bayramlarda və qış aylarında daha çox olur. Həm də ördək əsasən yayda çoxaldığı üçün il boyu mütəmadi satışını təşkil eləmək asan deyil. Bəlkə də elə bu faktorlara görə ördəyi broyler kimi böyük fermalarda saxlamırlar. Ona görə bu biznesə başlarkən mütləq satışı öncədən nəzər alın və daim yeni satış kanalları axtarın.

Yem

Otlaq yeri, yem tədarükü və hovuzu düz seçməsəniz ördəklər çox yeyən olduqları üçün maliyətləri baha başa gələcək. Dolayısı ilə satışdan istədiyiniz karı əldə edə bilməyəcəksiniz. Yem tədarükünü sezon başında edin.

Ördək cinsi

Çox fərqli ördək cinsləri var. Ördək biznesi cins seçimindən çox asılıdır. Elə cins seçin ki, çəkisi 2-4 kq olsun. Bu çəkini də qısa vaxtda əldə etsin. Məsələn Pekin ördəyi tez böyüyür. Ətraflı ördək cinsləri məqaləmizdə oxuyun.

Böyümə

Ördək biznesi maraqlı nüanslarla zəngindir. Bəzi ördəklər 2, 4, 6 ayda böyüyürlər. Bax bu mərhələdən sonra damazlıq ördəkləri ayırıb digərlərini mütləq kəsimə göndərin. Çünki bundan sonra ördək nə yesə artmayacaq və siz ziyana gedəcəksiniz.

Qonşular

Bu işi görəndə qonşuları mütləq nəzərə alın. Çünki bütün ördəklər (lal ördəkdən savayı) çox səs-küylü quşlardır. Bundan əlavə ördək hini və gəzinti yeri təmiz saxlanmasa üfunət iyi də qonşuları narahat edəcək. (Eləcə də sizi). İstənilən halda pul qazanmaq üçün başqalarına əziyyət vermək müsəlmana yaraşmaz.

Dediyim kimi, ördək biznesi riski az olan işdir. Ona görə bu işlə məşğul olmaq qorxulu deyil. Amma yenə də yuxarıdakı riskləri nəzərə alın.

 

Tural Nağıyev

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Ördək biznesinin riskləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!