Pekin ördəyi

 

agroexpert_az pekin ördəyi

Ördək cinsləri, ördək biznesi haqqında saytımızda kifayət qədər məqalələr yerləşdirmişik. Qeyd edim ki, satışını təşkil edə bilsəniz ən uğurlu biznes ideyalardan biri ördək biznesidir. Çünki ördək çox bərəkətli heyvandır, heyvandarlıqda ən verimli quş sayılır. Bir ördək ildə 40-100 bala verir, birini ortalama 2-4 kq hesab etsək, il boyu 100-200 kq ət çıxımı deməkdir. 2-4 aya böyüyür, 6 ayında isə özü yumurta verməyə başlayır. Yaxşı kürt yatırlar, demək olar ki, xəstələnmirlər. Ördəklərin ən çox sevdiyim özəlliyi isə GMO-lu olmurlar, buna sadəcə orqanizmləri uyğun deyil. Ördək cinsləri arasında ən populyarı, çox sərfəli pekin ördəyi sayılır.

Pekin ördəyi 18-ci əsrdə Çində seleksiya yolu ilə əldə edilib. Ətinin keyfiyyəti və tez böyüməsi sayəsində çox populyar olmağa başladı. Bunu da qeyd edim ki, Çin dünyada ən çox ördək istehsal edən ölkədir, elə dünya istehlakının ən böyük payı da Çindədir. Yəni orda əhali ördək ətini çox yeyir. Bir məqaləmizdə də qeyd etmişdim, bu cins o qədər məşhurdur ki, adına yemək resepti və restoran belə var.

Pekin ördəyi-özəllikləri 

  • Böyüklərin çəkisi: 3,4-4,2 kq
  • İki aylıq balanın çəkisi: 2-2,6 kq
  • Yumurtalamağa başlayır: 23 həftəliyində
  • Yumurtaverimi: ildə 150-200
  • Yumurta ağırlığı: 85-90 q
  • Yüksək yumurta vermə ömrü: 3 il
  • Günlük bir baça yem payı: 340 q
  • Kəsimdə ət çıxımı: 67%

Pekin ördəyi 42,2 °С bədən tempraturuna sahibdir, 1 erkək 5 dişiyə hesablanmalıdır. Yaxşı kürt yatırlar, bala verimi çox yüksəkdir. Amma yumurtaverimini artırmaq üçün yumurtaları inkubatorda çıxarmaq məsləhətdir. Suya çox tələbkardırlar. Ördək ferması düzəldərkən, mütləq yaxınlıqda su mənbəyi olsun, yoxdursa hovuz düzəldin.

Kiçik ördək biznesi ideyası

Qiymətli oxuyucularımıza maraqlı bir fikir tövsiyyə edə bilərəm. Əgər hazır hininiz, yeriniz varsa, 50-100 ördək balası alıb ora atın. Deyək ki, balaları 2-3 Azn-dən aldınız. Bu edir 100-200 Azn. Pekin ördəkləri 2 ayda kəsimə gedir, lal ördək alsanız 4-5 aya böyüyürlər. İki aydan sonra ördəkləriniz sizə 2-4 kq ət verəcəklər. Kəsib yeyin, dostlarınıza hədiyyə edin, satın. Normal ördək 10-15 Azn-dir. (Erkək ördəyi 25 Azn-ə satan da görmüşəm) Nəticə etibari ilə siz 500-1500 Azn qazanc əldə edirsiniz. Yemləmə də çox aparmayacaq. Ördəklər hər şey yeyir, otlayır. Yəni 100-200 Azn xərcləməklə siz il boyu özünüzü bol ət, yumurta və qazancla təmin edirsiniz. Ördək yumurtası toyuq yumurtası dadındadır, ondan daha çox kalorilidir. Tort, şirniyyat bişirəndə istifadə edilir.

Önəmli qeydlər

Ördəklər bütün quşlar kimi yeli və nəmişliyi sevmirlər. Soyuğa davamlıdırlar. 2 aydan sonra kəsin ki, tük dəyişmə dönəmində çəkisi artmır. Şəxsən məndə lal ördəklərdir, çünki qonşulara əziyyət vermək istəmirəm. Pekin ördəklərinin şəraitini yaxşı edin ki, hay-küy salmasınlar. Biraz əsəbi quşdurlar. Gün ərzində 3 dəfə yemləyin. Yem kimi buğda, kəpək, meyvə , tərəvəz, qarğıdalı, balıq, ot verə bilərsiniz.

Saxlanması

Hində 1 m²-də 2-3 böyük və ya 6-8 ördək balası saxlamaq olar. Soyuğa və istiyə dözümlüdürlər, amma yayda kölgəlik düzəldin. Hovuz pekin ördəyi üçün çox önəmlidir, mayalanma və parazitlərdən azad olmaları üçün. Bir dostumun çox gözəl təcrübəsini paylaşmaq istəyirəm. O ördəklərin hovuzundan həyətinə su xortumu çəkib və həyətini bu gübrəli suyla sulayır. Çox effektiv metoddur, çünki ördək gübrəsi bitkilər üçün çox faydalıdır.

Yem qabları, su qabları təmiz olsun.  Yumurta verimini artırmaq üçün hində işıq müddətini uzatmaq lazımdır (12 saat). Yumurta qoymaları üçün yuvalar vacibdir.

Ördəklərin saxlanması haqqında bu məqaləni oxuyun. http://www.agroexpert.az/ordeklerin-qisda-saxlanmasi/

Bu məqalədə isə ördək balaları üçün hin necə olmaldır qeyd edilib: http://www.agroexpert.az/ordek-balalari-ucun-hin/

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!