Qida zənciri və mərhələləri

Qida zənciri nədir?

Qida zənciri – qidanın və inqridientlərin ilkin istehsaldan istehlakına qədər olan, istehsal, proses, çatdırılma, saxlanma və qablaşdırma kimi ardıcıl işlər və pillələrdir.

İnsanların sağlam yaşamaları üçün düzgün qidalanma vacib şərtlərdən biridir. İstehsal, tədarük və istehlakda qida məhsullarından səmərəli və qənaətli istifadə olunmaması nəticəsində qida qıtlığı yaranır ki, bu da istehlakçı bazarına sintetik əsaslarla hazırlanmış məhsulların daxil olmasına imkan yaradır. Yetərli miqdarda və balanslı qaydada təhlükəsiz və keyfiyyətli qida qəbul etmək hər bir fərdin ən təməl hüquqlarından biridir.

Qidalar ilkin istehsaldan (ferma və tarla) istehlakçıya qədər hər mərhələdə onların təhlükəsizliyini poza biləcək amillərlə qarşılaşırlar. İlkin istehsal zamanı istifadə olunan aqrokimyəvi maddələr, pestisidlər, heyvan sağlamlığı üçün istifadə olunan dərman və preparatlar, qida üçün əlavə qatqılar insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu baxımdan Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) 2000-ci ildə başladığı “Tarladan süfrəyədək qida təhlükəsizliyi” yanaşması, qidaların süfrəyə gətirilənədək olan bütün mərhələlərdəki əməliyyatları və izlənilməni özündə ehtiva edir. Başqa sözlə, müasir dünyada qida məhsulları ilə əlaqədar ən vacib problemlərdən biri olan qida təhlükəsizliyi sağlam qida əldə etmək üçün qidaların istehsaldan istehlaka kimi bütün qida zənciri mərhələlərində müvafiq qaydalara riayət edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi kimi başa düşülür.

qida zənciri

Qida təhlükəsizliyi – qida məhsulunun yetişdirilmə, yığım, emal, paketləmə, saxlanma, daşınma, paylanma, satış və istehlak mərhələlərində insan sağlamlığına zərərli ola biləcək hər növ amildən qorunması üçün planlaşdırılmış əməliyyatlardan ibarət bir sistemdir. Qida təhlükəsizliyinə mənfi təsir edən amillər bioloji, kimyəvi və fiziki çirklənmələr və istehsal zamanı yol verilən xətalı əməliyyatlardan qaynaqlanır. Bu baxımdan “qida təhlükəsizliyi” qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən hər bir fərdin öz vəzifələrini düzgün icra etməsi ilə təmin oluna bilər.

Qida zənciri mərhələləri

İlkin istehsal (tarla və ferma)

İşçilər qidanın yetişdirilməsi, toplanması, sortlaşdırılması, paketlənməsi və saxlanılması üçün təhlükəsiz metodlardan istifadə etməklə, yarana biləcək təhlükələri minimuma endirməlidirlər.

İstehsal

İstehsalçılar müvafiq sanitariya-gigiyena norma və qaydalarına riayət edərək, düzgün və təhlükəsiz istehsal metodlarından istifadəni, həmçinin işçi heyətinin mütəmadi maariflənməsini təmin etməlidir. Bu yolla yarana biləcək təhlükələrin qarşısını almalı, yaxud da minimuma endirməlidirlər.

Daşınma və saxlanma

Qida məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və konteynerlər təmiz olmalı, daşınılan məhsulun növündən asılı olaraq müvafiq daşınma qaydalarına uyğun təchiz edilməlidir. Saxlanma zamanı çarpaz çirklənmə və məhsullarda mikroorqanizm inkişafına mane olmaq məqsədilə, müvafiq sanitariya-gigiyena norma və qaydalarına riayət etməklə mal qonşuluğu və uyğun mühitdə saxlanma təmin edilməlidir.

Satış

Müəssisə sahibi və işçilər əməliyyatları yerinə yetirərkən müvafiq norma və qaydalara uyğun olaraq, qida zəhərlənmələrinin qarşısını alacaq tədbirləri icra etməlidir. Mal qonşuluğu və uyğun mühitdə saxlanmanı təmin etməlidirlər.

İstehlakçı məsuliyyəti

Qida zəhərlənmələrinin qarşısını almaq üçün istehlakçılar hər bir məhsulu müvafiq qaydada saxlamalı və emal etməli, bu zaman çiy və bişmiş (və ya qəbul üçün hazır) qida məhsullarını bir-birindən ayırmalı, onları emal etmək üçün fərqli (ayrılmış və işarələnmiş) ləvazimatlardan istifadə etməli, saxlanma zamanı mal qonşuluğu və uyğun mühitdə mühafizə qaydalarına riayət etməlidirlər.

Mənbə: http://afsa.gov.az/az/info/food_chain

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!