Portağal qabıqlarını atmayıb bu cür faydalana bilərsiniz
Portağal qabıqlarının sadəcə ətirli olduğunu düşünənlərdən biri idim. Onun faydalı ola biləcəyi, başqa cür necə istifadə olunar deyə heç düşünməmişdim. Sosial şəbəkələrin üstün cəhədlərindən biri yeni şeylər öyrənmək, görməkdir. Məhz bir videoda ondan nələr hazırlandığını, necə istifadə olunduğunu qısaca gördüm. Deməli düşünmək və tətbiq etmək gərəkirmiş. Heç ağlınıza gəlibmi ki, filan bitkini, tərəvəzi bu cür istifadə et dedilər, elədim faydasını gördüm. O deyən hardan bilirdi ki, bu cür etsəm sağalacam, ya yeməyə dad verəcək? Deməli kimsə təcrübədən keçirib, kimsə cəhd edib və nəticəsini görüb. Elə bu sınanmış təcrübələrə aid olan portağal qabıqları haqqında da sizə bir neçə faydalı məlumatı çatdıracağam.

Portağal qabığı salatlara dad verir. Necə ? Qabıqlarını rəndələyin və bir az zeytun yağı ilə qarışdırın. Bir gün saxladıqdan sonra salatlara əlavə edə bilərsiniz. Bu sous bütün salat növlərinə dad verir.
Bitki çaylarınızın dadını və keyfiyyətini dəyişə bilərsiniz. Cökə, yaşıl çay, ağ çay kimi sağlamlıq üçün lazımlı çaylarınızın keyfiyyətini və dadını portağal qabığı ilə dəyişə bilərsiniz. Bitki çayını dəmlədikdən sonra çaydana bir neçə ədəd portağal qabığı əlavə edin.
Ayrıca olaraq portğal çayı da hazırlamaq mümkündür. Bu çay Portağal qabığının çayı olduqca dadlı və faydalıdır. Bu çay davamlı olaraq istifadə edilən zaman xolestrolun balansı normal səviyyədə olur. Hamiləlik dövründə səhər hiss edilən ürəkbulanmasının birinci dərmanı da məhz bu çayıdır.
Şirniyyatlarda da istifadə edə bilərsiniz. Bir neçə portağal qabığını rəndələyib keks və tortlara əlavə edərək şirniyyatlara gözəl dad və qoxu verə bilərsiniz.
Bu qabıqlarla mürəbbə bişirin. İki kasa portağal qabığını suda bişirin. Suyunu süzün. 3 stəkan şəkər tozunu 1 stəkan su ilə qarışdırıb qaynadın, daha sonra portağal qabıqlarını da əlavə edin. 15 dəqiqə bişirin. 1- 2 ədəd portağalın şirəsini, bir az limon duzu əlavə edib daha 5- 10 dəqiqə bişirin.
Otaq qoxusu hazırlayın.
Portağal qabığını darçınla, mixəklə qarışdırıb tavada qoxusu çıxana qədər qovurun. Sonra bu qarışığı qəşəng bir boşqaba töküb salona gətirin və şamların üzərinə yerləşdirin. Həmçinin qabıqlarını istilik sistemlərinin, ya da sobanın üstünə qoyub otaq qoxusunu dəyişə bilərsiniz. İstiliklə birlikdə portağalın unudulmaz qoxusu evə yayılacaq.
Dərinizi təmizləyə bilərsiniz.
Payız və qış aylarında quruyan dərinizi təmizləyib nəmləndirmək üçün portağal qabığından istifadə edə bilərsiniz. Portağal qabığının tərkibində olan kalium, zülal, B və E vitaminləri dəri üçün çox faydalıdır. Portağal qabığını rəndələyin və bir az şəkər tozu ilə qarışdırıb üz və ya boyun bölgəsinə çəkin. Masaj edin. Daha sonra ilıq su ilə durulanın.
Dəriyə qulluq üçün ev şəraitində kimyəvi qatqısı olmayan vasitələr hazırlaya bilərsiniz. Bir kasaya 2 çay qaşığı rəndələnmiş portağal qabığı, qreyfurt qabığı və iki xörəkm qaşığı bal qoyub qarışdırın. Qarışığı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Bu maska qüsursuz və təmiz dəri üçün inanılmaz faydaları olan qarışıqdır.
Qabyuyan maşında istifadə edin. Qabyuyan maşından gələn pis qoxuları aradan qaldırmaq və kirəcləşmənin qarşısını almaq üçün çəngəl-bıçaq bölməsinə 2-3 ədəd portağalın qabığını qoyun. Qablar yuyulduqdan sonra qabyuyanın qapağını açanda burnunuza xoş qoxular gələcək.