Özbəkistan Avropaya meyvə ağaclarının yarpaqlarını ixrac edir
Daşkənd vilayətinin (Özbəkistan Respublikası) Yangiyul rayonundakı “Omon Like” MMC Avropaya qurudulmuş tərəvəz və meyvələrlə yanaşı, meyvə ağaclarının yarpaqlarını da ixrac edir. Bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat verir.
Xüsusilə bu müəssisə Almaniyaya alma, armud, şaftalı, tut, əncir, xurma və gavalı yarpaqları tədarük edir. “Omon Like” şirkətinin rəhbəri Toyir Normatovun sözlərinə görə, meyvə ağaclarının, xüsusən alma və armudun yarpaqlarında çox miqdarda yod olduğu üçün çox tələb olunur. Keçən il müəssisə 10 tondan çox, 176 min dollar məbləğində, meyvə və tərəvəz məhsulu, həmçinin yarpaq ixrac etdi.

Müvafiq razılaşmalara əsasən, bu il 25 tona yaxın məhsulun ixracı planlaşdırılır. Avqust ayının sonuna olan göstəricilərə əsasən xaricə 10 ton quru tərəvəz-meyvə və 6 ton yarpaq göndərildi. İxrac olunan məhsul növləri mövsümə görə dəyişir. Hazırda şirkətdə pomidor, bolqar bibəri və kabaçki qurudaraq qablaşdırılır. Daha sonra bu məhsullar ixrac ediləcək.
Həmçinin şirkət yerli əhalinin yetişdirdiyi tərəvəz və meyvələri də alır. Həmin bitkilər müəssisədə qurudulur, emal olunur, qablaşdırılır və daha sonra isə ixrac olunur.
Hazırda şirkətdə 30 nəfər çalışır. Müəssisə bunun sayəsində fəaliyyətini daha da inkişaf etdirməyi, ixracın həcmini artırmağı, ixrac olunan meyvə və tərəvəz növlərini artırmağı və yeni iş yerləri açmağı planlaşdırır.