İribuynuzlu xəstəlikləri

Qaramalın Plevropnevmoniyasi

aqroexpertXəstəlik, krupoz pnevmoniya və plevritlə keçərək sonrakı mərhələlərdə ağciyərlərdə anemiyalı nekrozlar əmələ gəlməsi ilə nəticələnir.
Törədicisi. Kok, sap, budaqlanan və ulduzlu polimorf, aerob, qrammənfi mikroblardır.
Bakterial süzgəclərdən keçir, hərəkətsizdir, mikoplazmalar qlükoza və qan serumu əlavə edilmiş marten aqarında yaxşı boy verir. Bərk elektiv qidalı mühitlərdə amil mərkəzi qabarıq koloniyalar yaradır, maye qidalı mühitlərdə zəif bulanma və mühitin üzərində zərif pərdə əmələ gətirir.
Epizootoloji məlumat. Qaramal həssasdır. Xroniki xəstə heyvanlarda xəstəliyin tipik əlamətləri görünmədiyi üçün çox təhlükəlidirlər. Yoluxma xəstələrlə sağlamlar birgə saxlandıqda hətta qısamüddətli kontakdan sonra belə baş verə bilir. Törədici xəstənin ifrazat və eksudatlarının tərkibində ətrafa çıxarılır. Mikrob kapsula içərisinə alınmış ağ ciyər ocaqlarında uzun müddət (14 aya kimi) sağ qala bilər. QPP-nın epizootiyası illərlə davam edə bilər.
Klinik əlamətləri. İnkubasiya dövrü 2-4 həftədir. İldırımvari, iti, yarımiti və xroniki, həmçinin atipik gedişli formaları vardır.
İldırımvari gediş zamanı plevra və ya ağciyər zədələnir, tənəffüs çətinləşir, fasiləli olur, öskürək başlayır. İştaha kəsilir, gövşəmə olmur, diareya inkişaf edir. Heyvan xəstəliyin 2-8-ci günlərində ölür.
İti gediş zamanı öskürək və bədən temperaturunun nisbətən yüksəlməsi qeyd edilir. Sonra temperatura 42°C-dək yüksəlir. Hərarət daimi xarakterlidir. Tənəffüs tezləşir və səthidir, ürək vurğuları zəifləyir. Heyvanın ümumi vəziyyəti ağırlaşır, öskürək əvvəlcə quru, qısa, ağrılı, sonra isə küt, güclü və nəm olur. Burun dəliklərindən axıntı çoxalır. Ağciyərlər adətən birtərəfli iltihablaşır, bəzən ikitərəfli pnevmoniya inkişaf edir. Döş qəfəsinin aşağı tərəfində və ətrafında şiş əmələ gəlir. Əvvəlcə yaranan qəbizlik sonradan ishala keçir. Xəstə heyvanlar 14-28 günə ölürlər (ölüm 70%-dəkdir)
Bəzən xəstəlik yarımiti və xroniki xarakterli olur. Tam sağalma adətən olmur. Öskürək zamanı irinli kütlə xaric olur. Xroniki xəstələrin əksəriyyəti ölür və ya ət kəsiminə verilir.
Xəstəliyin atipik forması qısamüddətli hərarət, zəiflik, iştahın pozulması və ötəri öskürək ilə keçir. 6 aylıq buzovlarda artritlər qeyd olunur.
Patoloji-anatomik dəyişikliklər. Çox zaman ağciyərlərin arxa və orta paylarında proses gedir. Pozulmuş sahələr ağciyərlərin səthindən yuxarı qalxır, bərkiyir. Kəsildikdə müxtəlif dərəcəli hepatizasiya aşkar olunur. Ağciyərlərin parçalanması, birləşdirici toxuma əmələ gəlmələri (qırmızı-sarı rəngli) ilə dolur və bunlarda böyümüş limfa düyünləri görünür, bu mənzərə mərmər bənzəyişli olduğu üçün böyük diaqnostik əhəmiyyət daşıyır. Sonrakı mərhələlərdə sekvestrlər-ətrafı birləşdirici toxumdan ibarət kapsula ilə əhatələnmiş ölü toxuma sahələri əmələ gəlir. Çox vaxt plevra iltihablaşır və proses inkişaf etdikcə, onların arasında birləşmə gedir. Döş boşluğunun limfa düyünləri şişkinləşir, nekroz ocaqları ilə dolur.
Diaqnozu. Diaqnoz epizootoloji məlumatlara (ancaq qaramal xəstələnir, inkubasiya dövrü çox uzun olur, epizootiya zəif inkişaf edir), klinik əlamətlərə (pnevmoniya, plevrit), patoloji-anatomik dəyişikliklərə (ağciyərlərin, plevranın xarakterik dəyişiklikləri, sekvestrlərin olması) və laboratoriya müayinələrinin nəticələrinə əsasən (bioloji sınaq, bakterioloji müayinə) qoyulur.
Təfriqi diaqnoz. QPP pasterellyozdan, exinokokkozdan, qeyri-yoluxucu krupoz pnevmoniyadan fərqləndirmək lazımdır.
Müalicə. Xəstəliyin yayılması çox təhlükəli olduğundan xəstə heyvanların müalicəsinə icazə verilmir. Onlar öldürülməlidirlər.
Profilaktika və mübarizə tədbirləri. Azərbaycan QPP üzrə sağlam ölkədir. Əsas diqqət xəstəliyin kənardan gətirilməsinin qarşısının alınmasına yönəldilməlidir. Bununla əlaqədar olaraq damazlıq heyvanların QPP ilə qeyri-sağlam ölkələrdən gətirilməsi qadağan edilməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: