Revmatizmanın dərmanı olan Meymun alması

Azərbaycana Avropadan gətirilən, meymun alması ağacı (digər adlar – Adəm alması, maklyura) adlanan bəzək ağacı Bakı və digər rayonların parklarında tez-tez rast gəlinir.

Ağacın özü oksigen hasil etməsinə görə çox faydalı ağacdır. Bu ağacın yaşıl yumru meyvələri olur. Meyvəsi yeyilmir. Yeyilmədiyinə görə də payızda yetişib düşür və torpaqda çürüyür.

agroexpert.az meymun alması

Məlumatlı insanlar məhz payızda bu ağacın meyvəsinin yetişməyini gözləyir. Çünki bu meyvələr təbii dərman vasitəsi kimi istifadə olunur. Ağacı tikanlı olduğu üçün meyvələri dərmək çox da asan deyil.

Xalq arasında əsasən meymunalması kimi tanınan bu meyvə insan orqanizmində bir çox xəstəliklər üçün faydalı vasitədir. Qabığı portağaldan daha qabarıq və çopur olan bu meyvənin qoxusu da elə sitrus meyvələrin qoxusuna bənzəyir. İçi süt kimi suludur. Oktyabr və noyabr aylarında istifadə edilə bilər.

Meymun alması alkaloid, qlikozit(qlükoza molekullarından ibarət olan birləşmələrə verilən ad), şəkər, asit turşuları, qətranlı maddələrlə zəngindir. Həmçinin meyvədə bol C vitamini də var.

Bu meyvələr yeyilməsə də, lakin bir çox insanlar tərəfindən istifadə olunur. Vətəni Amerika olan bu meyvədən başqa-başqa xəstəliklər üçün məlhəm hazırlanır.

Dərman məhlulunun və kreminin hazırlanması

Bir çox xəstəliklərdən yaranan ağrıları və dəri xəstəliklərini müalicə edən məhlulun hazırlanması üçün sizə 2-3 ədəd meymun alması lazımdır.

Meyvələri kub formasında doğranıb ətçəkən maşınından keçirilir. Bankaya yığılıb, üzərinə çıxana qədər tibbi spirt əlavə edilir. Qapağı bağlanıb, qaranlıq, sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra məhlul süzülür.

Həftədə 2-3 dəfə ağrıyan yerə çəkilərək üzərindən isti bağlanılır. Dərinin yanmamasına diqqət edin. Dəri xəstəliklərində istifadə edilərkən yalnız lazım olan hissəyə çəkilir və yuyulmur.

Bundan əlavə bu meyvələrdən krem də hazırlamaq mümkündür.

2-3 meyvə əzilir şüşə qaba aralarına kərə yağı əlavə etməklə qat-qat yığılır. İki həftə isti yerdə saxlanılır. Sonra qarışdırılaraq blenderlə əzilir və maz halına gətirilir.

Meymun alması aşağıdakı xəstəliklərə faydalıdır

Meymun almasından hazırlanmış məhlul və kremlər revmatizm, sümük, radikulit, diz, bel ağrıları, əzələ və oynaq ağrıları, artroz, artrit ağrılarında istifadə olunur. Həmçinin dəri xəstəlikləri – dermatit, ekzema, dəridə xora və yaralarda yenə də dəriyə xaricən tətbiq olunmaqla istifadə edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!